"Dünəndən həmvətənlərimiz bu mövzuda xeyli şərhlər, versiyalar deyib yazıblar. Düşünürəm ki, belə qanlı terror cinayəti haqqında indi rəy vermək tezdir, ona görə də versiyalar ciddi gəlmir. Amma mənim diqqətimi iki detal cəlb elədi. Terrorda iki islam - müsəlman - obrazı vardı".
Ölkə.Az xəbər verir ki, bu sözləri araşdırmaçı jurnalist Kənan Rövşənoğlu Moskva vilayətində baş verən terror haqda fikirlərini bildirərkən qeyd edib.
"Birincisi, terroru törədən orta asiyalı idi, hansı ki, ələ keçmişdi, onun ilkin dindirilməsinin videosu yayılmışdı.
İkinci İslam isə Ticarət mərkəzində çalışan yeniyetmə İslam idi. Hansı ki, 100-dən çox insanı xilas etdiyi iddia edilir və media, sosial şəbəkələr onu tirajlayır.
Maraqlı elementdir. Rusiya hakimiyyəti demək istəyir ki, terroru törədən müsəlman olsa da, bu hadisə müsəlmanlara qarşı çevrilməyəcək, çünki xilaskar da müsəlman - İslamdır", - o bildirib.
Onun sözlərinə görə, Rusiya kiçik dövlət deyil, bu terrorun əsl müəllifləri isə yaxın vaxtlarda cavab aktlarında gizlənəcək: "Cavab aktları kimə qarşı olsa demək sifariş də ordan gəlib. Fərqi yoxdur, terroru xaricdən, yoxsa daxildən sifariş ediblər".
Qeyd edək ki, ötən axşam Moskvadakı “Crocus City Hall”da törədilən terror aktı nəticəsində ölənlərin sayı 133 nəfərə çatıb.
FSB direktoru Aleksandr Bortnikov Prezident Vladimir Putinə konsert salonuna hücumla bağlı 11 nəfərin saxlanılması barədə məlumat verib.