Son həftələr bitkoin və qızıl qiymətləri tarixi maksimumlardadır və ciddi bir ajiotaj var.
"Ölkə.Az" xəbər verir ki, iqtisadçı ekspert Natiq Cəfərlinin sözlərinə görə, bu gedişatın 4 səbəbi ola bilər:
"İlk olaraq, dünyada çox böyük iqtisadi böhran gözlənilir. Yatırımçılar qızıla və koinlərə yönələrək vəsaitlərini qorumağa çalışırlar.
İkinci versiya pandemiya ilə bağlıdır. Pandemiyanın cinayətkarcasına idarə edilməsi zamanı dünya iqtisadiyyatına 18 trilyon dollar pul səpildi, hər yerdə inflyasiya artdı, sadə insanlar kasıblaşdı, lakin varlılar daha da varlandı. İndi həmin vəsaitin bir hissəsi “sterilizasiya” olunmalı, yəni “buxarlanmalıdır”. Bunun ən asan yollarından biri koinlərdə vəsaitin “yandırılmasıdır” ki, çox güman, indi həmin əməliyyata şahidlik edirik.
Digər tərəfdən, FED və digər Mərkəzi Banklar bu il faiz endirimlərinə gedəcəklər. İnvestorlar düşünür ki, bazarda yenə ucuz pullar artacaq, bu isə yatırım alətlərinin qiymətini yüksəldəcək. Buna görə də, öncədən bu alətlərə yönələrək sonradan qazanmaq istəyirlər.
Sonuncu olaraq, bitkoinin “mining” (istehsal) sayı məhduddur. İndi isə sona gəlinir, say bitməyə doğru gedir. Yeri gəlmişkən, bitkoinin yeganə məntiqi “aktivi” sayının məhdud olması məsələsidir. Lakin düşünürəm ki, bu yatırımçılar üçün tələdir. Çünki artıq proses başlayıb, 1 bitkoini, obrazlı desək, min yerə böyüb də satmaq olar. İndi də eyni proses olacaq, birjalarda bitkoini “stock split” edib kiçik hissələrlə satacaqlar".
Ekspert deyir ki, bitkoin tam spekulyativ və təklükəli aktivdir: "Bəli, kimsə böyük pullar qazanıb, qazanacaq da, lakin unutmayın ki, kiçik qrup qazananda, həmişə böyük qrup insanlar uduzur. Yəni, uduzanlar olmazsa, qazananlar da olmur. Bundan öncə də bitkoinin dəyəri 70 minə yaxınlaşmışdı, sonra 2022-ci ildə 16 minə qədər endi. Dünya üzrə kiçik yatırımçılar 1 trilyon dollar pul itirdilər".
"Qızıl isə ciddi məsələdir, tarixən qızıl iqtisadi təlatümlərdən öncə və ya böhranlar zamanı “güvənli liman” rolunu oynayır. İndi qızılın qiymətinin kəskin artması böyük böhranın qapıda olması deməkdir", - deyə N. Cəfərli əlavə edib.
Könül
Ölkə.Az