• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

ABŞ Qafqazda sülh sazişinin vaxtını elan etdi: Rusiya isə skandal sənədlə yeni savaş törədir



Azərbaycan və Ermənistan Rusiya ilə müharibə etmədikləri halda, Kremlin bu iki ölkə arasında imzalanacaq sülh sazişinə öz mövqeyini yerləşdirməyə çalışması hərbi-siyasi məntiqdən çox-çox uzaqdır... Rəsmi İrəvan qəliz vəziyyətə düşüb, Paşinyan hakimiyyətinin ABŞ və Qərbdən üzülməkdə olan əli Rusiyaya da çatmır, Ermənistan hamı tərəfindən dəstəklənməyə can atsa da, əslində, tərk edilməyə məhkum ölkəyə çevrilir...

Cənubi Qafqazda sülh prosesi beynəlxalq ziddiyyətlərin əsas faktorlarından birinə çevrilməyə başlayıb. ABŞ və Qərbin Rusiya ilə hərbi-siyasi qarşıdurmasında bu regionun önəmi sürətlə artır. Və hazırda Cənubi Qafqazda sülh prosesinin real nəticələrdən uzaq olmasında məhz dünya nəhəngləri arasında regional qarşıdurmanın təsiri inkaredilməzdir.

Maraqlıdır ki, Kreml mövcud situasiyada əsas günahkar qismində yalnız ABŞ və Qərbi görür. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi təmsilçisi Mariya Zaxarova bildirib ki, Qərb və Avropa Birliyi Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesində peyda olan kimi, irimiqyaslı problemlər yaranmağa başladı. Və o, müəyyən mənada, haqlı görünür.

Məsələ ondadır ki, rəsmi İrəvan Avropa Birliyinin mülki missiyasına güvənərək, sülh prosesindən uzaqlaşmağa cəhd göstərir. Rəsmi Bakı da bir müddət əvvəl bəyan etmişdi ki, Paşinyan hakimiyyəti Avropa Birliyinin mülki missiyasının Ermənistana gəlişindən sui-istifadə edir. Azərbaycanla sərhəd bölgəsində hərbi təxribatlar törədir, sülh prosesini pozmağa çalışır.

Ancaq bu reallıq Rusiyanın Cənubi Qafqazda sülh prosesi üçün ədalətli mövqedən çıxış etdiyini düşünməyə də əsas vermir. Çünki Rusiyanın regionda əsas pozucu qüvvə olduğu sübuta ehtiyacı olmayan faktordur. Yalnız elə Rusiya sülhməramlı qüvvələrinin Azərbaycanın Xankəndi və ətraf bölgəsində erməni separatçı-terrorçuları himayə etməsi, onlara Ermənistandan silah-sursat daşıması Kremlin geopolitik təxribatlarda maraqlı olduğunu təsdiqləyir.

Digər tərəfdən, Mariya Zaxarovanın Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin hazırlanması prosesi barədə dedikləri də Rusiyanın əngəlləyici faktor olduğuna şübhə yeri buraxmır. O, bildirib ki, Kremlin sülh sazişi layihəsi Rusiya, Azərbaycan və Ermənistanın ümumi, kollektiv mövqeyini əks etdirir. Və bu, qəbuledilməz reallıqdır.

Birincisi, Azərbaycan və Ermənistan arasında imzalanacaq yekun sülh sazişinin Rusiya variantının olması absurddur. Çünki sağlam siyasi məntiq sülh sazişinin Azərbaycan və Ermənistanın ortaq layihəsi olmasını tələb edir. Və Kreml sülh sazişi hazırlamalı deyil, Rusiyanın bu məsələdə rolu yalnız vasitəçilik etməklə, məhdudlaşmalıdır.

Digər tərəfdən, Mariya Zaxarova vurğulayıb ki, bu sənəd üç ölkənin ümumi mövqeyini əhatə edir. Yenə də məntiqsizlik açıq-aşkar ortaya çıxır. Çünki Azərbaycan və Ermənistan Rusiya ilə müharibə etməyiblər. Belə olan təqdirdə, Azərbaycan və Ermənistan arasında imzalanacaq sülh sazişində Rusiyanın mövqeyinin ifadə edilməsi hansı siyasi məntiqdən qaynaqlanır. Və bu, o deməkdir ki, əgər Kreml həqiqətən Cənubi Qafqazda sülh prosesinin uğur qazanmasında maraqlıdırsa, onda Rusiya sadəcə, kənara çəkilməlidir.

