• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Azərbaycan Prezidenti və Gürcüstan Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidze martın 16-da mətbuata bəyanatlarla çıxış ediblər.

"Ölkə.az" xəbər verir ki, əvvəlcə Azərbaycan Prezidenti bəyanatla çıxış etdi.

Prezident İlham Əliyevin bəyanatı

-Hörmətli cənab Baş nazir.

Hörmətli qonaqlar.

İlk növbədə, cənab Baş nazir, Sizi Azərbaycanda səmimiyyətlə salamlayıram, Azərbaycana xoş gəlmisiniz. Mən şadam ki, Baş nazir vəzifəsində fəaliyyətinizə başlayandan dərhal sonra Siz Azərbaycana səfər edirsiniz. Bu münasibətlə mən Sizə təşəkkürümü bildirdim. Eyni zamanda, Sizi bir daha Baş nazir vəzifəsində fəaliyyətə başlamağınız münasibətilə ürəkdən təbrik edirəm.

Sizin səfəriniz çox böyük əhəmiyyət daşıyır. Biz təkbətək görüş əsnasında bir çox məsələləri geniş müzakirə etdik. Gürcüstan və Azərbaycan iki müstəqil dövlət kimi daim bir-birinin yanındadır, bizim dostluğumuz, qardaşlığımız dərin tarixi köklərə əsaslanır. Əsrlər boyu bizim xalqlarımız dostluq və mehriban qonşuluq şəraitində yaşamışlar, dövlətlərarası münasibətlər bu möhkəm zəmin üzərində qurulmuşdur.

Bu gün hər iki ölkə birgə səylərlə nəinki öz iqtisadi inkişafını təmin edir, eyni zamanda, bölgə üçün və böyük mənada Avrasiya üçün də önəmli ölkələrə çevrilib. Birgə həyata keçirdiyimiz infrastruktur layihələri - nəqliyyat, enerji layihələri bir çox ölkələr üçün böyük əhəmiyyət kəsb edir və bundan sonra da bu istiqamətdə əlavə addımlar atılacaq. Xüsusilə nəqliyyat sahəsində yaradılan və yaradılacaq yeni infrastruktur bir çox ölkələr üçün əvəzolunmaz imkanlar açacaq. Xüsusilə Bakı-Tbilisi-Qars dəmir yolunun bir-iki aydan sonra artıq genişləndirilmiş formada fəaliyyətə başlaması hesab edirəm ki, böyük nailiyyətlərdən biridir. Dediyim kimi, bir-iki aya bu dəmir yolunun ötürmə qabiliyyəti 1 milyon tondan 5 milyon tona çatdırılacaq və eyni zamanda, bu dəmir yolunun fəaliyyəti bir çox ölkələr üçün də cəlbedici olacaq.

Bu ayın əvvəlində Bakıda ənənəvi Cənub Qaz Dəhlizinin Məşvərət Şurası keçirilmişdir, Gürcüstan bu tədbirdə yüksək səviyyədə təmsil olunmuşdur. Bütün iştirakçılar bir daha gördülər ki, burada Azərbaycan, Gürcüstan və Türkiyə bu layihənin təşəbbüskarları kimi xüsusi rola malikdirlər. Azərbaycan qazı Gürcüstan vasitəsilə bir neçə ölkəyə ixrac edilir. Ümumiyyətlə, Azərbaycan qazını alan ölkələrin sayı 8-ə çatıb və bu, son deyil. Yaxın gələcəkdə bu ölkələrin sayı artacaq və Azərbaycanın enerji resurslarına olan tələbatı ildən-ilə artır və artacaq. Biz dünya bazarlarının xüsusiyyətlərini yaxşı bilirik, mən dünya enerji bazarlarını nəzərdə tuturam. Yaxşı bilirik ki, Avropa qitəsində Azərbaycan qazına tələbat ildən-ilə artacaq. Bizim həm resurslarımız var, sərmayə qoymaq üçün maliyyə imkanlarımız var, Gürcüstan kimi etibarlı dostlarımız var ki, tranzit imkanları genişdir. Belə olan halda bizim enerji layihələrimiz bundan sonra da bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edəcək və burada Gürcüstan ilə Azərbaycan iki etibarlı tərəfdaş kimi çıxış edir.

