• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Baş prokuror “Tərtər işi” üzrə 19 nəfərin barəsində hökmlərə yenidən baxılmasına TƏŞƏBBÜS GÖSTƏRİR



Baş prokuror Kamran Əliyev Tərtər işi üzrə mühakimə olunmuş 19 nəfərin barəsində hökmlərə yenidən baxılması üçün Ali Məhkəmənin plenumuna müraciət edib. Bu barədə Baş Prokurorluğun 5 sentyabr tarixli məlumatında deyilir.

Eyni zamanda, Baş Prokurorluq “Tərtər işi”ndə işgəncə faktları ilə bağlı yeni həbs olunanların olduğunu bildirib.

16 dekabr 2021-ci il tarixində “Tərtər işi” üzrə istintaqın yenilənməsindən sonra müəyyən edilib ki, daha 288 nəfərə qarşı qanunsuz hərəkətlər törədilib və onlar zərərçəkmiş hesab ediliblər, məlumatda bildirilir.

Beləliklə, zərərçəkmişlərin ümumi sayı 405-ə çatıb.

Yeni istintaq zamanı vəfat etmiş Təmkin Nizamioğlunun cəsədinin eksqumasiyası aparılıb. Məhkəmə-tibb ekspertizası onun ölümünün işgəncə nəticəsində baş verdiyini təsdiqləyib.

Bundan əlavə, istintaqda zabitlər Bəkir Orucov və Ramil Əhmədovun ayrı-ayrı hərbi qulluqçulara qarşı işgəncələr tətbiq etməsi və onları qanunsuz olaraq azadlıqdan məhrum etməsilə bağlı ciddi şübhələr yaranıb.

Onlara qarşı Cinayət Məcəlləsinin 126.3 (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurma), 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.3 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma) və 341.2.3-cü maddələrilə ittiham irəli sürülüb.

Həmçinin həmin maddələrlə Rahib Məmmədova qarşı ittiham irəli sürülüb. Onların üçü də həbs olunub. Onlar Beyləqan korpusunda məsul vəzifələr tutublar. Belə ki, Orucov qərargah rəisi, Əhmədov isə hüquqşünas olub. Sonralar Orucov Azərbaycan Müdafiə Nazirliyinin İdeoloji İş İdarəsinin rəisi vəzifəsinə yüksəlib, ötən həftə isə bu posta ikən həbs edilib.

Baş Prokurorluq bildirir ki, artıq mühakimə olunmuş Qurban Cümşüdov və Cavid Ağadadaşov da işgəncələrin törədilməsində günahkardır. Onlara qarşı yuxarıda qeyd olunan maddələr üzrə ittiham irəli sürülüb.

Beləliklə, istintaqın yenilənməsindən sonra 17 nəfər müxtəlif maddələr üzrə cinayət məsuliyyətinə cəlb edilib. 12 nəfər həbs olunub, bir nəfərin barəsində axtarış elan edilib, 4 nəfər isə başqa işlər üzrə həbs cəzası çəkir.

Dövlətə xəyanət ittihamı ilə həbs edilmiş, lakin digər ittihamlarla məhkum olunmuş 26 hərbçidən 19-u bəraət alıb.

Daha 7 nəfərin barəsində cinayət təqibinə bəraətverici əsaslarla xitam verilib.

Bundan əlavə, istintaq zamanı vəfat etmiş Mehman Hüseynov və Elxan Ağazadənin barəsində cinayət işlərinə xitam verilməsi haqqında qərarlar ləğv edilib. Cinayət təqibinin əsassız olması səbəbindən işlərin bağlanacağı gözlənilir.

Yeni hallarla əlaqədar baş prokuror dövlətə xəyanət ittihamı ilə üç cinayət işi üzrə mühakimə edilmiş 19 nəfərin barəsində hökmlərə yenidən baxılması üçün Ali Məhkəmənin plenumuna müraciət ünvanlayıb.

İstintaqın gedişi barədə ictimaiyyətə məlumat veriləcək, məlumatda deyilir.

Qeyd edək ki, “Tərtər işi” üzrə dövlətə xəyanət və digər hərbi cinayətlərə dair ittihamlarla mühakimə olunmuşların ailə üzvləri uzun illər hökmlərə yenidən baxılmasına nail olmağa çalışıblar.

Görünür, “Tərtər işi” ndə yeni dönüş başlayır. (Turan)

ƏN ÇOX OXUNANLAR

0.084755897521973