• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Quba sakini Mövlud Əliyev: “Azərişıq” mənə dəyən ziyanı ödəməmək üçün hər yola əl atır…”



Mövlud Əliyev: “Əgər “Azərişıq”ın əməkdaşı təqsirli bilinsə, ziyanı da onlar ödəməlidir”

Quba sakini Mövlud Əliyev məhkəmə və ekspertizadan narazıdır. O iddia edir ki, məhkəmə ekspertiza ilə əlbir olub, onu süründürməklə məşğuldur. Onun sözlərinə görə, iki ilə yaxındır araşdırma adıyla proses yubadılır.

“Üç dəfə ekspertiza rəy verib, bununla kifayətlənmirlər”

Mövlud Əliyevin şikayətləndiyi proses Quba Rayon Məhkəməsində davam edir. Söhbət şikayətçinin başqa bir dostu Elçin Orucovla birlikdə 11 il icarə əsasında işlətdiyi ərzaq mağazasında yanğınla bağlı araşdırmalardan gedir. Hadisə 2020-ci il dekabrın 26-da baş versə də, hələ məsələ ilə bağlı yekun qərar verilməyib.

Quba sakininin sözlərinə görə, yanğının səbəblərini müəyyənləşdirmək üçün uzun müddət istintaq gedib, məhkəmə də bir ilə yaxındır davam edir:

“Quba Rayon Məhkəməsində bu işə əvvəl bir hakim baxırdı. Sonra işi ikinci hakimə – Rahim Həsənova verdilər. O da işi uzada-uzada gedir. Təsəvvür edin, üç dəfə ekspertiza təyin olunub, rəy alınıb, bunlara kifayət eləmir. Dördüncü ekspertizanı da təyin elədilər. Məhkəmə Ekspertiza İdarəsi də bir aydan çoxdur rəy vermir, orada da işi yubadırlar…”

Yanğına görə “Azərişıq” əməkdaşı ittiham olunur

Yanğınla əlaqədar “Azərişıq” ASC-nin Şimal Regional Enerji Təchizatı və Satışı İdarəsinin Quba Elektrik Şəbəkəsinin baş mühəndisi Kamran Babayev cinayət məsuliyyətinə cəlb olunub. O, Cinayət Məcəlləsinin 314.2 (səhlənkarlıq, ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda) maddəsilə ittiham edilir.

İstintaq belə nəticəyə gəlib ki, Kamran Babayev “elektrik şəbəkələri əməkdaşlarının vəzifə təlimatı”, “rayon elektrik şəbəkəsinin baş mühəndisinin vəzifə təlimatı”nın tələblərini pozub. O, eletrik avadanlıqlarının saz vəziyyətdə olmasını yoxlamalıydı, hava xətlərinə baxış keçirməliydi, məsul olduğu sahədəki bina və qurğuların vəziyyətinə nəzarət etməli, vaxtında nasazlıq aktları tərtib etməliydi. Lakin bunları etməyib.

Nəticədə mağazanın üstündən keçən Quba Elektrik Şəbəkəsinin balansında olan 6 kv-luq hava xəttinin naqili qırılıb, mağazanın damının kənarına vurulmuş dəmir təbəqənin üstünə düşüb. Bu zaman əmələ gəlmiş qapanmanın təsirindən yaranan qığılcımların mağazanın içindəki yanar materialların (yağların) üstünə düşüb və yanğın baş verib.

İstintaqın qənaətinə görə, nəticədə mağazanın icarədarı Mövlud Əliyevə 75 min 935 manat ziyan dəyib.

“Ədliyyə Nazirliyinə təsir göstərirlər…”

“İki dəfə ekspertiza rəy verib ki, hadisə “Azərişıq”ın günahı üzündən baş verib. Bununla kifayətlənmədilər, martda üçüncü ekspertizanı təyin elədi məhkəmə. Üçüncü ekspertiza iyunun 16-da rəy verdi ki, yanğının səbəblərilə bağlı məhkəmənin qoyduğu suallara cavab verə bilmək üçün tədqiqat aparmaq mümkün deyil. Çünki artıq yanğının nəticələri aradan qaldırılıb, əvvəlki vəziyyət dəyişib, ona görə ekspertiza rəy verə bilmir”, – şikayətçi belə deyir.

Bundan sonra məhkəmədə prokuror vəsatət verib ki, kompleks məhkəmə yanğın-texniki ekspertizası keçirilsin. Təqsirləndirilən “Azərişıq” əməkdaşı və onun vəkilləri də bu vəsatəti dəstəkləyib. İyulun 14-də növbəti dəfə ekspertiza təyin olunub.

Şikayətçi hesab edir ki, növbəti dəfə ekspertiza təyin etməkdə məqsəd fərqli rəy alıb, “Azərişıq”ı məsuliyyətdən kənarda saxlamaqdır:

“Əgər “Azərişıq”ın əməkdaşı təqsirli bilinsə, ona nə cəza verilməsindən asılı olmayaraq, məsuliyyət bu qurumun üzərində qalır, dəymiş ziyanı onlar ödəməlidir. “Azərişıq” da ziyanı ödəmək istəmir. Bu səbəbdən məsuliyyətdən yayınmaq, mənə dəyən ziyanı verməmək üçün hər yola əl atırlar. Ədliyyə Nazirliyinə və qurumun tabeliyində olan Ekspertiza Mərkəzinə təsir göstərirlər…”, – Mövlud Əliyev bildirib.

“Azərişıq” əməkdaşı və Ədliyyə Nazirliyi nə deyir?

1990-cı ildən Quba Elektrik Şəbəkəsində müxtəlif vəzifələrdə işləmiş Kamran Babayev isə hesab edir ki, yanğın mağazanın içində baş vermiş qısaqapanma nəticəsində olub. O, elektrik naqilinin qırılması və düşən qığılcımdan yanğın baş verməsi haqda rəylə razılaşmır.

58 yaşlı Kamran Babayev təqsirləndirilən şəxs qismində tanınsa da, həbsdə deyil.

Məhkəmə qərarı

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Meydan TV-yə bildirilib ki, bu iş üzrə öncə Fövqəlada Hallar Nazirliyinin, ardınca Quba Rayon Prokurorluğunun, daha sonra Quba Rayon Məhkəməsinin qərarları əsasında ilkin və əlavə məhkəmə yanğın-texniki ekspertizaları təyin edilib. 2021-ci ilin aprel və sentyabr aylarında, həmçinin 2022-ci ilin iyun ayında ekspert rəyləri verilib.

“Sonuncu dəfə Quba Rayon Məhkəməsinin 14 iyul 2022-ci il tarixli qərarı ilə iş üzrə əlavə məhkəmə yanğın-texniki ekspertizası təyin edilmiş. İş materialları Ekspertiza Mərkəzinə avqustun 2-də daxil olub. Ekspertin müstəqilliyi prinsipinə riayət etməklə, ekspertizanın qanunla nəzərdə tutulmuş müddətdə aparılması və ekspert rəyinin verilməsi təmin olunacaq”, – Ədliyyə Nazirliyindən belə deyilib.

ƏN ÇOX OXUNANLAR

0.26531195640564