Bu ilin ilk iki ayında Rusiya daxilində uçuşlar üçün aviabiletlərin orta qiymətləri əhəmiyyətli dərəcədə artıb.
Bu barədə Rusiyanın Federal Dövlət Statistika Xidmətinin verilənlərindən məlum olub.
Belə ki, yanvarda artım illik ifadədə 33,9 % təşkil edib, fevralda isə sürətlənib – qiymətlər artıq 42 % artaraq ekonom sinifdə min km uçuş üçün 7 244 rubla (134 AZN) çatıb.
Fevral ayının orta qiyməti 2022-ci ilin pik aviasiya mövsümündəki qiyməti artıq üstələyib (həmin ilin iyulunda min km uçuş üçün qiymət 6 621 rubla (122 AZN) yüksəlmişdi). Nəşr vurğulayıb ki, ənənəvi olaraq yay aylarında tələbat artdığı üçün biletlər bahalaşır. Məsələn, ötən ilin iyul ayında uçuşun orta qiyməti min km üçün 7 638,95 rubl (141 AZN) təşkil edib.
Bununla yanaşı, fevral ayında orta qiymətlərin aylıq dinamikası (bu ilin yanvar ayı ilə müqayisədə) 12,7 % artıb. Bu, azı 2008-ci ildən bəri fevral ayında baş vermiş ən kəskin qiymət artımıdır. 2023-cü ilin fevral ayında aviabiletlərin qiyməti həmin ilin yanvar ayı ilə müqayisədə cəmi 6,2 %, 2022-ci ildə 2,5 %, 2021-ci ildə 7,6 %, əvvəlki illərdə isə 1-2 % artıb. (Report)