Erməni əsilli fransız jurnalist Leo Nikolyan bir həftəyə yaxındır ki, Zvartnots hava limanının neytral zonasındadır və onun ölkəyə girişinə imkan vermirlər.
Ölkə.Az xəbər verir ki, bu barədə Nikolyan özü məlumat verib.
Bildirib ki, Ermənistana gələn kimi, aclıq aksiyasına başlayıb. “Bu gün altıncı gündür, aclıq edirəm. Son üç gündür, su belə içmirəm. Mənə demirlər ki, niyə Ermənistana buraxmırıq. Heç bir əsas və ya fakt təqdim etmirlər. Əminəm ki, bu, siyasi qərardır", - o qeyd edib.
O, ay yarım Voskeparda (Əskipara) yaşadığını və vəziyyətlə bağlı reportaj hazırladığını bildirib.
"Görünür, mənim Baqrat Qalstanyan və Maxsudyanla görüşüb danışmağım kimlərinsə xoşlarına gəlməyib. Mən işimi görürəm. Mən fransız jurnalistiyəm", - Nikolyan vurğulayıb.
Onu da əlavə edib ki, Ermənistana fransız iş adamı və deputatla gəlib: "Onlara ölkəyə girişinə icazə verildi, amma mənə yox. Onların məni zorla geri göndərməyə ixtiyarı yoxdur, mən neytral zonadayam”, - deyə Nikolyan bildirib.
Fransız jurnalist deyib ki, Ermənistan hökumətinin nümayəndələri hər gün yanına gələrək, ona geri Fransaya dönmək üçün bilet təklif edirlər: "Amma imtina edirəm. Mən getməyə hazırlaşmıram. Ölməli olsam, burada öləcəyəm. Mən çoxdan qərar verdim ki, dəfnim Ermənistanda olsun”, - ağciyər xərçəngindən əziyyət çəkən jurnalist bildirib.
Xatırladaq ki, erməni yepiskopu Baqrat Qalstanyan Tavuş ərazisində iki ölkənin verdiyi qərarın icrasına mane olmaqla yanaşı, təxribatçı çıxışları ilə gündəmə gəlib. Onun hətta İranın xüsusi kəşfiyyat orqanları ilə əlaqəli olması ilə bağlı əsaslı şübhələr ortaya çıxıb.
Mürtəza
Ölkə.Az