"Bu gün Azərbaycan Avrasiya coğrafiyasında təkcə ciddi enerji və logistika qovşağına deyil, eyni zamanda qlobal humanitar problemlərin, sivilizasiyalararası məsələlərin dialoq mərkəzinə çevrilib. Bakı son illərdə dünyanı daha çox narahat edən sivilzasiyalararası və humanitar sahənin müzakirə edildiyi ənənəvi bir mərkəzə çevrilib. Bakı Qlobal Forumu üzərinə düşən missiyanın öhdəsindən gəlmək baxımdan beynəlxalq miqyasda özünü doğruldub. Ona görə də bu gün beynəlxalq miqyasda Bakı Qlobal Forumu Davos Dünya İqtisadi Forumu, Münhen Təhlükəsizlik Konfransı kimi aparıcı beynəlxalq forumlarla bir cərgədə dayanır və buna böyük maraq var. Bakıda keçirilən “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumu və toplantıda 60-ya yaxın ölkədən 400-dək qonağın iştirakı dediklərimizin bariz nümunəsidir".
Bunu Ölkə.Az-a açıqlamasında deputat İltizam Yusifov deyib.
Deputat bildirib ki, hər il Bakıda keçirilən müzakirələr müxtəlif mühüm beynəlxalq məsələləri daha yaxşı anlamağa imkan verir. "Biz bu gün dünyada baş verən proseslərə nəzər salsaq görərik ki, dünya həqiqətən də ciddi şəkildə parçalanıb, ciddi böhran, kataklizmlər içərisindədir. Dünyanın müxtəlif bölgələrində münaqişələr, müharibələr hökm sürməkdədir. Böhranlar həllini tapmaq əvəzinə daha da dərinləşir ki, bu da yaşadığımız planeti ciddi təhlükə ilə üz-üzə qoyur. Dünya özünün qəbul etdiyi dayanıqlı inkişaf yolunda uğursuz olmaqla yanaşı, təhdidlər də artır. İqlim dəyişmələri, biomüxtəlifliyin pozulmasından tutmuş qiymətli su ehtiyatlarının qeyri-düzgün idarə olunmasına qədər qlobal çağırışlar bütün bəşəriyyəti əhatə edir. Çox təəssüflər olsun ki, baş verənlərdən dərs çıxarmırıq. Ona görə də qlobal çağırışlar qlobal cavab tədbirləri tələb edir. Amma buna baxmayaraq digər tərəfdən elm, texnologiya və innovasiya sahələrində inanılmaz inqilabın astanasında olmağımız, süni zəka hazırda hər şeyə öz təsirini göstərir. Odur ki, dünyamızı üzləşilən bu mürəkkəb problemlərdən xilas etmək istiqamətində təxirəsalınmaz addımlar atılmalıdır. Yoxsa bütün dünya ölkələri bunun ağır fəsadlarını yaşamalı olacaq. Hesab edirəm ki, Qlobal Bakı Forumu dünyanın üzləşdiyi bu çağırışları müzakirə edib vəziyyətdən çıxış yolu tapmaq baxımdan xüsusi rola malikdir. Qlobal Bakı Forumunun bu istiqamətdə təcrübəsi var. Çünki bu Forum məxsusi təcrübəyə və müdrikliyə malik, fərqli rəyləri söyləyən tanınmış insanları bir araya gətirən unikal azadlıq məkanıdır. Forumda bu gün dünyamızı narahat edən ən müxtəlif məsələləri müzakirə edib həlli yollarını tapmaq mümkündür. Əminəm ki, Qlobal Bakı Forumu dünyanın qarşısında duran çağırışların həllinə öz töhfəsini verəcək. Noyabrda Bakıda keçiriləcək COP29 tədbiri də elə bu qəbildən hesab etmək olar. Orada bu gün dünyamızı çox ciddi şəkildə narahat edən iqlim dəyişikliləri məsələsi müzakirə ediləcək. COP29-un Azərbaycanda keçirilməsi, Azərbaycanın yaşıl keçidlə bağlı səylərinin qəbul edilməsi kimi qiymətləndirilməlidir. Azərbaycan bu sahədə də öz töhfəsini verməyə hazırdır və fəaliyyətini bu istiqamətdə qurub. Azərbaycan bu gün Xəzər dənizindən Qara dənizə və Avropaya qədər uzanacaq yaşıl enerji elektrik kabelinin inşası ilə fəal şəkildə məşğuldur.
Qlobal Bakı Forumunun digər mühüm əhəmiyyəti isə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımdan ciddi beynəlxalq platformadır.
Bu həm də Azərbaycanın dünyada gücünü, qüdrətinin nümayişi deməkdir. Ənənəvi Qlobal Bakı Forumu nəticə etibarilə Azərbaycanın beynəlxalq aləmdəki rolunun artmasına, nüfuzunun möhkəmlənməsinə və üzləşdiyi problemlərin həlli baxımdan da perspektivli bir platformadır".
Mürtəza
Ölkə.Az