- 1
ENDİRİLİR
ENDİRİLİR
Naxçıvan şəhər sakini, zərərçəkən Yaşar Əliyev Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya müraciət ünvanlayıb.
Naxçıvan şəhər sakini, zərərçəkən Yaşar Əliyev Vasif Talıbovun qanunazidd əməllərindən narazılığını bildirib və onun qanun qarşısında cavab verməsini tələb edir.
Zərərçəkən, Naxçıvan şəhər sakini Yaşar Əliyevin müraciətini olduğu kimi oxucuların diqqətinə çatdırırıq.
MÜRACİƏTdə deyilir:
Hörmətli Mehriban xanım,
İzn verin, dəyərli vaxtınızı aldığıma görə dəfələrlə üzrxahlıq edim və məlumat üçün bildirim ki, qapınıza pənah gətirməyimə zərurət yaradan Sizin haqqı, ədalati həmişə dəstəkləməyiniz, kimsəsizlərə, tərəfsizlərə, ağır xəstələrə qayğı və diqqət göstərməyiniz, eləcə də zəhminiz və xeyirxah əməllərinizə görə xalq arasında formalaşan nüfuzunuzdur.
Siz xalqımızın ən çətin dramatik anlarında da, millətimizi tənha qoymamısınız, öz qayğı və diqqətinizi heç kimdən əsirgəməmisiniz. Bütün bunlara görə də ümumxalq məhəbbəti qazanmısınız.
Azarbaycanın lider qadınına məxsus ən vacib, ən ali keyfiyyətləri, mənəvi əxlaqı dəyərləri özünüzdə birləşdirir və məmləkətimizi bütün dünyada layaqətlə tanıdır və təmsil edirsiniz. Siz, hayatımızın bütün sahələrinə nüfuz edir və aramsız uğurlara imza atırsınız. Siyasi rəhbər kimi fəaliyyətinizdə ən yaddaqalan məqamlardan ən başlıcası Sizin ədalət, humanizm və insanpərvərlik ideyalarını həmişə rəhbər tutmağınızdır.
Sirr deyil ki, Siz daim xalqın yanında olur, xüsusən də fiziki və əqli məhdudiyyətləri olan insanlarla görüşür, sosial müdafiəyə ehtiyacı olan təbəqələrə müntəzəm qayğı göstərirsiniz. Artıq gündəlik hayat tərzinizə çevrilən hər bir xeyirxah əməliniz Məhəmməd Peyğəmbər Əleyhüssəlamın buyurduğu kimi 100 ilin ibadətinə bərabərdir, Mehriban xanım! Bütün bu əməlləriniz də insan qəlbini təbii ki, riqqətə gətirir.
Cəsarətlə demək lazımdir ki, Siz kimsəsizlərin, yoxsulların va arxasızların dayağısınız. Bütün xalqımıza bəllidir ki, maddi-mənəvi dəstəyinizlə yüzlərlə xəstə şəfa, dağılmağa məruz qalan çoxsaylı ailələr nicat, tapıb, mənzil şəraitini yaxşılaşdırıb.
Hörmətli Mehriban xanım,
Hələ XII əsrdə yaşayıb, yazıb yaratmış Şeyx Babamız Nizami Gəncəvi əsərlərinin birində deyirdi:
Çalış ki, xalqının işinə yara,
Geysin əməlindən ellər zər-xara.
Göründüyü kimi dahilər dahisi bu misralarını sanki Sizin humanist əməllərinizə ithaf etmişdir. Qısaca məlumat verim ki, mən bu günə qədər heç bir orqana ərizə yazıb göndərməmişəm, kimsəyə zəhmət verməmişəm. Lakin məcburiyyət, müqəddəs saydığım ünvanınıza pənah gətirməyimi qaçılmaz etmişdir. Onu da qeyd etmək yerinə düşər ki, tam əminliklə deyim ki, Siz heç kimdən əsirgəmədiyiniz qayğı və diqqətinizi məndən də əsirgəməyəcəksiniz.
Hörmətli Mehriban xanım, mən əslən Naxçıvanlıyam.
Vasif Talıbovun zülmündən, zorakılığından, insanlara vurduğu maddi-mənəvi işkəncələrdən Naxçıvanı tərk edənlərdən biriyəm. Vasif Talıbov nə az, nə çox, düz 27 il naxçıvanlıları məngənədə saxlamışdır. İki yüz əlli min nəfər onun zülmündən Naxçıvanı tərk etmişdir.
Xoş güzəranımız üçün doğmalarımdan, yaxınlarımdan aldığım borc pullarla Naxçıvan şəhərinin istiqlal küçəsində min bir əzab-əziyyətlə qurub yaratdığım gəlirgətirən 3 obyektimi məhkəmə qərarı eləcə də heç bir əsas olmadan sökdürmüş, əvəzində isə mənə nə təzminat ödənilmişdir, nə də hər hansı bir hüquqi sənəd verilmişdir.
Hələ bu azmış kimi qanunsuzluğa etiraz səsimiz çıxmasın deyə söküntülər aparılan günlərdə ağsaqqal atamı həbsxanaya atdırmış mənə isə sifariş göndərmişdir ki, əgər səsi çıxsa dəlixanaya göndərəcəyəm.
Mənim itkim təkcə sökülən obyektlərim yox, bir ay müddətində sıxıntılara, haqsızlığa dözməyən atamı və anamı itirməyim oldu.
Vaxt gələcək Vasif Talıbov qanun qarşısında da cavab verəcək, Allahın qəzəbinə də tuş gələcək. O gün o qədər də uzaqda deyil. Respublikanın lider qadını olaraq Sizə müraciət etməkdə, Sizdən imdad – diləməkdə yanılmamışam, Mehriban xanım!
Ümid edirəm ki, Vasif Talıbovun mənə vurduğu maddi ziyanın Naxçıvanın əmlak bazarındakı bu günki mövcud qiymətlərə uyğun hesablanıb ödənilməsi məqsədilə müraciətimi xüsusi nəzarətə götürəcəksiniz, bununla əlaqədar prezidentin Naxçıvan MR-də səlahiyyətli nümayəndəsi Fuad Nəcəfliyə lazımi tapşırıqlar verəcəksiniz, beləliklə də gec də olsa ədalət şər üzərində zəfər çalacaq. Xalqımızın xoşbəxt gələcəyi və məmləkətimizin daha da tərəqqisi naminə Allah Sizi qorusun, dünyanı doyunca yaşayın, sağlam yaşayın.
Hörmətli Mehriban xanım, indi də icazə verin, Qanunsuz sökülən obyektlərin ünvanları və rəsmiyyəti barədə məlumat verim:
1. Naxçıvan şəhər İcra hakimiyyətinin 22 dekabr 1998-ci ii tarixli 873 nömrəli sərəncamı ilə şəhərin istiqlal küçəsində 120 kv.m sahədə „Super market" Şəhadətnaməsi var.
2. Naxçıvan şəhər İcra Hakimiyyətinin 22 sentyabr 1999-cu ii tarixli 478 nömrəli sərəncamı ilə anam Səfərova Səmayə Sərdar qızının şəhərin İstiqlal küçəsində adına olan 34,4 kv.m sahəni əhatə edən mağaza şəhadətnaməsi var.
3. Naxçıvan şəhər İcra Hakimiyyətinin 29 yanvar 1998-ci il tarixli, 74 №-li sərəncamı ilə şəhərin istiqlal küçəsində anama məxsus 69,9 kv.m sahəsi olan mağaza şəhadətnaməsi var.
Səmimi hörmətlə:
Naxçıvan şəhər sakini,
zərərçəkən Yaşar Əliyev