Rusiya Silahlı Qüvvələri Ukraynanın Donetsk vilayətinin Pokrovsk rayonunun Krasnohorivka kəndini atəşə tutması nəticəsində üç nəfər yaralanıb.
“Ölkə.Az” xəbər verir ki, bu barədə Donetsk Vilayət Prokurorluğu feysbukda açıqlayıb.
Bildirilib ki, əvvəlcə səhər saatlarında Rusiya hərbçiləri yaşayış məntəqəsini artilleriya atəşinə tutaraq iki nəfəri yaralayıblar. Daha sonra eyni bölgəyə aviazərbə endirilib. Nəticədə 70 yaşlı kişi ölüb.
“Sıyrıq, qəlpə yaraları və qançırları olan bütün zərərçəkənlər tibb müəssisəsinə aparılıb”, – prokurorluq diqqətə çatdırıb.
Qeyd edək ki, Ukraynanın Donetsk vilayətinin böyük qismi 2014-cü ildən rusiyayönümlü separatçıların, 2022-ci ilin fevralından isə rəsmi şəkildə Rusiya Silahlı Qüvvələrinin nəzarəti altındadır. 2022-ci ilin fevralında genişmiqyaslı hərbi müdaxiləyə baxmayaraq, Moskva regionu tam işğal edə bilməyib.