- 3
ENDİRİLİR
ENDİRİLİR
“Stone Construction” nazirliyin “favoritinə” çevrilib
Əbülfəs Qarayevin müavini də daxil olmaqla, başının dəstəsi həbs olunanda, həmin adamlara qarşı irəli sürülən ittihamların əsas hissəsi Mədəniyyət Nazirliyinin keçirdiyi dövlət satınalmaları və tenderlərdə yol verilmiş saxtakarlıq və yeyinti faktları ilə əlaqədar idi.
Buna görə nazirlik rəsmilərilə yanaşı saxta tenderlərin qalibi olan şirkət rəhbərləri də məsuliyyətə cəlb olundular. Bu fırıldaqlarda və dövlət mülkiyyətinin talan olunmasında iştirak edənlərin bir qismi həbsə göndərildi, bir qismi də, nazir başda olmaqla, vəzifəsindən azad olundu. İstintaqda ifadə verənlər isə bu işdə nazirin birbaşa əli olduğunu sübut edən məlumatlar veriblər...
Əbülfəs Qarayev ötən ilin mayında vəzifəsindən azad olundu. İyul ayından etibarən onun yerini Anar Kərimov tutdu və o, faktiki olaraq 1 ildir ki, nazir səlahiyyətlərini icra edir. Bəs, bu müddət ərzində hansı ciddi dəyişikliklər baş verib?
Sırf mədəniyyət sahəsindəki duruma toxunmadan, nazirliyin yalnız dövlət satınalmaları və tenderlər məsələsindəki fəaliyyətinə nəzər yetirdikdə, əvvəlki rəhbərliyin “metod və üslublarına” bənzər proseslər görürük.
Belə ki, ötən gün mətbuatda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin struktur qurumlarına 2021-ci ildə maşın və avadanlıqların satın alınması tenderinin nəticələri dərc olunub. Məlumatda deyilir ki, 1 milyon 263 min 838 manat dəyərində tenderin qalibi "STONE CONSTRUCTİON" QSC elan edilib.
Məsələ ondadır ki, bu şirkət Azərbaycandakı “tender əjdahaları” sırasındadır. Rəsmi sənədlərdən belə aydın olur ki, şirkətin əsas müştəriləri icra hakimiyyəti orqanları və nazirliklərdir. Onların da sırasında Mədəniyyət Nazirliyi ən öndə gedir. Özü də bu şirkət necə “fərasətlidirsə”, dövlət qurumlarına “Kamaz” təkərindən tutmuş yanacaq üçün oduna qədər, dəftərxana ləvazimatından tutmuş müasir maşın və avadanlıqlara qədər, hər şey satır.
Məsələn, bu ilin aprelində "STONE CONSTRUCTİON" Xəzər rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin tenderinin qalibi olub. Şirkət 137 min 971 manatlıq müqavilə əsasında bu dövlət qurumuna 14 ədəd "Kamaz" təkəri, 80 ədəd "Ford" təkəri, 14 ədəd "Volvo" təkəri və 17 ədəd akumulyator satıb.
Cari ilin iyulunda isə həmin şirkət Mədəniyyət Nazirliyinin birdən-birə 5 tenderini qazanıb. Və maraqlıdır ki, ümumi dəyəri 500 min manata yaxın olan həmin tenderin nəticələrinə görə, "STONE CONSTRUCTİON” həm Bakı Şəhər Mədəniyyət Baş İdarəsinə 305 min manata(!) dəftərxana ləvazimatı, həm də Bərdə Regional Mədəniyyət İdarəsinə 66.646 manata(!) odun yanacağı satıb.
Hələ az qala yarım milyonluq dəftərxana ləvazimatının alınmasının hansı ehtiyacdan irəli gəldiyini bir tərəfə qoyaq, Bərdə Regional Mədəniyyət İdarəsinə 66 min manatlıq odun alınmasının özü bir yandan gülməli, digər yandan fantastik görünür. Bir tərəfdən belə çıxır ki, Bərdədə ümumiyyətlə, təbii qaz yoxdur deyə idarə və kəndlərdəki mədəniyyət klubları odunla qızdırılır.
Digər yandan hazırda, belə demək mümkünsə, “qara bazar”da odunun bir yük maşını 300-400 manatdır. Bu minvalla 66 min manata az qala iki yüz maşın odun düşür. Görəsən, 200 maşın odun bu idarənin nəyinə lazımdır? Bəlkə qarşıdan on illərlə davam edəcək “buz dövrü” gəlir və təbii qaz yataqlarımız quruyacaq da, bizim xəbərimiz yoxdur? Deməli, açıq görünür ki, ortada rəqəmlərin şişirdilməsinə, şirkətlə “sövdələşməyə”, saxtakarlığa dair ciddi şübhələr var...
Ümumiyyətlə, "Stone Construction” QSC 2019-cu ilin yanvar ayının 22-nə kimi Məhdud Məsuliyyətli Cəmiyyət formasında fəaliyyət göstərib. Nizamnamə kapitalı cəmi 2010 manatdır. Buna baxmayaraq, sözügedən şirkət QSC-yə çevrildikdən sonrakı qısa dövrdə dövlət qurumlarının keçirdiyi və ümumi məbləği 4 milyon 287 min 653 manat olan 17 tenderin qalibi olub.
Üstəgəl, indi də Mədəniyyət Nazirliyindən 1.2 milyonluq tender alıb. Şirkətin qalib gəldiyi tenderlərin 8-ni paytaxtın icra hakimiyyətləri, beşini isə Mədəniyyət Nazirliyinin qurumları keçirib.
Şirkətlə bağlı başqa bir ilginc məqam onun hüquqi ünvanı ilə bağlıdır. Mediada dərc olunan yazılarda "Stone Construction” MMC-nin hüquqi ünvanı Nərimanov rayonu, Ceyhun Hacıbəyli 2v 2, m.17 göstərilib. Həmin ünvanda "NT Engineering” MMC də qeydiyyata alınıb. Bu isə “tender əjdahaları” üçün xarakterik haldır – bir mənzilə bir neçə şirkət qeydiyyata salınır, axtaranda isə adətən heç birini tapmaq olmur...
Bütün bunlar onu göstərir ki, Mədəniyyət Nazirliyinin rəhbərliyindəki dəyişikliklərə rəğmən, qurumun xüsusilə tender və dövlət satınalmaları siyasətində şübhəli məqamlar qalmaqdadır. Bu sahədə səhman yaradılmadıqca dövlətin, xalqın vəsaitləri naməlum istiqamətlərə və ciblərə axmaqda davam edəcək. Nəzərə alaq ki, yeni nazirin iş başına keçdiyi artıq 1 ildən çoxdur, bu isə heç də az müddət deyil...
Mənbə AzPolitika.info