“Çox əfsuslar olsun ki, bu məsələ ilə bağlı bizim sakinlərimiz məlumatsızdırlar. Siz sakinlər ərazidə 11 ildir fəaliyyət göstərən gölün fəaliyyətinə maneəçilik törətməyə çıxmısınız. Ərazidə cari işlər görülür”.
Yeniavaz.com xəbər verir ki, bunu Gədəbəy rayonunun icra başçısı Orxan Mürsəlov sakinlərin Söyüdlü kənd ərazisində ikinci süni gölün yaradılması ilə bağlı keçirdikləri etiraz askiyasının baş tutduğu ərazidə çıxışı zamanı deyib.
İcra başçısı ərazidə yaradılan birinci gölün daşması və əlavə olaraq ikinci gölün qazılması barədə məlumatları yalanlayıb:
“O göl orda dünən yaradılmayıb, 11 ildir var. Sizin bununla bağlı heç vaxt narazılığınız olmayıb. Ərazidə texnika fəaliyyət göstərir. Sual onda yaranır ki, vətəndaş niyə qanunsuz şəkildə əraziyə çıxıb? Ora kənd ərazisi deyil. Bütün işlər yekunlaşdırıldıqdan sonra rekultivasiya (texnogen təsir nəticəsində məhsuldarlığı azalmış torpaqların, dağılmış relyefin və təbiətin bitki örtüyünün süni surətdə bərpa edilməsi üzrə tədbirlər kompleksi – red.) işləri aparılacaq, torpaq əvvəlki vəziyyətinə qaytarılacaq. Biz bunu birmənalı olaraq şirkət qarşısında öhdəlik qoymuşuq və dövlət də buna nəzarət edir. Gölün fəaliyyəti yekunlaşdıqdan sonra ərazi əvvəlki vəziyyətinə qaytarılacaq. Xeyr, ikinci göl qazılmır.
Ərazimizdə 10 min başa yaxın mal-qara var. Onların otarılması üçün bələdiyyəmizin ərazisində yetərincə otlaq sahəmiz var. Vətəndaşların həmin torpaqlardan istifadəsi üçün bütün imkanlar mövcuddur. Bununla bağlı heç bir problemimiz yoxdur. Mən bu otlaq sahəsini insanlara göstərə bilərəm.
Əgər əhalini nəsə narahat edirsə, biz Ekologiya və Təbii Sərvətlər Nazirliyi mütəxəssisləri ilə birgə bunun izahatını verə bilərik ki, o göl insanların sağlamlığı üçün zərərlidir, yoxsa zərərli deyil. Gölün zərərli olub-olmadığını yalnız mütəxəssislər öyrənə bilər. Kimsə sosial şəbəkələrdə, kimsə yoldan keçəndə kiminsə qulağına deyib. Bu, hamısı dedi-qodudur. Biz artıq ETSN-ə məlumat vermişik. Onlar gəlib əraziyə baxacaqlar, müvafiq nümunələr götürəcəklər və açıq şəkildə əhaliyə bunun izahatını verəcəklər.
Söyüdlü kəndi ərazisində yaradılan süni göl 11 ildir ki, fəaliyyət göstərir. Bu günə qədər həmin göllə bağlı bizə heç bir şikayət daxil olmayıb. Bu gün isə sakinlər gölün fəaliyyəti ilə bağlı narazılıqlar səsləndirirlər. Səsləndirilən iddialar isə sadəcə dedi-qodu xarakteri daşıyır”.
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov bu gün keçirilən etirazaksiyası zamanı jurnalistlərin suallarını cavablandırarkən deyib ki, ikinci gölün yaradılması xəbəri yalandır:
“Sianid turşusunun zəhərli olması ilə bağlı nə bilirik? Kim deyir onu? Sosial şəbəkələrdə yayılan dezinformasiya xarakterli xəbərlərdir. Biz Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssislərini dəvət etmişik, qoy onlar araşdırıb qərar versin. Gölün fəaliyyəti başa çatdıqdan sonra qurudulacaq və buna dövlət tərəfindən nəzarət ediləcək”.
O.Mürsəlov əhali arasında xərçəng xəstəliyinin yayılması iddialarına da münasibət bildirib:
“Rayonumuzun ərazisində xərçəng xəstələrinin sayı, onun yaranma səbəbi – bunlarla bağlı statistika var. 100 nəfərdən 1-nin qüsurlu doğulmağı o demək deyil ki, Gədəbəydə problem var. Mən TƏBİB-in rəhbəri deyiləm. Siz (jurnalistə müraciətlə - red.) TƏBİB-ə müraciət edin, insanların sizə dediyi dedi-qoduları rəsmi olaraq dəqiqləşdirin. Kiminsə bir hadisəni görməyi və o hadisə əsasında ortaya hansısa mülahizə irəli sürməyi tamamilə yanlış, dürüst olmayan dezinformasiyadır. Əhalimizi narahat edən məsələlər dezinformasiyadır”.
