Rusiyanın paytaxtı Moskvada konsert zalına hücum edən terrorçular hakim qarşısına çıxarılarkən döyülmüş vəziyyətdə olub.
Ölkə.Az xəbər verir ki, İŞİD-in məsuliyyəti üzərinə götürdüyü terror aktını törədən müttəhimlərin dindirilərkən döyüldüyü müşahidə edilib.
Görüntülərdə hər dörd şəxsin bədəninin müxtəlif yerlərində yaralar olduğu, onlardan birinin az qala huşunu itirdiyi, digərinin isə qulağının kəsildiyi öz əksini tapıb.
Rusiya mətbuatında dərc olunan xəbərlərdə terrorçuların bəzilərinin qulaqlarının kəsilməsinin səbəbi açıqlanıb. "Moskovski Komsomolets" qəzetinə danışan hərbi ekspert bunun köhnə sorğu-sual üsulu olduğunu deyib:
"Bu üsulla cinayətkarları tez danışdırırlar. Təbii ki, bunu etmək asan deyil, xüsusi təlim keçmək lazımdır. Belə hallarda terrorçulara qarşı insan hüquqlarının əhəmiyyəti azalır. İŞİD kimi terror qrupları üçün fərqli bir vəziyyət var. Qulaqların kəsilməsi radikal qruplar üçün çox şey deməkdir. Bu, onlar üçün həm utandırıcı, həm də alçaldıcıdır. Onların çoxu inanır ki, qulaqları kəsilsə, “şəhid” olmayacaqlar. Ona görə də qulağın kəsilməsinin simvolik mənası budur".
Qeyd edək ki, son məlumata görə, martın 22-də Rusiyanın Moskva vilayətində “Crocus City Hall” konsert zalında törədilən terror aktı nəticəsində 137 nəfər ölüb, 182 nəfər yaralanıb.
Billurə