Biz bəzən sosial şəbəkədə özəlliklə də haylara işləyən və işlədilən manqurtların işğaldan azad olunan torpaqlarımızdakı quruculuq prosesini gözdən salmaq üçün bəzi xırda nöqsanlardan necə faydalanmağa çalışdıqlarını görürük. Sayseçmə oğullarımızın çanları, qanları hesabına azad edilən torpaqlarda çalışan şirkət rəhbərindən tutmuş fəhləyədək heç kim işinə səhlənkar yanaşmamalıdır. Buna yol vermənin adı yumşaq desək, ləyaqətsizlikdir.
Ölkə.Az xəbər verir ki, bunu deputat Sahib Alıyev parlamentdə hökumətnin illik hesabatının müzakirəsi zamanı deyib.
“Ümumiyyətlə, vətənpərvərlik kimi bizdə yüksək əmək mədəniyyətinin təbliğinə də böyük ehtiyac var və əslində öz işini ləyaqətlə görmək elə ən gözəl vətənpərvərlikdir ki, ilk növbədə dövlətdən maliyyələşən informasiya resursları, özəlliklə də televiziyalar bunu diqqətdə saxlamalıdırlar”, - o bildirib.
Deputat təmsil etdiyi rayonla da bağlı deyib ki, 2019-2023-cü illərdə Tərtərin İsmayılbəyli və Soyulan kənd tam orta məktəblərinin tikintisi nəzərdə tutulsa da, hələ işlərə başlanmayıb: “Sözügedən dövrdə bəzi səhiyyə və mədəniyyət obyektlərinin də əsaslı təmiri və tikintisi planlaşdırılmışdı ki, burada da vəziyyət eynidir. Sel və daşqın sularından mühafizə tədbirlərinin həyata keçirilməsi sahəsində də görülən işlər yarımçıq qalıb. Aydındıdr ki, biz milyardlarla vəsaiti işğaldan azad olunmuş torpaqlarımızdakı quruculuq prosesinə yönəldirik və bu belə də olmalıdır. Amma istərdim o da nəzərə alınsın ki, uzun illər cəbhəyanı bölgə olması səbəbindən yüksək işsizliyin də qaldığı Tərtərin indi ayrıca diqqətə ehtiyacı var”.
Mürtəza
Ölkə.Az