- 4
ENDİRİLİR
ENDİRİLİR
“Bakı Nəqliyyat Agentliyi” publik hüquqi şəxsin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
İstintaqla Agentliyin Yol hərəkətinin təşkili şöbəsinin müdir müavini Vüqar Hüseynovun həmin vəzifədə işləyərkən qeyd olunan struktur qurumun məsləhətçisi Hikmət Vəlizadə ilə əlbir olaraq 2023-cü ilin iyun-iyul ayları ərzində Bakı şəhəri ərazisində parklanma sahələrinin təşkil olunması üçün müvafiq prosedurların həyata keçirilməsi müqabilində müxtəlif şəxslərdən ümumilikdə 16 min 500 manat məbləğində pul vəsaitini rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.
İlkin sübutlar əsasında Vüqar Hüseynov və Hikmət Vəlizadəyə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1, 311.3.2 və 311.3.3 (qabaqcadan əlbir olan qrup şəxs tərəfindən təkrar və külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hüquqazidd əməllərin törədilməsində iştirak etmiş digər şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Manset.az məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli ilə əlaqə saxlayıb. O, açıqlamasında qurumda əməliyyat keçirildiyini təsdiqləyib:
"Mən hazırda məzuniyyətdəyəm. Bəli, BNA-da əməliyyat keçirilib, istintaq aparılır. Saxlanılanlarla və mənimlə bağlı aidiyyatı qurum məlumat verəcək. Xeyr, mənimlə bağlı hələki problem yoxdur, dəvət olunmamışam”.