“Ali məktəb müəllimlərinin, elm sahəsində çalışan insanların maddi təminatının, həyat şəraitinin yaxşılaşdırlması istiqamətində tədbirlərin davam etdirilməlidir. Son illər Cənab Prezidentin diqqət və qayğısı ilə bu istiqamətdə mühüm addımlar atılsa da bu məsələyə yenidən baxılmasına ehtiyac var. Bu gün bu məsələ gənc nəslin elmə marağına çox ciddi təsir göstərir”.
Ölkə.Az xəbər verir ki, bunu deputat Ceyhun Məmmədov parlamentdə hökumətin illik hesabatının müzakirəsi zamanı deyib.
O, çoxsaylı vətəndaş müraciətlərini nəzərə alaraq əmək pensiyasının minimum məbləğinin artırılması məsələsinə baxılmasını təklif edib: “Son illər ölkəmizdə maliyyə və bankçılıq sahəsində dövlətimiz tərəfindən bir çox mühüm tədbirlər həyata keçirilib, qanunvericilik bazası daha da təkmilləşdirilib. Əvvəlki illərlə müqayisədə kredit faizlərində azalma olsa da, xüsusilə istehlak və biznes kreditlərinin faizlərinə yenidən baxılmasına ehtiyac var”.
Deputat həmçinin Respublikanın ayrı-ayrı bölgələrində müxtəlif səbəblərdən bağlı olan məscidlərin fəaliyyətinin mərhələli şəkildə bərpasını təklif edib: “Ölkəmizdə milli-mənəvi dəyərlərimizin təbliği baxımından bu məscidlərin fəaliyyəti xüsusi önəm daşıyır”.
Mürtəza
Ölkə.Az