• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

“İdeal halda 2 ildən bir vəzifə dəyişməlidir” – Türkiyəli mütəxəssislə müsahibə



İş həyatında uğurlu olmağı hər kəs istəyir. Bu istəyinə çatanlar da var, çatmayanlar da. Karyerada irəliləyişin nələrdən asılı olması, özümüzdən asılı olanlar, bu yolda bizə mane olanlar və s. ilə bağlı hər kəsdə müxtəlif suallar var. Bu suallar ətrafında Valyuta.az-ın suallarını türkiyəli idarəetmə kouçu, karyera üzrə məsləhətçi, korporativ təlimçi Ruhan Maral cavablandırdı.

- Yeni iş həyatına atılacaq bir gənc karyerasında uğurlu başlanğıcı necə etməlidir?

- Birincisi, insan öz istedadının hansı istiqamətdə olduğunu kəşf etməli, sonra iş həyatına başlamalıdır. Çox zaman insanlar öz istedad və bacarıqlarına önəm vermədən populyar olan sahələrdə işləməyi seçirlər. Əgər bacarıqlı olduqları iş ilə başlasalar, bu, onlar üçün avantajdır.

İkincisi, aviasiyada bir qayda var. Əgər itmisənsə, yüksəyə qalx, bu zaman hər yeri daha rahat görürsən. Yəni qeyri-müəyyən yerdə belə yolu tapmaq üçün hər şeyi aydın görmək lazımdır. İş həyatına başlayanda hər şeyi aydın görmək üçün görəcəyin işi yüksək səviyyədə öyrənməlisən. Yollara bələd olmaq sizi iş həyatında güclü edir.

Üçüncüsü, işə başlayanda, düşünsün ki, mən necə bir fərq ortaya qoya bilərəm? Çox gənc belə başlayır ki, məndən öncəkilər nə edibsə, onu edim. Amma düşünməlisən ki, səndən öncəkilər nələri etməyiblər? Bu cür yolla gedərlərsə, daha məntiqli olacaq. Çünki iş dünyası o tip insanları gözləyir. Stiv Cobsun bir fikri var. Deyir ki, biz bacarıqlı insanları işə götürüb onlara nə etməli olduqlarını söyləmədik, bacarıqlı insanları işə aldıq və dedik ki, bizə nə etməli olduğumuzu söyləyin.

- Yəni sıradan işçi olmamalıyıq...

- Bəli, başqasını, yoxsa səni işə götürmək arasında fərq olmalıdır. Səni götürdüyümüz zaman hansı dəyəri qatacaqsan? İşə qəbul olmaq üçün diplomun yetərli olduğu dövr çoxdan keçib. Diplom sürücülük kurslarındakı vəsiqədir. Vəsiqə sadəcə avtomobili istifadə etməyi bacardığınızı göstərir. Tıxacda avtomobili necə idarə etməyiniz sizin necə sürücü olduğunuzu göstərir. İş həyatı da belədir. Diplom sadəcə bir vəsiqədir, amma sizin işinizi necə görməyiniz karyeranızın necə olacağını müəyyənləşdirir. Ona görə iş həyatında necə çalışmağınız önəmlidir.

“Uğurumuz başqasının uğursuz olmasına bağlı deyil”

 

- İş həyatında irəli getməyi hər kəs istəyir. Bu zaman isə rəqabətlə qarşılaşırıq. Necə bir rəqabət aparaq?

- Biz normalda iş yoldaşlarımızla rəqabətə giririk. Bu isə xaosa, davalara, konfliktlərə gətirib çıxara bilir. Ən böyük rəqabəti insan özü ilə aparmalı, rəqabəti özünü inkişaf etdirməyə yönəlik olmalıdır. Özünlə deyil, başqası ilə rəqabət aparmaq istəyirsənsə, məsləhət görərdim ki, onlar fəaliyyət göstərdiyimiz sektorda dünyada örnək götürə biləcəyiniz şəxslər olsun.

- Ancaq hər kəs fərqli rəqabət aparır. Necə rəqabət aparmağımız karyerada irəliləməyimizə təsir edir?

