• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Putin CİA-nin qorxunc "Rusiya planı"na eyham vurdu: Avropa Parlamenti "34 yeni dövləti" anons etdi



ABŞ və Qərbin Rusiyanın süqutu və yeni dövlətlərə parçalanma mövzusunu müzakirə etməsi Kremlə yaxın siyasi dairələrdə ciddi narahatlıqla qarşılaşıb, dünya xəritəsinin dəyişdirilməsinə cəhd göstərildiyi iddia olunur... Kremldə hesab edirlər ki, bu planlar CİA tərəfdən çoxdan hazırlanıb, indi reallaşdırılmasına cəhd mərhələsindədir və "Rusiya problemi"nin dünya gündəmindən birdəfəlik çıxarılması məqsədi güdülür...

Ukrayna savaşı həlledici mərhələyə yaxınlaşmış kimi görünür. Beynəlxalq koalisiya Rusiya ətrafında "çəmbəri" daraltmaqda davam edir. Rusiyanın belə qəliz blokada şəraitindən çıxması hələlik bir qədər şübhəli görünür. Və bu baxımdan, Kremlin növbəti taleyüklü mərhələdə atacağı addımlar ümumiyyətlə, Rusiyanın gələcəyini müəyyən edə bilər.

Hazırda ABŞ-ın Rusiyaya sülh sazişi və onun şərtlərini təklif etməsi barədə ciddi iddialar müzakirə olunur. Həmin iddialara görə, ABŞ prezidenti Co Bayden yanvar ayında CİA şefi Uilyam Börnsü Ukraynaya və Rusiyaya xüsusi missiya ilə göndərib. Ukraynada hansı mövzularda müzakirələr aparıldığı barədə hələlik məlumat yoxdur. Ancaq CİA şefinin Moskvada Kremlə savaşın dayandırılmasının qarşılığında Ukrayna ərazilərinin 20 faizinin Rusiyaya verilməsini təklif etdiyi iddia olunur.

Qərb mətbuatının iddialarına görə, CİA şefinin Kiyev səfəri uğursuz olmaqla yanaşı, Kreml də onun gətirdiyi sülh şərtlərinə müsbət yanaşmayıb. Nəticədə U.Börns Kiyev və Moskva səfərindən əli boş dönməli olub. Prezident Co Baydenin Ukraynaya "Abrams" tanklarının göndərilməsi qərarı verib. Eyni zamanda, Ağ Ev kansler Olaf Şoltsa Almaniyanın Ukraynaya "Leonard 2" tankları verməsi barədə təzyiqlər göstərib.

Belə anlaşılır ki, Ağ Ev savaşı dayandırmaq üçün Kremllə Ukrayna əraziləri üzərindən məxfi "siyasi bazarlığa" cəhd edib. Ancaq bu cəhd uğursuz olduğundan Rusiyanın savaş meydanında tam məğlubiyyətə uğratmaq məqsədilə daha radikal addımlar atmaq, Ukraynanı daha müasir hərbi texnika ilə silahlandırmaq qərarı verib. CİA şefinin açıqlamalarında da bu versiyanın inandırıcı olduğunu biruzə verən məqamlar var.

Məsələ ondadır ki, U.Börns növbəti altı ayın Ukrayna savaşının nəticələri baxımdan, həlledici olacağını vurğulayıb. Onun fikrincə, Rusiya prezidenti Vladimir Putin hələlik Qərb ölkələrinin siyasi və maliyyə-iqtisadi yorğunluq dövrünə keçməsinə ümid bəsləyir: "Rusiya sülh danışıqlarına ciddi yanaşmır".

Eyni zamanda, Qərb ölkələrinin yorğunluğunun qətiyyən birtərəfli reallıq olmadığı da vurğulanır. Belə ki, ABŞ və bəzi Qərb ölkələrinin rəsmi şəxsləri Rusiyanın canlı qüvvə itkilərinin 200 min nəfərin üzərində olduğunu iddia edirlər. Onlar xatırladırlar ki, cəmisi 11 ay ərzində ortaya çıxan bu rəqəmlər ABŞ-ın 20 il müddətində Əfqanıstanda üzləşdiyi itkilərdən 8 dəfə çoxdur.

