• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

"Deyirdi üçrəngli bayraqla qayıdacağam, tabutu nəzərdə tutduğunu bilmirdim" - "Yaşma" şəhidinin baş çavuş xanımı



Vətən Müharibəsinin ilk həftəsində şəhid olanlardan biri də Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının giziri Mayis Səmədovdur.

Baki.Media xatırladır ki, Səmədov Mayis Şadıbəy oğlu 1977-ci ildə iyulun 28-i Xaçmaz rayonunun Qadaşoba kəndində anadan olub. 19 il hərbidə xidmət edən M.Səmədov Daxili Qoşunların Xüsusi Təyinatlı Dəstənin yarımqrup komandirinin baş istehkamçı giziri olub.

O, 2020-ci ilin 5 oktyabrında Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Sağ ikən 3 medal almış M.Səmədov şəhid olduqdan sonra “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

Baki.Media şəhidimizin həyat yoldaşı Ruhiyyə Səmədova ilə söhbətləşib.

- Ruhiyyə xanım, Mayis bəy xasiyyətcə necə biri idi?

 - O, xarici görünüşdən çox zəhmli idi. Kənardan olduqca ciddi və zəhmli görünsə də, əslində, sadə, səmimi, gülərüz və mehriban biri idi. Hərbçi yoldaşları ilə də, ailədə də beləcə gülərüz və mehriban idi. Həm də çox xeyirxah biri idi.

Yoldaşımın ən üstün cəhəti hədsiz dərəcədə vətənpərvər olması idi. Onun üçün vətən hər şeydən öndə gəirdi. Bu da özünü onda göstərir ki, təqaüd yaşında könüllü müharibəyə yollandı. Həmçinin doğulduğu yeri hədsiz dərəcədə çox sevirdi. Həmişə öz kəndində əkinçiliklə məşğul olurdu. Mənə həmişə deyirlər ki, siz niyə Sumqayıtda yaşaya-yaşaya yoldaşınızı burada Şəhidlər Xiyabanında dəfn etmədiniz. Deyirlər, belə olsa, gedib-gəlmək sənin üçün rahat olardı. O, doğulduğu yeri o qədər çox istəyirdi ki, düşündüm, özü də Xaçmazda dəfn olunmaq istəyərdi. Xaçmazın Şəhidlər Xiyabanında məqbərəsi olsa da, dəfni doğulduğu yerdə olub.

- Müharibəyə gedəcəyini əvvəlcədən sizə demişdimi?

- O bu barədə mənə heç nə deməmişdi. Heç vaxt öz işi ilə bağlı olan məsələləri evdə danışmırdı. Mən də həmişə buna görə narahat olurdum. Həmişə gizli və qapalı biri idi. Əsl hərbçi necə xüsusiyyətə malikdirsə, o da elə idi. Həmişə ondan nəsə öyrənməyə çalışırdım, amma bu, mümkün olmurdu. Müharibəyə gedəcəyini isə ancaq sətiraltı sözlərlə deyirdi. Bir kəlmə də olsa, açıq-aşkar könüllü yazılmışam gedirəm, qayıtmaya da bilərəm və s. deməmişdi. Sadəcə, onu bilirdim ki, vəziyyət gərgindir, hərbi təlim keçirilir. Biz - hərbçi yoldaşları həmişə öyrəşmişik ki, onlar təlimdə olurlar. Ona görə də hərbi təlimlərə getmələri bizim üçün adi bir şey idi. Elə bilirdim ki, bu da o təlimlərdən biridir. O öz hisslərini bölüşməsə də, üstüörtülü deyirdi ki, gedirəm, bu dəfə başqa cür, qəhrəman kimi gedirəm. Qayıdanda üçrəngli bayraq mənim üzərimdə olacaq. Heç cür ağlım qəbul etmirdi ki, bizdə müharibə ola bilər, o gedər və qayıtmaya bilər. Bunları təsəvvürümə gətirə bilmirdim.

Hərbi xidmətdə sonuncu ili idi, şəhidlik zirvəsinə ucaldı. Təqaüdə çıxmağına 7 ay qalmışdı. Müharibəyə getməyə də bilərdi, amma özü könüllü olaraq döyüşə yollandı.

- Sonuncu görüşünüzü necə xatırlayırsınız? Onda da heç nə demədi?

