• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Sui-istifadəyə yol verən provayderlərə tənzimləyicidən XƏBƏRDARLIQ



Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinə (İKTA) istehlakçılar arasında əsassız məlumatları yaymaqla sui-istifadə hallarına yol verən bəzi provayderlərlə bağlı şikayətlər daxil olur.

İKTA-dan "Ölkə.Az"a verilən məlumata görə, daxil olan şikayətlərdən rəqib internet provayderlərin əməkdaşları və onların xidmətlərinin satışı ilə məşğul olan şəxslər digər provayderlərin abunəçiləri ilə fərdi qaydada görüşərək onlara xidmət göstərən provayderin təsərrüfat fəaliyyəti haqqında həqiqətə uyğun olmayan şayiələr, o cümlədən həmin provayderin fəaliyyətinin dayandırılacağı, müflis olması, külli miqdarda borclarının olması və bu kimi rəqib provayderi nüfuzdan salan müştərinin çaşdırılması və aldadılmasına yönəlmiş hərəkətlər etməklə yanlış məlumatların yayılması halları müşahidə edilir.

Agentliyə daxil olan şikayətlərdə səslənən iddialara görə, bu hərəkətlərlə həmin internet provayderləri abunəçini rəqibin xidmətindən imtina etməyə sövq edərək öz tərəflərinə çəkmək məqsədi güdürlər.

İKTA telekommunikasiya bazarında yaranmış bu cür qeyri-sağlam halların olmasından narahatdır və bəyan edir ki, internet provayderlər işgüzar münasibətlərini sağlam rəqabət və qarşılıqlı əməkdaşlıq prinsipləri əsasında qurmalıdırlar. Belə haqsız sui-istifadə üsullarından istifadə yolverilməzdir.

İstehlakçılar internet provayderlərin mövcud siyahısı ilə bu linkdə tanış ola və provayderin fəaliyyətdə olub-olmamasını müstəqil şəkildə yoxlaya bilərlər.

Yuxarıda qeyd olunan hallarla qarşılaşan istehlakçılar Agentliyin yaratdığı “E-şikayət” sistemi vasitəsilə tənzimləyici quruma müraciət edə bilərlər.

İnternet provayderlərin uçota alınmadan fəaliyyəti “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun pozulması halıdır və belə halların qarşısının alınması məqsədilə tənzimləyici tərəfindən qanun çərçivəsində müvafiq tədbirlər görüləcək.

 

ƏN ÇOX OXUNANLAR

0.084075927734375