Ermənistanın 1990-cı illərin əvvəllərində işğal etdiyi Qazax rayonunun 7 kəndindən 4-nün Azərbaycana qaytarılması ilə bağlı çaxnaşma və gərgin müzakirələr davam edir.
Baş nazir Nikol Paşinyan Tavuş vilayətinin Azərbaycanla həmsərhəd kəndlərinin sakinlərinə yaşayış məntəqələrinin işğaldan azad edilməsi planından imtina etdikləri təqdirdə müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq etdikdən sonra həm rəsmi Moskva, həm də rusiyayönlü müxalifət hökumət başçısına qarşı ittihamlar səsləndirib.
Bununla yanaşı, hələ də müxalifət dairələrində Bakının dayanmayacağı və Ermənistan ərazisinə daha da dərinləşəcək mümkün mövqeyi ilə bağlı spekulyasiyalar yayılmaqdadır.
Ölkə.Az xəbər verir ki, keçmiş müdafiə naziri, parlamentdəki “Ermənistan” fraksiyasının rəhbəri Seyran Ohanyan iddia edir ki, dörd kənd geri qaytarıldıqdan sonra Azərbaycan ordusu Lori rayonunun inzibati sərhədlərinə doğru irəliləyəcək.
Serj Sarkisyanın dövründə Ermənistan Ədliyyə Nazirliyinin penitensiar xidmətinə rəhbərlik etmiş, hazırda Moskvada yaşayan və beynəlxalq axtarışda olan general Mihran Poqosyan bildirib ki, Paşinyan təkcə 4 kəndi deyil, həm də Ermənistanın Geqarkunik rayonundakı 2 yaşayış məntəqəsini qaytarmağa hazırlaşır. Onun sözlərinə görə, bundan sonra Azərbaycanın Göyçə gölünə birbaşa çıxışı olacaq.
Qeyd edək ki, Poqosyan hazırda Moskvada iri bizneslə məşğuldur. O, məmur kimi Panama qalmaqalında iştirak edib. Bundan başqa, rusiyayönlü general Erməni Milli Birlik partiyasına rəhbərlik edir.
Amerikanın özəl “Stratfor” analitik mərkəzi öz ekspert qiymətləndirməsində Nikol Paşinyanın Azərbaycandan gələn təhdidləri şişirtdiyinə işarə edir: “Paşinyanın qaçılmaz müharibə ehtimalı ilə bağlı bəyanatı mübaliğədir, lakin Ermənistanın Azərbaycanın hərbi hərəkətlərindən qorxduğunu göstərir. Bu qorxu çox güman ki, İrəvanı Bakının tələblərinə boyun əyməyə məcbur edəcək”.