• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Siyavuş Novruzov: Sərhədlə bağlı qərarı Ermənistanla Azərbaycan qəbul edəcək, İran niyə özünü bu məsələlərə qatır?



Baki.Media deputat, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzovun APA-ya müsahibəsini təqdim edir:

- İran-Azərbaycan münasibətlərinin hazırkı vəziyyəti barədə fikirlərini bilmək istərdik...

- Azərbaycan tərəfindən İrana münasibət həmişə yaxşı olub. İstər Ümummilli Lider Heydər Əliyev, istərsə də Prezident İlham Əliyevin dövründə Azərbaycan dövləti İrana hörmətlə yanaşıb, heç vaxt bu ölkənin daxili işlərinə qarışmayıb, beynəlxalq aləmdə bu dövlətə qarşı qoyulan sanksiyaların heç birində iştirak etməyib.

Hətta Prezident İlham Əliyev qeyd etmişdi ki, Azərbaycan ərazindən İrana qarşı hər hansı hərbi məqsədlə istifadə edilə bilməz. Yəni Azərbaycan açıq şəkildə öz mövqeyini ortaya qoyub.

Əfsuslar olsun ki, xüsusən Vətən müharibəsi zamanı, daha sonra Zəngəzur dəhlizi ilə bağlı son dövrlər İranın Azərbaycana qarşı atdığı addımları, münasibəti qonşuluq münasibətləri kimi qiymətləndirmək olmaz. Vətən müharibəsi dövründə İran ərazisindən Ermənistana silah daşınırdı, bunun qarşısı alındı. Bu gün İran sərhədlərin dəyişə bilməyəcəyi barədə bəyanatlar verir. Söhbət Ermənistan-Azərbaycan sərhədlərindən gedir. Ermənistan və Azərbaycan qərar qəbul edəcək, hər hansı dövrdəki xəritə əsas götürülərək onun əsasında da iki dövlət arasında sərhədlər müəyyən olunacaq. Üçüncü dövlətə - o cümlədən İrana bunun nə aidiyyəti var ki, özünü bu məsələlərə qatır?

Digər tərəfdən, işğaldan azad olunmuş ərazilərdə quruculuq, abadlıq işləri aparılır, torpaqlar minalardan təmizlənir, paklar salınır, Füzuli və Zəngilanda beynəlxalq hava limanları açılıb. Hamıya da deyirik ki, yaradılan bu infrastrukturun imkanlarından istifadə edə bilərsiniz. Yəni biz orada hər hansı hərbi baza tikmirik, kimisə təhdid etmirik. Belə olan halda, ayın-günün belə bir vaxtında Arazın qırağında hərbi təlimlərin keçirilməsinə nə ehtiyac var? Başına yer qəhətdir? Get Fars körfəzində, Hind okeanında, Kiş adasında hərbi təhlükələrin qarşısının alınması üçün hərbi təlim keçir. Axı Azərbaycandan İrana hansı təhlükə var? Azərbaycandan İrana hər hansı təhlükə yoxdur, ola da bilməz. Bəs bu halda hansı təlimlərdən söhbət gedir ki, ağır texnikanı, topu, texnikanı ora yığırsan?! İranın Sərhəd Qoşunlarının, yüngül qoşun növlərinin təlimləri olsaydı, bunu haradasa başa düşmək olardı. Amma ağır texnikayla, raketlə, topla təlim keçirir. Aydındır ki, bu, güc nümayişidir. Azərbaycan heç vaxt İranın daxili işlərinə qarışmır, heç bir dövlətə də bizim daxili işlərimizə qarışmağa icazə vermirik.

- Yeri gəlmişkən, son vaxtlar İranla Ermənistan arasında hərbi əməkdaşlığın da aktivləşməsi meylləri müşahidə olunur. Hətta İran İslam İnqilabı Keşikçiləri Korpusunun keçmiş komandanı, İranın Ali Rəhbərinin hərbi məsələlər üzrə köməkçisi, general-mayor Yəhya Rəhim Səfəvi deyib ki, İrandan kamikadze-dron almaq istəyən ölkələr sırasında Ermənistan da var. Belə mesajları necə qiymətləndirmək olar?

- Bunun özü də bir qıcıq yaradır. Birincisi, bu gün Ermənistanın elə imkanı yoxdur ki, haradansa silah alsın. Guya Ermənistan Hindistan, İran kimi ölkələrin sayəsində silahlanmanı davam etdirəcək. Ermənistana vaxtilə Rusiyanın müəyyən dairələri tərəfindən verilmiş, dəyəri milyardlarla dollarlarla ölçülən silahlar vardı ki, İkinci Qarabağ müharibəsindən sonra artıq həmin silahlar yoxdur. Həmin silahların da bir hissəsi İkinci Qarabağ müharibəsi dövründə məhv edildi, digər qismi də Azərbaycanın qəhrəman əsgərləri tərəfindən ələ keçirildi. Artıq Ermənistanın illərlə yığdığı silah bazası tamamilə dağıdılıb. O cümlədən Ermənistan ordusu həm fiziki, həm mənəvi cəhətdən tam əldən düşüb.

