Psixi sağlamlıq sahəsində Milli Strategiyaya yenidən baxılması təklif olunur.
"Ölkə.Az" Report-a istinadən xəbər verir ki, bu təkliflə İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva "Azərbaycanda psixi sağlamlıq və psixi xəstəliklərdən əziyyət çəkən şəxslərin hüquqları" mövzusuna həsr olunmuş dəyirmi masada çıxış edib.
Onun sözlərinə görə, Azərbaycanda əhalinin müxtəlif qruplarının psixi sağlamlığının yaxşılaşdırılması, bu sahədə məlumatlılıq səviyyəsinin artırılması istiqamətində zəruri tədbirlər görülür, ayrı-seçkilik hallarına qarşı mübarizə gücləndirilir:
"Ombudsman təsisatı bu sahədə müvafiq dövlət orqanları tərəfindən həyata keçirilən tədbirləri, proqram və layihələri davamlı olaraq izləyir, müvafiq təhlillər aparır. Hesab edirəm ki, toplanmış məlumatlar asasında Psixi sağlamlıq sahəsində Milli Strategiyaya da yenidən baxılması düzgün olar. Vətən müharibəsi iştirakçılarının postmüharibə dövründə peşəkar və ixtisaslaşmış tibbi, o cümlədən psixiatrik yardımla təmin olunmaları ən vacib məsələlərdən biri kimi qeyd edilməlidir. Ombudsman təsisatı olaraq bu məsələ də diqqətimizdədir".