Seçildiyim dairəyə daxil olan Daşkəsən və Şəmkir rayonlarının da sosial-iqtisadi inkişafının sürətləndirilməsi istiqamətində davamlı tədbirlər görülür. Amma, fürsətdən istifadə edərək, seçicilərimi narahat edən bəzi problemləri diqqətinizə çatdırmaq istərdim və onların həlli üçün köməklik göstərilməsini xahiş edərdim.
Ölkə.Az xəbər verir ki, bunu deputat Kamran Bayramov parlamentdə hökumətin illik hesabatının müzakirəsi zamanı deyib.
“Daşkəsən rayonunun əsas problemlərindən biri məşğulluq məsələsidir və bu problem əsasən rayon ərazisində yerləşən və vaxtilə 2 mindən çox insanın işlədiyi Daşkəsən Filizsaflaşdırma Kombinatının uzun müddət fəaliyyətsiz qaldığı ilə bağlıdır. 2020-ci ildə cənab Prezidentin imzaladığı müvafiq Sərəncamlara əsasən Daşkəsən dəmir filizi yatağının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənilməsi və idarə olunması “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinə tapşırılıb, yatağın istismara verilməsi ilə əlaqədar qiymətləndirmə işlərinin aparılması üçün Cəmiyyətə maliyyə vəsaiti ayrılıb, “Daşkəsən Dəmir Filiz” Məhdud Məsuliyyətli Cəmiyyət yaradılıb. Ötən dövr ərzində bu sahədə xeyli işlər görülüb, təqdim olunmuş hesabatda da həmin işlərin miqyası aydın şəkildə göstərilib.
Bununla əlaqədar, “AzerGold” Qapalı Səhmdar Cəmiyyətindən qeyd edilən müəssisənin tezliklə istismara verilməsi üçün tədbirlərin görülməsini xahiş etmək istərdim. Bu müəssisənin işə salınması yeni iş yerlərinin açılmasına, Daşkəsənin və hətta ətraf rayonların sakinlərinin daimi işlə təmin olunmasına və sosial rifahının yüksəldilməsinə, bu regionda işsizlik səviyyəsinin əhəmiyyətli dərəcədə azalmasına və, ümumilikdə, bölgənin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə xidmət edəcək”.
O həmçinin hökumət üzvlərinin diqqətini Şəmkir rayonunda yaşayan əhalini narahat edən problemlərdən birinə də cəlb edib: “Bu qaz təchizatı ilə bağlıdır. Əslində, həmin rayonlarda əksər yaşayış məntəqələri qazla təmin olunub. Lakin həmin məntəqələrdə yeni yaşayış məhələlləri və massivləri salınıb, amma dəfələrlə edilmiş müraciətlərə baxmayaraq, bu günə qədər qazla təmin edilməyib. Məsələn, Şəmkir rayonunun Kür qəsəbəsində, Abbaslı, Düzqışlaq, Xuluf, Keçili, Könüllü, Səməd Vurğun, Qapanlı, Mahmudlu, Təzəkənd, Yeni Yol və Yeniabad kəndlərində salınmış yeni yaşayış massivlərində 3000 nəfərin yaşadığı 650 ev təsərrüfatının, eyni zamanda, 394 nəfərin yaşadığı 113 ev təsərrüfatına malik olan Nərimanlı kəndinin tam qazlaşdırılmasına ehtiyac var. Bununla əlaqədar Hökumətimizdən qeyd edilən ev təsərrüfatlarının və adı çəkilən kəndin qazla təmin edilməsi üçün zəruri tədbirlərin görülməsini xahiş edirəm”.
Mürtəza
Ölkə.Az