Bu aspektdə bir məqamı da qeyd etmək istəyirəm. Hazırda Avropa İttifaqı Rusiyaya kamikadze-dron satdığına görə İrana yeni sanksiyalar tətbiq edir. Yəqin ki, yaxın vaxtlarda ABŞ Konqresində də bu məsələlər müzakirə olunacaq. Belə olan halda, hansı ölkələr İrandan silah almaqla bağlı müraciət edir? Dünyada silah satan ölkə çoxdur, pulu olan ölkələr silah ala bilər. Ancaq ölkələr keyfiyyətli silahlar almağa çalışırlar. Bu baxımdan Azərbaycanın silah aldığı ölkələr var. Bu ölkələr sırasında qardaş Türkiyə, İsrail, Pakistan, o cümlədən Rusiyanı göstərmək olar. Eyni zamanda Azərbaycan özü də silah istehsal edir.

- Cəmiyyətdə bəzən narahatlıqlar dilə gətirilir ki, İran Azərbaycanda “təriqət kartı”ndan istifadə edə biləcəyi yönündə mesajlar verir, Tehran buna cəhd edə bilər. Siz necə düşünürsünüz? İran Azərbaycana qarşı “təriqət kartı”ndan istifadə etməyə cəhd göstərə bilərmi?

- Azərbaycanda Quranın tələblərinə, peyğəmbərin sünnəsinə uyğun olaraq İslam dininə ən düzgün şəkildə itaət olunur. İstər dini ayinlərin yerinə yetirilməsi, istərsə də dini bayramların qeyd olunmasına həssas yanaşılır. Azərbaycanda son dövrlər nə qədər məscid tikilib, təmir olunub. Eyni zamanda Azərbaycan tolerant ölkədir. Azərbaycan dövləti, o cümlədən Heydər Əliyev Fondu tərəfindən dinlərarası, mədəniyyətlərarası dialoqun inkişafına töhfələr verilir, müxtəlif tədbirlər keçirilir. Dövlət başçısı tərəfindən müxtəlif dini konvessiyalara vəsaitlər ayrılır. Həm məscidlər, həm kilsələr, həm sinaqoqlar təmir olunur. Bu baxımdan Azərbaycan bir nümunədir, Azərbaycandan nümunə götürmək lazımdır. Ona görə də xaricdən Azərbaycana bu sahədə nəyisə təlqin etmək, ixrac etmək mümkün deyil. Azərbaycan vətəndaşları savadlı şəkildə dini qəbul edib, fəaliyyət göstərirlər.

- Yeri gəlmişkən, həm Vətən müharibəsi dövründə, hətta sonralar da cənub qonşumuz guya Azərbaycan ərazisində terrorçuların olduğunu iddia edirdi. Belə “axtarışlar”a münasibətiniz necədir?

- Baş prokuror Kamran Əliyev konkret olaraq İranda Azərbaycan tərəfindən haqlarında axtarış elan edilmiş, cinayətlər törətmiş 44 nəfərin olduğunu bildirdi. Bu şəxslər Azərbaycana ekstradisiya olunmalıdır. Mahir Cavadov da vaxtilə uzun müddət İran ərazisində fəaliyyət göstərdi. Əgər Azərbaycan ərazisində İranın axtardığı kimlərsə varsa, adını, soyadını bildirsin. Azərbaycan müxtəlif ölkələrə cinayətkarları ekstradisiya edib. İranın belə iddiası varsa, sübutlarını təqdim etməlidir.

- Azərbaycan-İran münasibətlərinin gələcəyini necə görürsünüz?

- Nə İran, nə də Azərbaycan bu torpaqlardan köçməyəcək. Ona görə də əlaqələr səmimi, beynəlxalq hüquq çərçivəsində, qarşılıqlı hörmət əsasında qurulmalı, yaxşı qonşuluq münasibətləri mövcud olmalıdır. Azərbaycan bəyan edib ki, yaratdığı Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərindən İran da istifadə edə bilər. O cümlədən yeni açılacaq Zəngəzur dəhlizindən də İran istifadə edə bilər. Ancaq münasibətlər səmimi olmalıdır.

ƏN ÇOX OXUNANLAR

0.16160607337952