Rayon rəhbəri ötən gün polis əməkdaşları ilə vətəndaşlar arasında yaşanan qarşıdurmadan da danışıb. O.Mürsəlov polisin müdafiəsinə qalxaraq əhalinin onlara bəzi cisimlər atdığını deyib:
“Heç kimin ixtiyarı yoxdur ki, hüquq-mühafizə orqanına daş atsın. Mən sizə videogörüntülər göstərə bilərəm. Mənim mobil telefonumu verin. Mən mobil telefonumda sizə vətəndaşın polisə etdiyi... Polis heç kimi vurmayıb. Polis vətəndaşımızı qoruyur. Bu gün Azərbaycan polisi olmasa siz burda rahatlıqla telefonları mənə tuşlayıb mənlə danışa bilməzsiniz”.
Gədəbəyin Söyüdlü kəndinin sakinləri isə iyunun 20-də kənd ərazisində sianid gölünün salınmasına etiraz ediblər. Onlar qızıl mədəninin tullantıxanası olan sianid gölünün onların sağlamlığına və təsərrüfatına zərər vurduğunu deyir.
Gədəbəyin Söyüdlü kənd sakini Sürəyya Əliyeva “Amerikanın səsi”nə deyib ki, bizim kənddə bir göl qurulub: "Elə yer var ki, kəndlə 10 metr məsafəsi var. İkinci göl qurulsa, bizim örüş sahəmiz zəbt olunacaq, yaşamağımız mümkün olmayacaq”.
Gədəbəy sakinlərindən biri icra başçısı Orxan Mürsəlovla dialoqu zamanı isə deyib ki, dünən (20 iyun – red.) səhər saat 8-də məni mülki geyimli 3 polis evimdən apardı:
"Rəis Mehman müəllim mənə dedi ki, sən təbliğat aparırsan. Dedim ki, rəis, mən təbliğat aparmıram, xalq aparır. Xalqın özü öz torpağına gedir, heç kim mənim ağlımla gölə getməz”.
Sakin bildirib ki, məhkəmə onu 1500 AZN cərimələyib:
“Dünən bizi apardılar, axşam məhkəmə elədilər. 5 nəfəri saxladılar, yaşıma görə məni buraxdılar, 1500 manat cərimə elədilər. Deyirəm ki, möhtərəm hakim, mən 200 manat pensiya alıram. 1500 manat məni cərimə edəndən sonra mən nə ilə dolanım? Dedim ki, o 15-20 sutka cəzanı mənə də ver, amma mənim 1500 manat yoxumdur verməyə”.
Onlardan bəzilərinin polis tərəfindən zorakılığa məruz qalmasını əks etdirən kadrlar yayılıb.
Xatırladaq ki, Gədəbəy rayonunun Söyüdlü kəndində bir qrup şəxs kənd ərazisində süni gölün tikintisinə etiraz olaraq iyunun 20-də aksiya keçirməyə cəhd göstərib. Aksiyanın qarşısı alınan zaman polislə sakinlər arasında insident baş verib. Polis əməkdaşlarının aksiya iştirakçılara qarşı gözyaşardıcı qazdan istifadə etməsi birmənalı qarşılanmayıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib ki, polis əməkdaşı qadına qarşı ciddi qəbahətə yol verib, bununla bağlı müvafiq araşdırma aparılır, onun əməlinə hüquqi qiymət veriləcək. Elşad Hacıyev onu da əlavə edib ki, sosial şəbəkələrdə yayılan görüntülər törədilən qanunsuz hərəkətlərin digər tərəflərini əks etdirmir: “Qəsdən, məqsədli olaraq, polis əməkdaşının qadınlardan birinə qarşı xüsusi vasitədən istifadə etməsini göstərirlər”.
Şöbə rəisinin sözlərinə görə, Söyüdlü kəndində süni gölün tikintisinə qanunsuz müdaxilə edən şəxslərlə 2 aydır ki, rayon İcra Hakimiyyəti və polis əməkdaşları tərəfindən profilaktik izahat işləri aparılıb. Elşad Hacıyev deyib ki, bütün tədbirlərə baxmayaraq, dünən həmin şəxslər müəssisə əməkdaşlarına hücum etməsi ilə əlaqədar polis əməkdaşları əraziyə cəlb olunaraq onların qanunsuz əməllərinin qarşısını alıblar.