ABŞ-ın texnologiya şirkəti “Microsoft” İndoneziyada bulud (Cloud) saxlama sisteminə və süni intellekt infrastrukturuna 1,7 milyard dollar sərmayə qoyacağını açıqlayıb.
"Ölkə.az" xəbər verir ki, şirkətin internet saytında verilən açıqlamada “Microsoft”un baş icraçı direktoru (CEO) Satya Nadellanın paytaxt Cakartada İndoneziya prezidenti Coko Vidodo ilə görüşdüyü və texnologiya sahəsində investisiyaları müzakirə etdiyi bildirilib.
Açıqlamada qeyd edilib ki, investisiya həm də 840 min insana süni intellekt təhsili verəcək: “Bu gün elan etdiyimiz rəqəmsal infrastruktur, bacarıqların əldə edilməsi və tərtibatçılara dəstək kimi investisiyalar İndoneziyanın inkişafına kömək edəcək”.
Açıqlamada 1,7 milyard dollarlıq sərmayənin “Microsoft”un İndoneziyaya ən böyük investisiyası olacağı açıqlanıb.