Bu ilin fevralın 1-dən Azərbaycana idxal edilən avtomobillərə utilizasiya haqlarının tətbiqi həmin avtomobillərin xərclərinə təsir göstərir və maya dəyərində artımlarla müşahidə olunur.
Bu barədə Trend-ə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, monitorinqlər göstərir ki, utilizasiya haqlarının avtomobil bazarına təsirləri artıq özünü göstərir.
"Düzdür, çox ciddi təsirləri müşahidə olunumur, amma idxal olunan avtomobillərin maya dəyəri artdığı üçün həmin avtomobillərin satış qiymətində də artımlar var. Hələlik artımlar yüksək deyil, ancaq müşahidə olunur. İdxal olunan avtomobillərin sayı artdıqca, biz daha çox qiymət artımları müşahidə edə bilərik”, - deyə V.Bayramov əlavə edib.
Qeyd edək ki, Prezidentin 27 yanvar 2024-cü il tarixli sərəncamı ilə Nəqliyyat Vasitələrinin Utilizasiyası Fondu yaradılıb, 31 yanvar 2024-cü il tarixli qərarı ilə bu fondun vəsaitinin formalaşdırılması və istifadə Qaydaları təsdiq edilib.
Qaydalara əsasən, Fondun vəsaiti utilizasiya haqqı, kreditlər və qrantlar, könüllü ianələr, beynəlxalq təşkilatların və digər donorların ayırmaları və digər mənbələr hesabına formalaşacaq. Utilizasiya haqqı yalnız yaşı 4 ili keçmiş nəqliyyat vasitələri üçün ödəniləcək. Azərbaycana idxal edilən avtomobilin istehsal ili 4 ildən 7 ilə qədər olduqda utlizasiya rüsumu 400 manat, 7 il və daha çox olduqda isə 700 manat təşkil edir.