- Axırıncı dəfə müharibəyə getməzdən bir gün əvvəl sentyabrın 25-i mənim ad günüm idi. Tort alıb gətirmişdi. Uşaqlarla birgə hamımız qeyd etdik. İndi anlayıram ki, o, əslində, hər şeyi deyibmiş, amma mən başa düşməmişəm. Demişdi ki, biz hamımız bir qəhrəmanıq, gedib dönməyə bilərik. Hətta evə yeni əşya da almışdı.  Deyirdi ki, birdən nə isə olsa, evdə bu əşya yoxdur, sənə lazım ola bilər. Mən də təəccüblənirdim ki, bunu niyə alıb, nəyimizə lazımdır?! Sən demə, o artıq hər şeydən məlumatlı imiş. Bilirmiş ki, dönüşü yoxdur.

- Döyüşlərə də Daxili Qoşunların tərkibində yollanmışdı?

- Müharibədən əvvəl hərbi təlimlərə getmişdi. Təlimdən sonra Daxili Qoşunlardan seçilərək “Yaşma”ya əlavə ediblər.

Müharibə başlayanda Daxili Qoşunların 300 nəfəri “Yaşma” qrupu ilə ən öndə gedib. Onlardan da biri Mayis idi. Onlar bilirdi ki, ilk irəli gedənlərdəndirsə, 99 faiz geriyə dönüş yoxdur, şəhid ola bilərlər. O, son günlərdə tez-tez “üçrəngli bayraqla gələcəyəm” deyəndə, elə bilirdim, bayraq əlində gəlməyi nəzərdə tutur. Daha bilmirdim ki, tabutun üzərinə qoyulan üçrəngli bayrağı nəzərdə tutur.

Müharibəyə yollanmazdan əvvəl dostları ilə görüşmüşdülər. Yəqin ki, onda bir-birlərinə ürək sözlərini deyiblər. Həmin görüşdən gələndə bir az gec idi, uşaqlar yatmışdı. Onları oyatdı, bir az söhbət elədi. Sən demə, sağollaşırmış. Onda da demişdi ki, biz hamımız bir qəhrəmanıq. Mənə deyirdi ki, sən məni heç vaxt yaddan çıxarmayacaqsan, qəhrəmanlar cərgəsində olacağam.

- Həyat yoldaşınızla tanışlığınız barədə bir az danışardınız.

- Mən özüm də həm hərbçi, həm tibb bacısı olmuşam. Tanışlığımız Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının N saylı hospitalında işlədiyim zaman olub. O bizim Terapiya şöbəsində xəstəmiz olub. Tanışlığımız da bu cür yaranıb. Daha sonra ailələrimizin də razılığı ilə evləndik. 16 il ailəli olmuşuq. Mayis şəhid olduqdan sonra yenidən ehtiyatdan Daxili Qoşunlara işə qayıtmışam. Hazırda da fizoterapiya sahəsi üzrə tibb bacısı kimi fəaliyyətimi davam etdirirəm.

- Bildiyim qədərilə bir qızınız, bir oğlunuz var. Həyat yoldaşınızı Vətən uğrunda itirmiş bir Azərbaycan qadını kimi oğlunuzun da hərbidə olmasını istəyərsinizmi?

- Onlar üçün çox çətindir, çünki yeniyetmə yaşındadırlar və atalarını torpağa tapşıranda gözləri ilə görüblər. Atasının dediyi o üçrəngli bayraq da oğluna təqdim olunub.

Mayis oğlunun polis olmağını istəyirdi. O da atası ilə həmfikir idi. Qismət, baxıb görəcəyik. Qızım isə 3-cü ixtisas qrupunu istəyir. Həmin fənləri də çox yaxşı bilir. Bu qrupdakı ixtisasları bəyənir. Amma hələ konkret qərar verməyib.

Atasını belə xatırlayır ki, nə istəyirdisə, alırdı. Ən çox da ad günlərində sürprizlər hazırlayırdı. İndi atasının aldığı hədiyyələri öz otağında əzizləyə-əzizləyə saxlayır.

Oğlumdan danışmışkən, Mayis vəsiyyəti də oğluna edib. Deyib ki, mən gedəndən sonra ev-eşik, hər şey sənə əmanətdir. Atasından bu sözləri eşidəndə 12 yaşı var idi. Deyib ki, məndən sonra bu evin kişisi sənsən.

- Bu gün sizə onun yoxluğunda təsəlli verən nədir?

- Övladları və yoldaşımın əmanət anası.

- Uzun illər hərbidə xidmət etmiş, təcrübəli şəxslərin adətən bir ləqəbi olur. Bəs Mayis bəyin hərbidə bir ləqəbi var idimi?

- Mayis milliyətcə ləzgidir. 42 yaşı olmasına baxmayaraq, özündən cavan oğlanların normativlərini verirdi. İdmanda bilikdə əla qiymətlər alırdı. Ona görə də Mayisə “ləzgi canavar” deyirdilər.

