"Ermənilər mifik “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə tarixin müxtəlif mərhələlərində azərbaycanlılara qarşı davamlı olaraq etnik təmizləmə, soyqırımı, deportasiya və terror siyasətini həyata keçirib. Erməni daşnaklarının xalqımıza qarşı soyqırımı, etnik təmizləmə, deportasiya siyasəti iyirminci əsrin əvvəlindən etibarən daha aktiv şəkildə həyata keçirilməyə başlayıb. Bu siyasətin həyata keçirilməsi zamanı erməni daşnakları insanlıqdan, bəşəri dəyərlərdən uzaq cinayətlərə əl ataraq soydaşlarımıza qarşı amansız cinayətlər törədiblər. Azərbaycan xalqının başına gətirilən ən dəhşətli soyqırımı faciələrindən biri də 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır".
Bunu Ölkə.Az-a açıqlamasında deputat İltizam Yusifov deyib.
Onun sözlərinə görə, 1918-ci ilin mart-aprel aylarında dinc Azərbaycan əhalisinə qarşı kütləvi soyqırımı cinayəti həyata keçirilib. "Bu müddət ərzində erməni daşnakları bolşeviklərlə əlbir olub Bakı, Abşeron daxil olmaqla ölkəmizin Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə on minlərlə dinc sakin etnik və dini mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirilib, insanlara amansız işgəncələr verilib. Onlara qəsdən ağır xəsarətlər yetiriblər. Erməni daşnaklarının bolşeviklərlə birgə Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırımı siyasəti nəticəsində 30 mindən çox soydaşımız vəhşicəsinə qətlə yetirilib, 10 minlərlə insanı öz torpaqlarından qovulub", - o qeyd edib.
Deputat əlavə edib ki, erməni daşnaklarının insanlığa sığmayan bu cinayəti təkcə insanları vəhşicəsinə qətlə yetirib, onlara olmazın işgəncəsinə vermək olmayıb: "Eyni zamanda tarixi-mədəni irsimizə qarşı da amansız vandalizm hərəkətləri törədilib. Erməni daşnaklarının həyata keçirdikləri bu bəşəri cinayəti nəticəsində çoxsaylı yaşayış məntəqlərimiz yerlə-yeksan edilib, tarixi, mədəniyyət, dini abidələr, qəbristanlıqlar dağıdılaraq məhv edilib. Ermənilərin bu vəhşilikləri Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar, həm də etnik təmizləmələrlə müşayiət olunub. Bütün bunlar ermənilərin Azərbaycan xalqına qarşı düşünülərək həyata keçirdiyi kütləvi qırğınlar, vandalizm hərəkətləri 1918-ci ilin mart hadisələri beynəlxalq aləmdə insanlığa qarşı törədilən soyqırım kimi tanınmalıdır. Çünki erməni cəlladları uşaq, qoca, qadın demədən dinc əhalini kütləvi surətdə qətlə yetirib, on minlərlə azərbaycanlı ilə yanaşı, minlərlə ləzgi, yəhudi, kürd, rus, avar və talış milliyyətinə mənsub insanları qılıncdan, süngüdən keçirərək diri-diri yandırıb, tarixi-mədəni-dini abidələri, məktəbləri, xəstəxanaları məhv ediblər. Ermənilərin Azərbaycan xalqına qarşı bu soyqırım, etnik təmizləmə və deportasiya siyasəti sonrakı dövrlərdə də mərhələli şəkildə davam edib.
Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək və beynəlxalq miqyasda tanıdılması məqsədi ilə 1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalayıb. Sözügedən Fərmanla martın 31-i Azərbaycanlıların Soyqırımı Günü elan edilib. Fərmanda nəzərdə tutulan müddəaların icrasının ardıcıl və mütəşəkkil şəkildə həyata keçirilməsi ilə bağlı Ulu Öndər Heydər Əliyev 30 mart 1999-cu ildə tədbirlər planı təsdiqləyib. Bundan sonra erməni daşnaklarının xalqımıza qarşı soyqırım siyasətinin beynəlxalq aləmdə tanınması, ona siyasi və hüquqi qiymət verilməsi istiqamətində addımlar atılaraq fəaliyyət göstərilib. Məhz yürüdülən bu siyasət nəticəsində beynəlxalq aləmdə ermənilərin xalqımıza qarşı yürütdüyü soyqırım, etnik təmizləmə, deportasiya siyasəti ifşa olunub və bu proses davam etməkdədir. Artıq beynəlxalq aləm də ermənilərin yalançı, mifik düşüncələrinə inanmır, onların dediklərini ciddiyə almırlar.
Əminəm ki, cənab Prezidentin yürütdüyü uzaqgörən siyasəti nəticəsində Ermənistanın XX əsrin sonlarından Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasətinə son verib ölkə ərazisində separatizmin kökü məhv edildiyi kimi, ermənilərin bu soyqırımı siyasəti beynəlxalq miqyasda tanınacaq. Azərbaycan xalqına qarşı törədilən bəşəri cinayət öz siyasi və hüquqi qiymətini alacaq".
Mürtəza
Ölkə.Az