Göründüyü kimi, ABŞ və Qərb Rusiyanın böyük fəlakətlə üzləşdiyini qabartmağa çalışır. Üstəlik, bunun arxasında müəyyən həqiqət payının olduğu da qətiyyən şübhə doğurmur. Hər halda, hazırda Rusiyanın siyasi dairələrində ölkənin gələcək taleyi ilə bağlı optimist əhval-ruhiyyə hökm sürmür. Əksinə, rus politoloqlar Kremli daha sürətli hərbi qələbəyə nail olmaq üçün qətiyyətli addımlar atmağa çağırırlar. Əks halda, Rusiyanın daha acınacaqlı situasiya ilə uzləşə biləcəyinə eyham vururlar.

Nə qədər qəribə də olsa, prezident Vladimir Putinin son açıqlaması da Rusiyanın düşdüyü ağır vəziyyəti təxmin etməyə imkan verir. Belə ki, Kreml sahibi vurğulayıb ki, Rusiyanın gələcəyini xilas etmək qarşıda duran əsas hədəfdir: "Bizim əsas vəzifəmiz Rusiyanın mövcudluğunun qoruyub saxlanmasını təmin etmək olmalıdır. Rusiyanın möhkəmləndirilməsinə, davamlı inkişafına şərait yaratmağa çalışmalıyıq. Və biz bu taleyüklü, tarixi vəzifənin öhdəsindən gələcəyik".

Əslində, prezident Vladimir Putin belə məzmun daşıyan açıqlamalara xüsusi həvəs göstərən dövlət başçısı hesab olunmur. Kreml sahibi adətən, Rusiyanın qüdrətindən, onun məğlub edilməz olmasından danışmağa üstünlük verir. İndi heç kimin gözləmədiyi halda, prezident Vladimir Putinin Rusiyanın mövcudluğunun qorunmasından danışması situasiyanın təhlükəli mərhələyə keçdiyini təxmin etməyə imkan yaradır. Hər halda, Kreml sahibi Rusiyanın bir dövlət kimi mövcudluğuna real təhlükə olduğunu dolayısı ilə etiraf etmiş olur.

Digər tərəfdən, Qərb siyasi dairələrində Rusiyanın parçalanıb, dağılacağı barədə kifayət qədər ciddi iddialar mövcuddur və bu mövzu geniş şəkildə müzakirə edilməkdədir. Hətta bu məsələ Avropa Parlamentində də gündəmə gətirilməsi müəyyən ehtimalların irəli sürülməsinə imkan verir. Və Rusiya ilə bağlı Qərbdə müəyyən uzaqgedən planların qurulmuş olduğunu sezdirir.

Məsələ ondadır ki, Qərb yönümlü müxalifətçi, Rusiya Dövlət Dumasının keçmiş deputatı İlya Ponomaryov Avropa Parlamentində Kremlin Ukrayna savaşında mütləq məğlub olacağını iddia edib. Onun fikrincə, hərbi məğlubiyyət Rusiyanın 34 yeni dövlətə parçalanması ilə nəticələnə bilər. Və onun bu iddiaları Avropa Parlamentində alqışlarla qarşılanıb.

Maraqlıdır ki, Avropa Parlamentində Rusiyanın süqutu və yeni dövlətlərə parçalanma mövzusunun müzakirə edilməsi Kremlə yaxın siyasi dairələr tərəfindən ciddi narahatlıq ilə qarşılaşıb. Belə hesab olunur ki, bütün bunlar ABŞ və Qərbin Rusiyanın dünya xəritəsindən silinməsi ilə bağlı xüsusi planın olduğunu göstərir. Rusiya siyasi dairələri iddia edirlər ki, belə planlar CİA tərəfdən çoxdan hazırlanıb və hazırda reallaşdırılmasına cəhd göstərilir. Və bununla da "Rusiya problemi"ni dünyanın gündəmindən birdəfəlik tamamilə çıxarılması məqsədi güdülür.(Yeni Müsavat)

ƏN ÇOX OXUNANLAR

0.14249491691589