Təbii ki, biz yeni layihələr üzərində də işləyirik. Onlardan biri yaşıl enerji layihəsidir. Burada da Gürcüstan və Azərbaycan digər ölkələrlə bərabər çox böyük və genişmiqyaslı layihənin icrasına başlamışdır. Hesab edirəm ki, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars kimi uğur gətirən layihələr yaşıl enerji layihəsi üçün örnək olacaq və yaşıl enerji layihəsi eyni müvəffəqiyyətlə icra ediləcəkdir. Buna da böyük tələbat var. Həm Gürcüstanın, həm Azərbaycanın çox böyük bərpaolunan enerji potensialı var və biz hazırda texniki-iqtisadi əsaslandırma üzərində çalışırıq. Hesab edirəm ki, ilin sonuna qədər bu iş başa çatacaq və ondan sonra praktiki addımlar atılacaqdır.

Mən bir məsələni də qeyd etmək istəyirəm ki, aparılan düşünülmüş islahatlar nəticəsində Gürcüstanda sabitlik, əmin-amanlıq, təhlükəsizlik hökm sürür. Bu, xüsusilə indiki geosiyasi vəziyyəti nəzərə alsaq, böyük nailiyyətdir və biz bütün bu uğurlar münasibətilə gürcü qardaşlarımızı təbrik edirik.

Bizim ticarət dövriyyəmiz də artmaqdadır. Artıq 900 milyon dollara yaxındır və keçən il təxminən 15 faiz artıb. Gürcüstan Hökumətinin düşünülmüş islahat siyasəti nəticəsində ölkədə çox gözəl sərmayə iqlimi yaradılmışdır. Azərbaycan investorları Gürcüstan iqtisadiyyatına 3,4 milyard dollar sərmayə qoymuşlar. Təbii ki, bunun əsas səbəbi gözəl investisiya iqliminin mövcudluğudur.

Eyni zamanda, bu gün biz ölkələrimizin ərazi bütövlüyü, suverenliyi ilə bağlı bir daha qarşılıqlı dəstək ifadə etdik və bu gün mətbuat qarşısında mən bunu bir daha demək istəyirəm. Biz bütün dövrlərdə bir-birimizin suverenliyini, ərazi bütövlüyünü, sərhədlərin toxunulmazlığını dəstəkləyən açıqlamalar vermişik, müvafiq beynəlxalq təşkilatlarda səsvermə zamanı bir-birimizi dəstəkləmişik, bundan sonra da bu dəstək davam edəcək. Heç bir ölkənin suveren ərazisi zor gücü ilə dəyişdirilə bilməz. Beynəlxalq hüququn normaları hər bir ölkə üçün əsas olmalıdır və burada heç bir ayrı-seçkilik ola bilməz. Azərbaycan uzun illər ərzində işğaldan əziyyət çəkmiş, öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş ölkə kimi çox yaxşı bilir ki, beynəlxalq hüququn normaları bəzi hallarda güc tətbiq etməklə bərpa olunur. Bu yol da tamamilə qanunidir. BMT Nizamnaməsi hər bir ölkəyə özünü müdafiəetmə hüququ tanıyıb və Azərbaycan məhz bu hüquqdan istifadə edərək ərazi bütövlüyünü bərpa etmişdir.

Bir daha demək istəyirəm ki, Gürcüstanın Baş nazirinin - dost, qonşu və qardaş ölkənin rəhbərinin səfəri böyük əhəmiyyət daşıyır. Əminəm ki, bizim bu gün başlayan şəxsi tanışlığımız dostluğa çevriləcək, çünki xalqlarımız dost xalqlardır. Bizim nümayəndə heyətinin üzvləri bir-biri ilə uzun illər təmasdadırlar və onları da dostluq əlaqələri bağlayır. İki qardaş ölkə bundan sonra da əl-ələ verərək, çiyin-çiyinə irəliyə gedəcək və qarşıda duran bütün vəzifələri birlikdə həll edəcəkdir.

Bir daha cənab Baş nazir Sizi salamlayıram, bir daha “Xoş gəlmisiniz!” deyirəm.