- Yoldaşınızın əslində, hərbi təlimə yox, müharibəyə getdiyini nə vaxt öyrəndiniz?

- Müharibə vaxtlarında Sumqayıtda özəl klinikalardan birində fizioterapiya şöbəsində işləyirdim. Müharibənin başladığını onda anladım ki, klinikaya gələnlər vəziyyətin çətin olduğunu deyirdilər və biz hərbçilərə başladıq yardım etməyə. Ancaq fikirləşirdim ki, Daxili Qoşunlar öndə olmaz. Amma yoldaşım “Yaşma” ilə birgə olduğuna görə ən öndə gedənlərdən imiş. Efirdə ilk azad edilən torpaqların adları açıqlananda başa düşdüm ki, təlim yox, müharibədir. Həm sevinirdim ki, 30 ildir işğalda olan torpaqlarımız azad edilir, həm də kədərlənirdim ki, birdən yoldaşıma nə isə olar.

- Deməli, müharibə vaxtı “Yaşma”da olmağını da bilmirdiniz?

- Yox. Sadəcə, müharibədən əvvəl təlimdən gətirdiyi formaya baxanda bir az tərəddüd içərisində qalmışdım. Dedim, axı bu, həmişə geyindiyi Daxili Qoşunlara aid forma deyil. Yoldaşım dedi ki, paltarları hazırla, biz sabah səhər tezdən çxırıq. Çoxlu paltarlar götürmüşdü. Çünki adətən lazım olanda bir-birlərinə forma verirdilər. Özü də təlimdən başqa bir paltarda gəlmişdi. Sonradan öyrəndim ki, o “Yaşma”ya götürülüb. Xüsusi bacarığına görə onu da seçiblər.

- Mayis Səmədovun hansı şəraitdə şəhid olması barədə sizdə məlumat varmı?

- Füzulidə ermənilərin istehkamları var idi. Ora çox çətin yer idi. Füzulidə çox şəhid vermişik. Həm də Mayisin əsgərliyi də Füzulidə olub.

Mən qazilərlə işləyirəm. Onlar yoldaşımı tanıyırdılar. Qızğın döyüşlərdə əsgərlər irəliyə gedəndə deyirmişlər ki, ayağımızın altında yumşaq şeylər dəyir. Yoldaşım onlara deyirmiş ki, aşağı baxmayın, baxsanız qorxacaqsınız, mənim arxamca gəlin.

Elə Füzuli döyüşləri zamanı şəhid oldu.

- Dediniz ki, siz də hərbidəsiniz. Bəs rütbəniz varmı?

- Subay vaxtı hərbidə işləmişəm. Hərbi Dəniz Donanmasında fəaliyyət göstərmişəm. Daha sonra isə özəl klinika və Daxili Qoşunlarda işləmişəm. Stajım çox olmasa da, fərqli yerlərdə çalışmışam.

2005-ci ildən baş çavuş rütbəsi almışam. Yoldaşım gizir olduğuna görə, mənim üçün ən yüksək rütbə odur. Ondan da yüksək rütbələr var, sadəcə, Mayis gizir olduğuna görə mən də gələcəkdə bu rütbəni almaq istəyərdim.

- Ailəvi fotolarınız nədənsə çox azdır. Hamınızın birgə olduğu fotolar yoxdurmu?

- Yoldaşım foto çəkdirməyi xoşlamazdı. Biz nadir hallarda doğum günlərində və s. birgə foto çəkdirirdik.

- Son olaraq əlavə etmək istədiyiniz nə isə varmı?

- İşlədiyim yerdə mükafatlar alıram. Minnətdarlığımı bildirirəm ki, onlar şəhid yoldaşına dəyər və diqqət göstərirlər.

Bir də şəhid ailələrinə məğrur olmağını arzu edirəm. Sentyabr şəhidlərinin yoldaşlarını, ailələrini, nişanlılarını görürəm. Hamımız eyni vəziyyətdəyik. Onlara dözümlü, səbirli və mərd olmalarını arzu edirəm. Özlərinə qapanmasınlar. Mən onların efirdə ağlayaraq müsahibə vermələrini istəməzdim. Çünki bizə düşmənlərimiz də baxır. Onlar baxıb sevinməsinlər. Mən özüm də dəfələrlə müsahibə verəndə pis olmuşam, amma özümü sıxıb saxlamışam, ağlamamışam. Düşünürəm ki, məğrur olmalıyıq.

Söhbətləşdi: Billurə Yunus

 

ƏN ÇOX OXUNANLAR

0.082138061523438