Bütün bunları nəzərə aldıqda, ABŞ-ın sülh prosesinə yönəlik mövqeyi daha effektiv görünür. Çünki Ağ Ev hesab edir, Azərbaycan və Ermənistan bu məsələni yalnız ikitərəfli, yəni birbaşa təmaslarla həll etməyə çalışmalıdır. Və ABŞ məhz bu modeli birmənalı şəkildə dəstəklədiyini vurğulayır.

Eyni zamanda, Ağ Ev rəsmiləri Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalana biləcəyinə daha optimist yanaşırlar. ABŞ-ın dövlət katibi Entoni Blinken də bəyan edib ki, yaxın vaxtlarda münaqişə tərəfləri sülh sazişini imzalaya bilərlər. Onun fikrincə, sülh sazişinin hazırlanması prosesinin sona çatdırılması üçün kifayət qədər münbit şərait yaranıb. ABŞ dövlət katibi xatırladıb ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqton səfəri, eləcə də, Münhen görüşü çərçivəsində bu mövzuda detallı müzakirələr olub.

Onu da qeyd etmək lazımdır ki, rəsmi Bakı ABŞ və Qərbin vasitəçilik missiyasını dəstəklədiyini qətiyyən gizlətmir. Azərbaycan Prezidenti İlham Əliyev bir müddət öncə bu barədə açıqlama vermişdi, hətta əlavə etmişdi ki, sülh sazişinin mətninin hazırlanması prosesində müəyyən pozitiv irəliləyişlər mövcuddur. Bu, onu göstərir ki, əgər sülh sazişi imzalanacaqsa, Rusiyanın deyil, Qərbin vasitəçiliyi ön plana keçiriləcək.

Halbuki, hazırda rəsmi İrəvanın ABŞ və Qərbin sülh prosesində tutduğu mövqeyə müqavimət göstərməyə cəhd etdiyi də müşahidə olunur. Çünki Rusiya öz maraqlarından çıxış edərək, Azərbaycanın Qarabağ regionunda erməni separatçı-terrorçuların mövcudluğu qorumağa çalışır. Və bu, rəsmi İrəvanın sülh prosesini ləngidərək, zaman qazanmaq niyyətinə daha çox uyğundur.

ABŞ və Qərb isə indiki halda, bu problemin mümkün qədər tez bir zamanda nizamlanmasında maraqlıdır. Çünki yalnız bu halda, Rusiyanın Cənubi Qafqazdakı mövqelərini ciddi şəkildə sarsıdaraq, Kremli regiondan sıxışdırmaq mümkündür. Bu baxımdan, Ağ Ev Azərbaycanı və ya Ermənistanı dəstəkləməkdən daha çox beynəlxalq hüquq normalarına əsaslanmaq məcburiyyətində qalıb. Azərbaycanın maraqlarına tamamilə cavab verən bu model Ermənistanın bəhanələrini də bloklayır.

Ona görə də, rəsmi İrəvan açıq şəkildə beynəlxalq hüquq normalarına qarşı çıxa bilməsə də, süni iddialarla regional situasiyanın gərginləşdirilməsinə cəhd göstərir. Bu cəhdlərlə ilk növbədə ABŞ və Qərbin Rusiya ilə maraqlarını üz-üzə gətirə biləcəyinə ümid bəsləyir. Halbuki, bu maraqlar rəsmi İrəvanın canfəşanlığı olmasa belə, kəskin şəkildə toqquşur. İndiki halda, bu, iki nəhəng gücün ziddiyyətlərini dərinləşdirərək, mənfəət əldə etməyə çalışan Ermənistan üçün gələcək kataklizm mənbəyinə də çevrilə bilər.

