Amerikalı həkimlər ilk dəfə maralları “zombi”yə çevirən xroniki prion xəstəliyinin (CWD) qurbanı olduğu güman edilən iki nəfəri müəyyən ediblər.
Onlar öz fərziyyələrini “Neurology” elmi jurnalında açıqlayıblar.
Hər iki hal 2022-ci ildə qeydə alınıb. Qurbanlardan biri dəfələrlə CWD-nin yayıldığı ərazilərində ovlanan maralların ətini yeyən 72 yaşlı ovçu idi. Ömrünün son həftələrində onun vəziyyəti kəskin şəkildə pisləşib: o aqressivləşib və onda demensiya əlamətləri müşahidə edilib. Müalicələrə baxmayaraq, bir ay sonra ovçu dünyasını dəyişib.
Həkimlərin fikrincə, ölümün səbəbi beynin nadir prion xəstəliyi olan Kreutzfeldt-Yakob xəstəliyinin sporadik forması olub. Onun xarakterik xüsusiyyətlərindən biri də demensiyanın sürətli inkişafıdır.
Həkimlər xəstənin tanışlarından birinin də eyni xəstəlikdən əziyyət çəkdiyini müəyyən ediblər. O da ovçu olub və onun da CWD virusuna yoluxmuş maralın ətini yediyi təxmin edilir. Bu, həqiqətən də hər iki ovçuda Kreutzfeldt-Yakob xəstəliyinə deyil, maraldan yoluxduqları CWD olduğuna dair şübhələrə səbəb olub. Bununla belə, Kreutzfeldt-Yakob xəstəliyinə səbəb olan prionların bəzi növlərini ətraflı təhlilsiz CWD törədicilərindən ayırmaq mümkün deyil.
Elmi işin müəlliflərinin fikrincə, bütün bunlar ovçuların CWD-nin qurbanı olduqları versiyasının xeyrinə danışır. Eyni zamanda onlar etiraf ediblər ki, bunu hələ yüz faiz əminliklə demək mümkün deyil.
© Oxu.az