Türkiyədə pandemiya rejimi qaydalarının pozulmasına görə, vətəndaşların ödədiyi cərimələr geri qaytarılacaq.
Baki.Media "Hürriyet"ə istinadla xəbər verir ki, bu barədə Konstitusiya Məhkəməsi qərar qəbul edib.
Qərara əsasən, vətəndaşlar pandemiya zamanı maskadan istifadə, komendant saatı və b. qaydaların pozmasına görə, ödədikləri məbləği geri tələb edə biləcəklər.
Bəs ölkəmizdə də oxşar addım atıla bilərmi? Koronavirus pandemiyası dövründə vətəndaşların ödədikləri cərimələr onlara qaytarıla bilərmi?
Mövzu ilə bağlı Baki.Media -a danışan Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Razi Nurullayev söyləyib ki, pandemiya dövrü bitdikdən sonra vəziyyət vətəndaşın xeyrinə həll olunmalıdır:
"Türkiyədə pandemiya vaxtı vətəndaşlara yazılan cərimələr indi bağışlanır. Bununla bağlı regionumuzda ilk addımı Gürcüstan atdı və cərimələr silindi. 4-5 dəfə bu cür təkliflə çıxış etmişəm ki, Azərbaycanda da vətəndaşların cərimələri silinsin. Çünki burada məqsəd vətəndaşların hesabına dövlət büdəsini zənginləşdirmək yox, onları daha ayıq-sayıq olmağa, qanunlara riayət etməyə səsləməkdir. Pandemiya dövründə Azərbaycan vətəndaşları özlərini daha yaxşı apardılar, qoyulan qadağalara əməl etdilər. Kimlərsə əməl etməyibsə, bilərəkdən və bilməyərəkdən qaydaları pozub cərimə olunubsa, bu halda belə, vəziyyət vətənaşların xeyrinə həll olunmalıdır. Konstitusiyamızda da bu barədə müddəalar var.
Bütün dünyada, o cümlədən Azərbaycan məhkəmələrində bu kimi məsələlərdə vətəndaşların haqları əsas götürülür. Çünki bu ölkə vətəndaşların əməyi üzərində qurulur. Ona görə də düşünürəm ki, Azərbaycanda da pandemiya dövründə vətəndaşlara yazılmış cərimələr bağışlansa, yaxşı olar və yəqin ki, bununla bağlı mübət qərar veriləcək".
R.Nurullayev hesab edir ki, ödənilmiş cərimələrin bizdə də geri qaytarılması məsələsi gözlənilən deyil:
"Şəxsən mən bu məsələdə bir millət vəkili kimi vətəndaşların yanındayam və Azərbaycanda da belə bir qərar verilməsini istərdim. Amma bizdə ödənilən cərimələrin geri qaytarılması, o qədər də mümkün görünmür. Biz burada Türkiyəni əsas götürürüksə, nəzərə almalıyıq ki, hazırda bu ölkədə seçkilər keçirilir və vətəndaşlar həssas bir duruma düşüblər. Yəni müəyyən siyasi gedişləri də nəzərə almaq lazımdır. Amma yenə də hökumətimiz belə addım atarsa, biz də buna etiraz etmərik".
Billurə Yunus