Bu reallığı da anlayan rəsmi İrəvan sülh prosesini pozmaq cəhdlərini Azərbaycanı ittiham etməklə arqumentləşdirməyə çalışır. Yəni, Paşinyan hakimiyyəti Azərbaycanın sülh sazişi imzalamaq niyyətində olmadığını iddia edir. Ancaq Ermənistanın istənilən halda, Azərbaycanla belə bir sənədin əldə olunması üçün mümkün olan hər şeyi etdiyi ilə bağlı görüntü yaratmağa can atır. Və bu, Paşinyan hakimiyyətinin primitiv siyasi dünyagörüşünün real təzahürüdür.

Məsələ ondadır ki, müasir dünyada aparıcı ölkələri, xüsusilə də, ABŞ kimi nəhəng dövləti aldatmağın mümkünlüyünə inanmaq siyasi və diplomatik cahillikdən başqa bir şey deyil. Paşinyan hakimiyyəti unudur ki, əgər, ABŞ kimi ölkələr Ermənistanın kaprizləri ilə idarə olunsaydılar, dünyada hegemon mövqelərə sahib olmazdılar. ABŞ kimi ölkələrin konkret maraqları olur və onlar öz hədəfləri üçün digərlərindən sadəcə, istifadə edirlər. Onlarla ikibaşlı oyunlara cəsarət edənləri isə mütləq cəzalandırırlar.

Ona görə də, rəsmi İrəvan bir tərəfdən Rusiyanın arxasına sığınmağa, digər tərəfdənsə, sülh sazişinin imzalanmasından imtina etmədiyini vurğulamaqla, ABŞ-ın mümkün qəzəbindən yayınmağa üstünlük verir. Baş nazir Nikol Paşinyan bir sıra süni iddia-bəhanələr sadalasa da, beynəlxalq ictimaiyyətə sülh sazişini imzalamağa hazır olduğunun mesajını da çatdırıb. O, əlavə edib ki, həmin sənəd mütləq indiyə qədər imzalanmış rəsmi anlaşmalara uyğun olmalıdır.

Əslində, bu açıqlama erməni baş nazirin çarəsizliyini biruzə verir. Hər halda, o, ən yüksək anlaşmaların sırasında BMT-nin Nizamnaməsi və bu qurumun qətnamələri olduğunu anlamamış deyil. BMT-nin Nizamnaməsi də, qətnamələri də Azərbaycanın maraqlarına uyğundur. Üstəlik, Azərbaycan və Ermənistan liderləri arasında keçirilən Praqa, Münhen və Soçi görüşlərində imzalanmış anlaşmalarda BMT sənədlərinə birbaşa istinad edilib. Yəni, rəsmi İrəvanın geri çəkiləcək yeri yoxdur, Ermənistan indi ən yaxşı halda, vaxtı uzada bilər. Və bu, yeni savaşı stimullaşdıra biləcək təhlükəli faktordur.

Bütün bunlar onu göstərir ki, Ermənistan diplomatiyası nə qədər hay-küy salsa da, əslində, məğlubiyyətə uğrayıb. Erməni politoloq Artur Haçikyan da bu fikirdədir və o, hesab edir ki, hazırda Ermənistanın nə Qərblə, nə də Rusiya ilə normal münasibətləri mövcud deyil: "Dünya böyük sürətlə dəyişir. Erməni diplomatiyası isə Azərbaycan və Türkiyə ilə düşmənçilik münasibətlərinə qarşı nə Qərbdən, nə də Rusiyadan təhlükəsizlik təminatı ala bilmədi".

Göründüyü kimi, rəsmi İrəvan Ermənistanı dolaşıq və qəliz vəziyyətə salıb. İndi Paşinyan hakimiyyəti Rusiya ilə münasibətləri korlayıb, ancaq ABŞ və Qərbin də dəstəyini qazana bilməyib. Ona görə də, rəsmi İrəvanın ABŞ və Qərbdən üzülməkdə olan əli Rusiyaya da çatmır. Paşinyan hakimiyyəti Ermənistanın hamı tərəfindən dəstəklənməsinə çalışsa da, əslində, onu tərk edilməyə məhkum olan ölkəyə çevirir. (Yeni Müsavat)

ƏN ÇOX OXUNANLAR

0.15151214599609