Çinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Li Hui deyib ki, Rusiya və Ukrayna müharibənin danışıqlar yolu ilə bitəcəyinə ümid edirlər. Baxmayaraq ki, müharibə edən tərəflər münaqişənin həlli ilə bağlı fərqli fikirlərə malikdirlər. O, həm Ukraynanın, həm də Rusiyanın iştirakçısı olacağı beynəlxalq sülh konfransının keçirilməsini təklif edib.
"Ölkə.az" xəbər verir ki, bu barədə "Reuters" yazır.
Li Hui Moskva, Kiyev və bir sıra Avropa paytaxtlarına etdiyi son səfəri zamanı diplomatlara və jurnalistlərə xəbərdarlıq edib ki, müharibə daha da böyüyə bilər.
"Bütün tərəflər öz mövqelərində dayanırlar və onların sülh danışıqları ilə bağlı anlayışlarında nisbətən böyük boşluq var. Lakin hamı razılaşır ki, bu müharibəni silahlar deyil, danışıqlar son nəticədə bitirəcək. Müharibənin başlamasından iki ildən çox vaxt keçsə də, nəinki hərbi əməliyyatlarda sakitləşmə əlamətləri yoxdur, əskinə, münaqişənin daha da genişlənməsi təhlükəsi də var", deyə Çin nümayəndəsi vurğulayıb və əlavə edib ki, atəşi dayandırmaq çətin olacaq.
"Reuters" xatırladıb ki, Pekin və Moskva Rusiyanın Ukraynaya tammiqyaslı işğalı başlamazdan əvvəl məhdudiyyətlər olmadan tərəfdaşlıq sazişi bağlayıb, buna görə də Pekin Kremli işğala görə qınamayıb. Öz növbəsində bəzi Ukrayna rəsmiləri bildiriblər ki, Çin müharibəni dayandırmaq üçün danışıqlara cəlb edilməlidir.
Li Hui həmçinin qeyd edib ki, Çin beynəlxalq konfransın həm Rusiya, həm də Ukrayna tərəfindən tanınmasına və hər iki tərəfin bərabərhüquqlu iştirakçı olmasına çalışır. O hesab edir ki, İsveçrənin bu il ev sahibliyi etməyi planlaşdırdığı konfrans uğursuzluğa məhkumdur.
"Vurğulamalıyam ki, Çin tərəfi bir tərəfi digərindən üstün tutmur, sadəcə görüşün uğurlu olacağına əmin olmaq istəyir. Gördüyünüz kimi, Çin tərəfinin niyyəti çox aydındır: sürətli görüşə töhfə vermək. Bu, böhranın siyasi həllidir", deyə siyasətçi bildirib.