- İş həyatında 3 cür insan var. Birincisi, “hırslı”lardır, onlar digərlərini məğlub etmək istəyirlər. İkincisi, əzmlilərdir, onlar hər zaman uğurlu olmağı arzulayırlar. Üçüncülərin isə tək dərdi faydalı olmaqdır. Kimisə keçməyə, məğlub etməyə ehtiyac görmürlər. Ümumiləşdirsək, bizim uğurumuz başqasının uğursuz olmasına bağlı deyil. Əlindən gələnin əllisini etməyin sənə uğur gətirir.

- Əgər uğur qazanmaq başqasının uğursuzluğu üzərində deyilsə, iş həyatında intriqalar niyə var?

- İnsanlar bir şeyi əldə etdikləri zaman daha yaxşısını da istəyirlər. Bu zaman fərdi istəklərinə qapılırlar və insanda güc zəhərlənməsi olur. İntriqa insanı zəhərləyən duyğudur. İntriqaçı birinin hiyləgərliyi ortaya çıxsa, bir gündə karyerası bitə bilir. Afrikalılar deyir ki, sürətli getmək istəyirsənsə, təkbaşına get, uzağa getmək istəyirsənsə, birlikdə get. Əgər ətrafdakı insanlarla intriqada olsaq, uzağa gedə bilmərik. İş dünyası əvvəl-axır başqaları ilə deyil, özü ilə maraqlananları irəli çıxarır.

“Bacarıqlı biridirsə, intriqaya ehtiyac görmür”

 

- İntriqaya meyl edənlər kimlərdir?

- Bir yerə layiq deyilsinizsə, olduğunuz yerə normal yollarla gəlməmisinizsə, başqalarının haqqını yemək məcburiyyətində qalırsınız. İş həyatında intriqaya meyilli olanlar həqiqətən güclü olmayanlardır. Bir insan həqiqətən də savadlı, bacarıqlı biridirsə, intriqaya ehtiyac görmür.

- Özü ilə rəqabət aparanların başqaları ilə işi yoxdur. Lakin onlarla eyni mühitdə intriqaya meyilli adamlar da olur. İntriqa yaradanlar özü ilə rəqabət aparan adamlara nə dərəcədə mane olurlar?

- Bəli, mane ola bilər, bunlar iş dünyasının reallıqlarıdır. Bir oyunun içərisində itirə də bilərsiniz, qazana da. Nəticə odur ki, insanlar günün sonunda dürüst insanları xatırlayırlar. Dürüst insanlar bəzən itirirlər, amma onlar bu zaman dəyərlərini, ləyaqətlərini qazanırlar. Uzun müddətdə mövqeyini qoruyan hər insan qazanır. İntriqa ilə hansısa yerə gəlmək olar, amma orda qalıcılıq qısa müddətlikdir. Bəzən intriqanı yaxşı aparanlar 5-10-20 il də davam edə bilirlər, amma sonda dünyadan köçüb getdiklərində arxasından danışırlar, onların cənazələrində çox adam olmur. Bunu da düşünmək lazımdır.

- İş həyatında uğurlu və uğursuz deyə qruplaşdırmalar olur. Bu iki insan arasında fərq nədir?

- Bacarıqlı insanlar neqativ halları keçici olaraq qəbul edirlər. Bir işi tamamladı, amma istədiyi nəticə olmadı. Uğurlu insan deyir ki, bu, keçicidir, növbətidə uğurlu olacam. Uğursuz insan isə başına gələn hər alınmayan işi öz bacarıqsızlığı kimi görür. Uğurlu insanlar təslim olmurlar, hər dəfə “Görəsən nə etsəm, daha yaxşı olar” üzərində düşünürlər.

- Yəni daim düşünmək lazımdır?

- Yetəri qədər düşünsən, həll yolu taparsan. Hər zaman bir həll yolu var.

“Sən şanslı olmaq ehtimalını artıra bilirsən”-

Bir çox uğurlu şəxslərdən uğurunun sirrini soruşanda deyirlər ki, çox çalışdım. Çox işləmək uğurun neçə faizidir?

