• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Sürət həddini aşan sürücünü dəlixanaya göndərmək lazımdır - Ekspert Elməddin Muradlı



Ötən günlərdə Milli Məclisdə İnzibati Xətalar Məcəlləsinə Yol hərəkəti qaydalarının pozuntusuna görə bir sıra dəyişikliklər təklif olundu. Dəyişikliklərə əsasən, yol hərəkəti qaydalarının pozulmasına görə cərimələrin məbləği əhəmiyyətli dərəcədə artırılır.

Belə ki, yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşmağa görə cərimə 150 manatdan 200 manata, 61 km/saat və daha artıq aşmağa görə 250 manatdan 300 manata yüksəldirilir. Birtərəfli yollarda əks istiqamətdə hərəkət edən sürücülərin 100 manat deyil, 150 manat cərimələnməsi təklif edilir.

Sürücülər tərəfindən yol hərəkəti qaydalarının pozulması, piyadaya yol verilməməsi nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə 300 manat məbləğində cərimə ediləcək və ya nəqliyyat vasitəsini idarə etmək hüququ 6 aydan 1 ilədək müddətə məhdudlaşdırılacaq. Eləcə də, bunun kimi bir sıra cərimə tətbiqlərində dəyişikliklər ediləcək.

Nəqliyyat sahəsi üzrə ekspert Elməddin Muradlı nəzərdə tutulan dəyişiklikləri “Baki.media ”a şərh edib və bildirib ki, cəzaların artırılması sosial sifariş, əməlimizə adekvat cavabdır:

“Qaydaları pozduq, sürət həddini aşdıq, nəticədə aidiyyəti qurumlar cəzaların sərtləşdirilməsi ilə bağlı məsələ qaldırdılar. Baş verən yol-nəqliyyat hadisələrinin təhlili göstərdi ki, sürət həddinin aşılması, narkotik vasitələrin təsiri altında olan sürücülərin qaydaları pozması, işıqforun qırmızı işığından keçmə, əks istiqamətdə zolağa çıxma, dəmiryol keçidlərini düzgün keçməmə kimi hallar qəzalara gətirib çıxarır. Məbləği artırılan cərimələr də əsasən bunlardır. Pozulan qaydalara uyğun olaraq cəzalar da sərtləşdirilir”. 

Ekspertin sözlərinə görə, təbliğat və maarifləndirmə işləri də paralel şəkildə aparılmalıdır:

“Lakin bəzi insanlar maariflənmədən dərs çıxarmadığı üçün onları maddi cəzalarla cərimələmək doğru olar. Maddi cəza ilə bərabər mənəvi cəzanın da tətbiqi mümkündür. Məsələn, sürət həddini yüksək formada aşan sürücünü dəlixanaya göndərmək lazımdır. Qoy, həkimdən dəli olmadığı ilə bağlı arayış gətirsin. Daha sonra isə psixoloqdan arayış gətirsin. Çünki bəzi insanlar üçün 300 manatlıq cərimə məbləği çox cüzidir. Bu insanlar bəzi hallarda 300 manatı bəxşiş kimi verirlər. Buna görə də, sözügedən şəxslərin avtomobilini əlindən almaq, özünü isə psixiatr yanına göndərmək lazımdır”. 

E. Muradlı bəzi insanların isə əksinə olaraq cərimədən qorxduğunu, bu məbləğin onların büdcələrinə təsir etdiyini deyib. 

“Cərimələrin artırılmasına gəlincə, qayda pozulmamalıdır ki, cərimə ödəmək məcburiyyəti də yaranmasın. Bu baxımdan cəzaların sərtləşdirilməsindən qorxmaq lazım deyil”, - deyə ekspert əlavə edib.


Baki.media

 

ƏN ÇOX OXUNANLAR

0.089658975601196