• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Dövlət Komitəsindən “Məşədi Dadaş” məscidinə imam təyinatı ilə bağlı narazılıqlara CAVAB



“İndiyədək kimsə Əli Şərbətovun təyinatının niyə doğru olmaması barədə əsaslı bir fikir söyləməyib”.

Bunu “Report”un sorğusuna cavab olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Cahandar Əlifzadə deyib.

Şöbə müdiri bildirib ki, Dövlət Komitəsi Bakı şəhəri, Nəsimi rayonu “Məşədi Dadaş” məscidinə imam təyinatı həyata keçirib:

“Komitə sədrinin əmri ilə Əli Şərbətov “Məşədi Dadaş” məscidinə imam təyin olunub. Bakı İslam Universitetinin müəllimi olmuş Əli Şərbətov indiyədək müxtəlif məscidlərdə din xadimi kimi fəaliyyət göstərib. Eyni zamanda o, Dövlət Komitəsinin din xadimlərinin təyinatı ilə bağlı ötən il keçirdiyi ilk müsahibədə iştirak edərək yüksək bal toplayıb və Abşeron rayonu, Ceyranbatan qəsəbəsi “Hüseyniyyə” məscidinə imam təyin edilib. Onun yüksək dini təhsili və təcrübəsi nəzərə alınaraq, imam kimi “Məşədi Dadaş” məscidinə rotasiyası həyata keçirilib”.

Onun sözlərinə görə, Əli Şərbətovu tanıyanlar və din xadimi kimi fəaliyyətinə bələd olanlar bu təyinatı təqdir ediblər:

“Bunu sosial şəbəkələrdə sözügedən təyinatla bağlı müzakirələrdən də görmək mümkündür. İndiyədək kimsə Əli Şərbətovun təyinatının niyə doğru olmaması barədə əsaslı bir fikir söyləməyib. Bu təyinatdan razı qalmayanlar isə ümumi, qeyri-müəyyən, mücərrəd fikirlər səsləndirirlər. Bu cür əsassız mövqe bildirməyi məqbul və ciddi qəbul etmirik. Hesab edirik ki, bu adamlar prosesə kölgə salmaq istəyir, ya da dini proseslərdən xəbərsizdirlər. Bir daha bildirik ki, Dövlət Komitəsi tərəfindən din xadimlərinin təyinatı milli maraqlarımız, ölkədəki dini durum nəzərə alınaraq qanunvericiliyin tələblərinə uyğun və şəffaf şəkildə həyata keçirilir”.

Dövlət Komitəsinin rəsmisi Milli Məclisin deputatı Ceyhun Məmmədovun mövzu ilə bağlı açıqlamasına da münasibət bildirib:

O, ölkədə baş verən proseslərə öz münasibətini bildirməkdə sərbəstdir:

“Ceyhun Məmmədov din sahəsində vaxtilə fəaliyyət göstərmiş şəxs kimi, Dövlət Komitəsi ilə öz rəy və təkliflərini bölüşə bilər. Eyni zamanda, Azərbaycan İlahiyyat İnstitutunun keçmiş rektoru, deputat Ceyhun Məmmədovun dini durumla bağlı konkret fikir və təklifləri, o cümlədən Əli Şərbətovdan daha layiqli namizədi varsa, mətbuat vasitəsilə deyil, birbaşa Dövlət Komitəsinə təqdim etməklə prosesə öz töhfəsini vermiş olardı. Dövlət Komitəsində onu istəyərsə deputat, istəyərsə vətəndaş, istəyərsə də Azərbaycan İlahiyyat İnstitutunun müəllimi kimi həmişə dinləməyə hazırıq”.

Modern.az-a açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov bildirib ki, Əli Şərbətovun Məşədi Dadaş məscidinə imam təyin edilməsi doğru qərar deyil.

O, Əli Şərbətovu yaxşı tanıdığını, lakin onun təyinatının məqsədəuyğun olmadığını deyib:

“Mən yeni təyin olunan şəxsi, yəni Əli Şərbətovu yaxından tanıyıram və onun fəaliyyəti ilə şəxsən tanışam. O, yaxşı ilahiyyatçı və din xadimidir. Amma fikrimcə, həmin məscidə daha fəal, dini cəmiyyətdə daha çox tanınmış və insanlarla kommunikasiya fəaliyyəti güclü olan şəxsin təyin olunması məqsədəuyğun olardı. Hesab edirəm ki, Əli Şərbətovun oraya təyin olunması doğru qərar deyil. Məşədi Dadaş məscidi bizim ən önəmli, insanların ən çox toplaşdığı məscidlərimizdən biridir”.

Mərhum ilahiyyatçı Hacı Şahinin tərəfdarlarının Məşədi Dadaş məscidini tərk etməsi barədə xəbərlərə münasibət bildirən deputat vurğulayıb ki, insanların məscidlərdən uzaqlaşması onların nəzarətsiz qalmasına səbəb ola bilər.

“Məşədi Dadaş icmasından insanların getməsi, onların evlərdə, yaxud başqa yerlərdə toplaşıb fəaliyyət göstərməsinə gətirib çıxarır. Biz çalışmalıyıq ki, insanlar daha çox məscidlərdə toplaşsınlar və bir araya gəlsinlər. Belə olduğu halda onlara nəzarət etmək imkanımız daha çox olur. Amma biz məsciddən insanları çıxaranda, yaxud insanların uzaqlaşmasına səbəb olacaq addımlar atdıqda onların fəaliyyətinə nəzarət imkanlarımız çətinləşir, məhdudlaşır.

Mən düşünürəm ki,  insanların daha çox məscidlərə gəlməsinə çalışmalıyıq. Biz çalışmalıyıq ki, insanları məscidlərə qaytaraq və onlar məscidlərdə fəaliyyət göstərsinlər. Düşünürəm ki, bu məsələdə daha diqqətli olmağa etiyac var. Bu kimi məsələlərdə daha həssas və diqqətli olmalıyıq ki, insanlar fəaliyyətlərini kənar yerlərdə yox, məscidlərdə davam etdirsinlər. Onların fəaliyyəti dövlət qurumlarının nəzarəti altında olsun”.

Qeyd edək ki, “Məşədi Dadaş” məscidinin imamı Hacı Şahin Həsənli martın 2-də ürəktutmasından vəfat edib.

ƏN ÇOX OXUNANLAR

0.094251871109009