- Həddindən artıq işləmək, işqolik olmaq bir xəstəlikdir. Çox çalışmaqdan çox necə çalışmaq önəmlidir. Bir futbol meydançası düşünün, hər kəs qaçır, amma qol atılmayıb. Yəni çox qaçdılar, bəs uğurludurlar? Yox, çünki qol vurmayıblar. Bəziləri isə doğru taktikalarla oynayır və qolunu atır. Uğurlu odur. Doğru işi görmək və işimizi doğru etməyimiz önəmlidir.

- Bir də şansı önəmli hesab edənlər var.

- Şans var, ancaq burada iki nüans da önəmlidir. Birincisi, sən şanslı olmaq ehtimalını artıra bilirsən. Ola bilər siz çox istedadlısınız, amma doğru yerdə deyilsinizsə, şansı qaçırırsınız. Deyək ki, gözəl səsiniz var, yaxşı oxuya bilirsiniz. Əgər kənddə qalırsınızsa, sənətinizi göstərmə şansınız qalmaz. Nə vaxtsa kəndinizə bir şəxs gəlsə, sizi görə bilər. Amma sənətinizi görəcəkləri yerlərdə olsanız, sizi mütləq görən olacaq. Yəni şansınızı artırmış olursunuz.

İkincisi, şansa hazır olmaq lazımdır. Deyək ki, mən sizinlə bir yerdə qarşılaşdım və yutub kanalımda aparıcı olmaq təklifi etdim. Siz o işi bilmirsinizsə, hazır deyilsinizsə, şansı qaçırırsınız. Şans dediyimiz fürsət qapımıza gəldiyində hazır olmaqdır. Çox çalışmaqla yanaşı, insan özünü yetişdirməlidir ki, fürsət qapısına gəldiyində hazır olacaq. İndi çox zaman fürsətləri qaçırırlar, sonra da “şanssızam” deyirlər. Xeyr, şanssız deyilsən, sadəcə hazır deyildin.

“Cəsarətsiz işçi uğursuz olmaqdan qorxur və heç başlamır”

- İşdə cəsarət mövzusundan danışaq. Cəsarət bəzən risk amilinə də gəlib çıxır. Çox cəsarətli insanları işə almağa çəkinənlər də olur. İşdə cəsarət uğurlu olmağımızda nə dərəcədə önəmlidir?

- Cəsarətin mənbəyi bilikdirsə, riskləri doğru analiz edər və yanlışlıqlara yol verməz. Cəsarətin mənbəyi eqodursa, cəhalət olur, o zaman şirkətləri zərərə salır. Platon deyib ki, cəsarət təhlükə anında ağıl və zəkanı istifadə etmək bacarığıdır. Bir şəxs uğursuz olmaqdan çox qorxmursa, riskləri analiz edib doğru həmlələri ağılla edirsə, o, cəsurdur. Çox insan o analizləri edə bilmədiyi üçün riskləri almır və uğursuz olur. Amma iş həyatında cəsarət insanın uğurlu olması üçün önəmli faktorlardan biridir.

- Müqayisəli şəkildə deyə bilərikmi ki, cəsarətli işçi nə edir, cəsarətsiz işçi nə?

- Cəsarətsiz işçi uğursuz olmaqdan qorxur və heç başlamır, cəsarətli isə sınayır. Bunun ən böyük örnəyi Tomas Edisondur. Dəfələrlə sınayır və uğursuz olur. Sınama cəsarətini davam etdirir. Günün sonunda günümüzə lampanı qazandırır.

- Axı bir qisim insanlar dəfələrlə sınayırlar, amma yenə də alınmır.

- Onlar ağıl və biliklərini doğru istifadə etməyənlər, doğru çalışmayanlar, doğru işi görməyənlərdir. Bir yerdə su yoxdur, amma siz ordan su çıxarmağa çalışırsınız. Ola bilər çox cəsursunuz, amma bilikdən faydalanmamısınız, o ərazidə su olub-olmamasından məlumatınız yoxdur, istədiyiniz qədər cəsur olun, faydası olmaz. Ağıl və zəkanı cəsarətin içərisinə qarışdırmaq lazımdır.

“Cəsur olmayan birinin uğurlu ola biləcəyinə inanmıram”

- Bir insan cəsarətli olmaq istəyirsə, öz üzərində necə çalışmalıdır?

