• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

"FOND PULU": Məktəblərdə illərdir həllini tapmayan PROBLEM - VİDEO



Məktəblərdə valideynlərdən yığılan “fond pulu” yenə də narazılıqlara səbəb olub. Əsasən da votsap qruplarında Valideyn-Müəllim komitələri ilə valideynlər arasında üzvlük haqqının yığımına görə mübahisələr yaranıb.

Redaksiyamıza müraciət edən iki övladı məktəbə gedən Nərgiz Əliyeva (ad şərtidir) bildirib ki, hər ay məktəbə pul ödəməkdən cana gəlib: 

“İki övladım var, oğlum birinci sinifdə, qızım 5-ci sinifdə oxuyur. Siniflər üzrə qiymətlər müxtəlifdir. Elə sinif var, aya 3 manatdan, eləsi var 6 manat, bəzi siniflərdə isə 10 manatdan pul yığırlar. İlk vaxtlarda mən də həmin Valideyn-Müəllim Assosiasiyasına üzv idim, həmin valideynlərin də ayrıca votsap qrupları var, orada ayrıca müzakirələr aparırlar. 

Mən sonra özüm imtina etdim. Öyrəndim ki, pullar valideynlərdən yığılır, məktəbdə xadimənin, mühafizəçinin əmək haqqı həmin yığılan pullardan ödənilir. Düzdür, printer üçün kağızı da o pulla alırdıq. Məktəbdə projektoru oğurlamışdılar, onu da yığıb aldıq. Amma bu qədər də olmaz axı. Nəyə görə valideyn mühafizəçinin, ya da xadimənin pulunu verməlidir? 

Nə vaxta qədər məktəblərdə belə ”bazar" münasibəti olacaq? Uşağımı götürüb başqa məktəbə apara bilərəm, amma bütün məktəbləri soraqlamışam. Hər yerdə vəziyyət eynidir. Nə edək, Azərbaycandan gedəkmi? Adımın çəkilməsini də ona görə istəmirəm ki, müəllimə uşağımı sonradan sıxışdırmasın".

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov qeyd edib ki, pul yığan müəllimlərə sərt cəza tətbiq olunmalıdır: “Ümumiyyətlə qeyd etmək lazımdır ki, hər bir məktəbin maliyyələşməsi üçün dövlət büdcəsindən kifayət qədər vəsait sərf olunur. Təhsil sahəsi bir neçə milyard büdcəyə malikdir. Siz büdcəyə baxsanız orada hər məktəbə kifayət qədər vəsaitin ayrıldığını görərsiniz. Bu məsələlərə son qoymalıyıq”.

Deputatın sözlərinə görə, 21-ci əsrə gəlsək belə hələ də bəzi məktəblərdə fond pulu yığılır:

“Sərt tədbirlər görülməlidir. Birmənalı olaraq pul yığılmasının qarşısı alınmalıdır. Bu işi görənlər də cəzalanmalıdır. Əgər cəza olmasa, heç bir nəticə əldə etməyəcəyik. Bütün məktəb direktorları yenidən yoxlanmalı¸fəaliyyətinə baxılmalıdır. Rüşvətə meyilli olanlar işdən çıxarılmalıdır”.

Təhsil üzrə ekspert Kamran Əsədov isə hesab edir ki, məktəblərdə könüllü ianələrin toplanılmasına ehtiyac yoxdur. Çünki, dövlət məktəblərin təmirindən tutmuş, A4 vərəqlərinin alınmasına qədər hər bir xərci qarşılayır.
 
Ekspert bildirib ki, Azərbaycanda təhsil dövlət hesabına aparılır. Onun sözlərinə görə, hər il dövlət büdcəsindən məktəblərin saxlanılması üçün 4 milyard manat pul ayrılır. Bu məbləğ məktəblərin təmirinə də sərf olunur. Bundan başqa məktəbərdə müəyyən layihələrin həyata keçirilməsinə də qrant ayrılır. 6 aydan bir ayrılan bu məbləğ iki milyon manat vəsaitdir.
 
K. Əsədovun sözlərinə görə, məktəblərdə könüllü ianələrin toplanılması dünya təcrübəsində də var. O, qeyd etdi ki, xarici ölkələrdə valideynlər məktəbə kompyuter hədiyyə edirlər. Amma Azərbaycanda belə könüllü fondun yaradılması sui istifadəyə yol açacaq: "Məktəb direktorları şərt qoyacaq ki, bu fond məcburi doldurulmalıdır. Bu gün sosial şəbəkələrdə məktəb direktorlarının rüşvət istəməsini əks etdirən səs yazılarına rast gəlirik. Azərbaycanda orta təhsil pulsuzdursa bu fondların yaradılmasına ehtiyac yoxdur".
 
Ekspert deyir ki, məktəblər ixtiralardan, qrant layihələrdən pul qazana bilər. Onun fikrincə, hansısa fondun yaradılması rüşvətin qanuniləşdirilməsindən başqa bir şey deyil.
 
Məsələ ilə bağlı Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov  bunları deyib: “Qeyri-qanuni ödənişlərlə bağlı əgər fakt varsa, hansı məktəbdə baş veribsə, valideynlər xəbər versinlər, biz də bunu araşdıraq və müvafiq tədbirlər görək. 4500 məktəbin hamısını yoxlamaq mümkün deyil. Ona görə xahiş edirəm ki, hansı məktəbdə olubsa, açıq deyilsin. Qanunvericilikdə də qeyd edilib ki, anonim olmayan sorğular yoxlana, araşdırıla bilər”.

Nazirlik rəsmisi, “xadimələrə, mühafizəçilərə dövlət tərəfindən maaş verilmirmi, valideynlər onların məvacibini ödəyir” sualına belə cavab verib: “Xadimə texniki işçidir, təbii ki, onun maaşı dövlət tərəfindən ödənilir”.
 

ƏN ÇOX OXUNANLAR

0.10088706016541