Cinayət işi çərçivəsində Cenevrədə müsadirə edilən və 2023-cü ilin iyulunda Misirin Berndəki səfirliyinə təhvil verilən firon II Ramzesin heykəlinin bir parçası vətəninə qayıdıb.
Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Misir Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Misirin Berndəki səfirliyi ən azı 3,4 min il yaşı olan nadir qədim Misir artefaktını (2023-cü ilin iyulunda diplomatik missiyaya təhvil verilmiş firon II Ramzesin heykəlinin fraqmentini) vətəninə qaytarıb", - Misir Xarici İşlər Nazirliyinin rəsmi "Facebook" səhifəsində dərc edilən bəyanatda deyilir.
Qeyd olunub ki, heykəlin fraqmenti “EgyptAir”in xüsusi reysi ilə Misirə pulsuz çatdırılıb.
Xatırladaq ki, 2023-cü il iyulun 3-də İsveçrə hökumətinin mətbuat xidməti cinayət işi çərçivəsində müsadirə edilmiş firon II Ramzesin heykəlinin bir parçasının Misirə qaytarıldığını elan edib. Fraqment 1980-ci illərin sonu və 1990-cı illərin əvvəllərində Misirdəki Abidos məbədindən oğurlanıb. Artefakt müxtəlif ölkələrdən tranzit yolu ilə İsveçrəyə gətirilib.