- 6
ENDİRİLİR
ENDİRİLİR
Dünyanın tanınmış beyin mərkəzləri Türkiyə prezidenti Ərdoğanın son addımlarını və Rusiya ilə münasibətlərinin sonrakı mümkün inkişafını diqqətlə izləyirlər.
Əsas sualları isə belə formalaşdırmaq olar: Ərdoğan Rusiya ilə münasibətləri soyudaraq Qərbə yaxınlaşmağamı cəhd edir? Ankaranın bu addımlarının ABŞ-la birgə F-35 döyüş təyyarələrinin modernləşdirilməsi proqramına qayıtmaq istəyi ilə əlaqəsi varmı? Ərdoğan ABŞ və Avropa ilə münasibətlərini bərpa edərək Türkiyəni gücləndirəcək xarici investisiyaların cəlb edilməsini və Mərkəzi Bank ehtiyatlarının artırılmasınımı hədəfləyir?
Əlbəttə, bizi maraqlandıran suallar da var ki, indi dünya mediasını bunlar qətiyyən narahat etmir. Bizim də narahatlığımızın və suallarımızın yaranması təbiidir. Məsələn, əsas sual budur: Türkiyənin xarici siyasətindəki dəngələri Qafqazdakı hərbi-siyasi proseslərə necə təsir edəcək? Türkiyə-Rusiya gərginliyi Qarabağdakı vəziyyətə hansı mənfi təsirlərini göstərə bilər?
Ən sondan başlayaq. Yazılarımda da bir neçə dəfə vurğulamışam ki, bizə bu dünyada Türkiyə qədər yaxın dövlət olmayıb, olmayacaq da. Amma onu da mütləq nəzərə almalıyıq ki, biz bir millət, iki dövlətik, bir millət, bir dövlət deyil... Prezident Əliyevin 20 illik hakimiyyətində də davranışları və siyasəti zatən bu yöndə olub - həmişə müstəqil və balanslaşdırılmış siyasət. Türkiyənin Qafqazda möhkəmlənməsi ən çox Azərbaycanın maraqlarına uyğundur. Amma güclü Azərbaycan olmadan Türkiyə də bu regionda möhkəmlənə bilməz. Bu siyasət yəni bir-birinə bağlıdır. Rusiya ilə gərginlik bizim arzulamadığımız situasiyadır, amma Türkiyə kimi qos-qoca dövlət öz siyasətini bunlara rəğmən müəyyənləşdirmir. Bizim üçün əsas olan Şuşa Bəyannaməsidir. Orada Azərbaycanın maraqlarını əks etdirən bütün bəndlər var.
Ərdoğanın sonuncu prezidentlik dönəminə başlayan kimi MİT-in rəhbəri Hakan Fidanı baş diplomat postuna gətirməsi xarici siyasətdə əsaslı dəyişikliklər olacağına işarə idi. Belə görünür ki, Hakan Fidan dönəmində Türkiyənin siyasətində bu cür manevrlərə hələ çox rast gələcəyik və bunu təbii qarşılamaq lazımdır.
Onu da unutmayaq ki, Türkiyənin problemləri də yetərincə ciddidir. Ölkənin iqtisadi vəziyyəti buna sübutdur. Qərb analitikləri də deyirlər ki, hakimiyyətdə qaldığı üçüncü onillikdə və son prezidentlik dövründə Türkiyə lideri Qərblə əvvəlki illərdən fərqli olaraq daha barışdırıcı siyasət sərgiləyə bilər.
İndi görünən budur ki, Ərdoğan iqtidarı Rusiya xəttini zəiflətməklə Qərbə doğru daha ciddi manevrlər etməyi üstün tutur. Bunu Ərdoğan bəlkə də bir qədər sərt edir, məsələn, Kreml rəhbərinə müraciətdə “druq” sözündən birdən-birə “qospodin” ifadəsinə keçir. Amma bu, əsas deyil. Əsas olan budur ki, Ərdoğanın siyasəti ilə bağlı suallara cavab axtaran mərkəzlər bir rəydə yekdildirlər: “Ərdoğan üçün əsas olan Türkiyənin maraqlarıdır...”
İndi diqqət edək: Türkiyə İsveçə “yaşıl işıq” yandırmaqla F-35-lərlə bağlı problemi ortadan qaldırmaq yolunda ciddi irəliləyiş əldə etdi. Əvvəl Suriyada kürd terrorçularına qarşı, sonra isə 2020-ci Qarabağ müharibəsinə etiraz olaraq “Bayraqdar”ları optik cihazlarla təmin etməkdən imtina etmiş Kanadanın Türkiyəyə qarşı silah embarqosunun ləğv etməsi ilə bağlı razılaşma da əldə olundu.
Bu xəbərlərin fonunda isə Rusiya-Türkiyə əlaqələrində məsafəli davranış qalmaqdadır. Xarici mətbuatda Ərdoğana istinadən Vladimir Putinin taxıl müqaviləsinin uzadılmasına razılıq verdiyi, “taxıl dəhlizinin uzadılması ilə bağlı eyni fikirdə” olduqları haqda açıqlama artıq ikinci dəfədir Rusiya tərəfindən təkzib edilir. Rusiya XİN rəhbərindən sonra bu dəfə Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Rusiya taxıl müqaviləsinin uzadılması barədə heç bir açıqlama və razılıq verməyib. Prezidentlərin (Ərdoğan-Putin) zəngləşməsi barədə də heç bir xəbər yoxdur. Bu gün isə Putinin Cənubi Afrika Respublikasının prezidenti ilə telefon danışığında dedikləri bu məsələdə tərəflər (BMT, Rusiya, Türkiyə və Ukrayna) arasında anlaşma olmadığını təsdiqləyir. Putin CAR prezidentinə “Rusiya ərzaq və gübrələrin ixracına maneələrin aradan qaldırılması ilə bağlı müvafiq Rusiya-BMT memorandumunda göstərilən öhdəliklər hələ də yerinə yetirilməyib. Üstəlik, sövdələşmənin əsas məqsədi, yəni ehtiyacı olan ölkələrə, o cümlədən Afrika qitəsindəki ölkələrə taxıl tədarükü həyata keçirilməyib”. Yəni bu problem qalır.
Maraqlıdır ki, Putin-Ərdoğan arasında soyuqluq qaldıqca, bunu Qərb mediası körükləyir, hətta Qara dənizdə başlaya biləcək Rusiya-Türkiyə hərbi qarşıdurmasından yazırlar. Sanki taxıl sövdələşməsi yalnız Türkiyəni maraqlandıran məsələdir, qalanları yaxasını kənara çəkib, hətta müharibə gözləyirlər. Əlbəttə, nə Ərdoğan, nə Putin bu kimi təxribatlara uya biləcək liderlərdir. Ankaranın Rusiya ilə münasibətləri çox güman ki, ciddi şəkildə pozulmayacaq. Türkiyə həm Kiyev, həm də Moskva ilə yaxınlığı, gücü və əlaqələri ilə münaqişənin və nəticədə bağlanacaq istənilən sülh sazişinin həllində əsas oyunçu olaraq qalmaqda davam edəcək.
Rusiya ilə bir çox məsələlərdə əvvəllər də fikir ayrılığı vardı, lakin maraqlar üst-üstə düşən yerdə Ərdoğan da, Putin də irəliyə doğru gedə bilirlər...
Nazim SABİROĞLU,
Musavat.com