“Ər-Riyad İsraillə münasibətləri normallaşdırmadan ABŞ Səudiyyə Ərəbistanı ilə müdafiə paktı bağlamayacaq”.
“Ölkə.az” xəbər verir ki, bunu Vaşinqtonda “Financial Times” qəzetinin təşkil etdiyi tədbirdə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib.
Onun sözlərinə görə, bu, Yaxın Şərqdə sülhün bərqərar olması üçün zəruri olan vəziyyətə dair Amerikanın hərtərəfli baxışıdır.
“Buraya ABŞ və Səudiyyə Ərəbistanı arasında anlaşmanın əldə edilməsi, Təl-Əviv və Ər-Riyad arasında münasibətlərin normallaşdırılması və Fələstin xalqının maraqlarına uyğun mənalı addımlar daxildir. Hamısı bir araya gəlməlidir, bir hissəni digərlərindən ayırmaq mümkün deyil”.
Qeyd edək ki, Ər-Riyad müdafiə paktı bağlamaq üçün Vaşinqtonla danışıqlar aparır. Təhlükəsizlik zəmanəti müqabilində Səudiyyə Ərəbistanı İsraillə tam diplomatik əlaqələr qura bilər. Mümkün alternativ kimi Vaşinqton Ər-Riyada “NATO-dan kənar əsas müttəfiq” statusunu təklif etməyə və ya ABŞ və Bəhreyn arasındakı razılaşmaya bənzər pakt bağlamağa hazırdır.
Bu saziş çərçivəsində ölkələr ikitərəfli məsləhətləşmələrdən sonra hərbi-texniki və kəşfiyyat sahələrində əməkdaşlığa, eləcə də “istənilən xarici təcavüzə” müqavimət göstərməyə razılaşıblar.