X X X

Sonra Gürcüstanın Baş naziri bəyanatla çıxış etdi.

Baş nazir İrakli Kobaxidzenin bəyanatı

-Hörmətli cənab Prezident.

Hörmətli media nümayəndələri.

Baş nazir seçilməyimdən sonra Azərbaycanda səfərdə olmağımdan çox məmnunam. Bizim üçün çox vacib idi ki, ilk səfərlərdən biri Azərbaycana edilsin. Mən cənab Prezident Əliyevə nümayiş etdirilən qonaqpərvərliyə görə təşəkkür edirəm.

Cənab Prezident, Siz də qeyd etdiyiniz kimi, bizim ölkələri tarixi dostluq bağları birləşdirir və bu münasibətlər çox möhkəm təməl üzərində qurulub. Əminəm ki, bu münasibətlər bundan sonra da eyni ruhda davam edəcək. Hazırda bizim siyasi, iqtisadi və digər sahələrdə çox gözəl dialoqumuz var, müsbət dinamikamız mövcuddur. Bizim niyyətimiz bu əməkdaşlığı və tərəfdaşlığı dərinləşdirməkdir.

Ölkələrimiz arasında siyasi tərəfdaşlığı bir daha qeyd etmək istərdim. Azərbaycana və Prezidentinə təşəkkür edirəm ki, hər zaman ölkəniz bizim ölkəmizin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyib. Bildiyiniz kimi, Gürcüstan da hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib.

Bu gün bizim çox məhsuldar görüşümüz oldu, müxtəlif mövzulara toxunduq. Qardaş ölkələrimiz arasında qlobal siyasi hadisələri də müzakirə etdik. Ölkələrimiz arasında tərəfdaşlıq və dostluq həmin qlobal kontekstdə də olduqca vacibdir. Sülh məsələlərinə xüsusi diqqət yetirilməlidir və bizim mövqeyimiz ondan ibarət olmuşdur. Biz sabitliyə maksimum dərəcədə töhfə verməyə çalışmışıq. Biz gələcəkdə də regionumuzda bunu davam etdirəcəyik.

Bizim birlikdə təməlini qoyduğumuz bir sıra layihələr var və onlar strateji əhəmiyyət daşıyır. Gələcək üçün də çox böyük planlarımız var. Biz cənab Prezidentlə bir sıra layihələri müzakirə etdik, orada birgə iştirak imkanlarımız var. Bu sahədə işlər bizim üçün də çox önəmlidir. Eyni zamanda, ticarət məsələsini müzakirə etdik. Azərbaycan Gürcüstanın ilk beşlikdə yer alan ticarət tərəfdaşıdır və biz əminik ki, bu rəqəmlər getdikcə artacaq. Nəqliyyat, energetika sahələrində də çox mühüm potensialımız var və cənab Prezident artıq bunu qeyd etdi. Bu işlər davam etdiriləcək. Qarşılıqlı səfərlər davam edəcək. Nümayəndə heyətlərinin görüşləri davam edəcəkdir ki, bu sahələrdə də bizim əməkdaşlığımız dərinləşdirilə bilsin. Biz bu əməkdaşlığı irəliyə aparmağa tam şəkildə hazırıq.

Ümid edirəm ki, cənab Prezident tezliklə Gürcüstana səfər edəcək. Mən onu artıq dəvət etdim. Bu, bizim üçün çox böyük şərəf olardı. Bu səfər bizim əməkdaşlığımızın dərinləşdirilməsinə bir daha xidmət edəcək. Bir daha vurğulamaq istəyirəm ki, tərəfdaşlığımız mükəmməl səviyyədədir. Əlbəttə, hər zaman potensial var və biz bundan sonra da bu dostluğu, əməkdaşlığı və tərəfdaşlığı dərinləşdirmək üçün əlimizdən gələni edəcəyik.

Cənab Prezident, qonaqpərvərliyə görə bir daha sağ olun.

 

***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstan Respublikasının Baş nazir İrakli Kobaxidze mətbuata bəyanatlarla çıxış edirlər.

Ölkə.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

ƏN ÇOX OXUNANLAR

0.028810024261475