- Məsələn, cəsur olmayan insanlar iclaslarda fikirlərini söyləməkdən utanarlar. Düşünərlər ki, burda danışsam, məni aşağılayarlar, gülərlər və s. Bu cür yetərincə cəsur olmayan insanlara məsləhətim budur ki, kiçik addımlarla başlasınlar. Cəsarət dediyimiz şey kiçik addımlardan formalaşır. Bir gün öz fikrini ifadə etməyi sınasın, növbəti gün daha bir addım atsın. Kiçik addımlar atdığınız zaman nəticə olur. Gözə ala biləcəyiniz kiçik cəsarət nümunələri günün birində daha böyük cəsarətli addımlar atmağınıza gətirib çıxaracaq.

- Cəsarətli olmayan biri uğurlu ola bilər?

- Cəsur olmayan birinin uğurlu ola biləcəyinə inanmıram. Kimlərsə onları bir yerə gətirəcək, amma orada dura bilməyəcəklər. Birini dağın başına gətirib qoyun, cəsur deyilsə, orda dura bilməz. Qorxudan ölər. İlk fürsətdə enməyə çalışar.

Bacarıqlı olub, cəsarəti olmayanla, cəsarəti olub, bacarığı olmayanı qarşılaşdırdığınız an cəsarəti olan önə keçir. Çünki hərəkət edir. Həyat hərəkətlərimizi alqışlayır. Psixologiyada şəxsiyyətin göstərişi davranışdır. Bir şəxs öz daxilində yetərli qədər bacarıqlı olsun, bunu ortaya çıxaracaq cəsarəti yoxdursa, onun istedadını ancaq özü bilir.

“Uzun illər eyni vəzifədə çalışırsa, bunun ona da ziyanı var”

- İş həyatında cəsarətsizliyin ən böyük nümunələrindən biri də iş dəyişməkdən çəkinənlərdir.

- Bir şəxs bir şirkətdə xoşbəxtdirsə, uzun müddət orda işləyə bilər, amma həmişə eyni vəzifədədirsə, problem var. Eyni şirkətdə karyera irəliləməsi gedirsə, 40 il də eyni şirkətdə çalışa bilər. Bir insan uzun illər eyni vəzifədə çalışırsa, bunun ona da ziyanı var, çalışdığı müəssisəyə də. Peşə korluğu deyilən məsələ var. Müəyyən zamandan sonra artıq işçi heç nə istehsal etmir, problemi belə görmür. Vəzifə irəliləməsi yoxdursa, iş yerini dəyişdirməyi təklif edirəm. Amma dolanışıq məsələsi də var, işdən çıxanda başqa iş tapa biləcəkmi? Ona görə məcbur eyni işdə qalanlar var. Perspektivi düşünürüksə, məqsədlərimiz varsa, eyni işdə nə qədər müddət çalışdığımıza baxmalıyıq.

- Bir vəzifədə neçə il qalmalıyıq?

- Vəzifəyə və sektora görə dəyişir. Ofis işlərindən söhbət etsək, onlara bir vəzifə üçün 2-3 il bəs edir, sonra dəyişilməsi lazımdır. Maksimum 5 il. İdeal halda 2 ildən bir vəzifə dəyişməlidir. 1-ci il işi öyrəndi, ikinci il dəyər qatdı, 3-cü il növbəti vəzifəyə qalxdı.

- “Məqsədlərimiz varsa” dediniz. İş həyatında mütləq bir məqsədimiz olmalıdır?

- Mütləq olmalıdır. Çünki məqsədsiz insanın bir müddət sonra motivasiyası düşür. O cür insan çoxdur, onlar yavaş-yavaş ölürlər. Xəyalları, istəkləri, həvəsləri ölür. Amma həm də sevdiyiniz işi görməlisiniz. Sevdiyiniz işlə məşğul olsanız, orda böyüyərsiniz. Bitki sevdiyi torpaqda daha yaxşı böyüyür. Buna görə doğru işi tapmalısınız.

- Doğru işdə çalışıb-çalışmadığımızı necə müəyyənləşdirək?

- O işi görərkən aldığımız zövq qazandığımız pulu xərcləyərkən aldığımız zövqdən çoxdursa, deməli, doğru işdəyik.

ƏN ÇOX OXUNANLAR

0.019432067871094