Azərbaycanda minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər hazırlanır.
“Ölkə.Az” xəbər verir ki, bu, “Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Əmək bazarı” işçi qrupunun 2024-cü il üzrə Fəaliyyət Planı”nda öz əksini tapıb.
Sənəddə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bu il noyabrın 1-dək minimum əməkhaqqının artırılması ilə bağlı təklifləri hazırlayaraq adiyyəti üzrə təqdim etməsi tapşırılıb.
İqtisadçı ekspert Natiq Cəfərli “Ölkə.Az”a açıqlamasında sözügedən artımı minimum saatlıq əməkhaqqı sisteminə keçidlə əlaqələndirib:
“Minimum əməkhaqqının artırılması ilə bağlı təkliflərdə saat hesabı hesablanması ilə bağlı yeniliklər var. Artıq Azərbaycanda aylıq deyil, saatlıq olaraq minimum ödəniş məbləğinin hesablanması müxanizmləri tətbiq oluna bilər”.
Ekspertin sözlərinə görə, minimum saatlıq əməkhaqqına keçid zamanı maaş ödənərkən dövlət tərəfindən qanunvericiliklə 1 saatlıq ödəniş məbləği müəyyən edilir: “Azərbaycanda da belə bir mexanizmin hazırlanacağı güman edilir. Lakin elə bir mexanizm hazırlanmalıdır ki, işçilərin hüquqları pozulmasın”.
Minimum əməkhaqqı artımına gəlincə isə N. Cəfərli bildirdi ki, hazırda Azərbaycanda minimum saatlıq əməkhaqqı olduqca aşağıdır:
“Hazırkı minimum əməkhaqqını saat hesabına çevirsək, 1,79 manat təşkil edəcək. Bu, çox azdır. Əgər minimum saatlıq əməkhaqqına keçilərsə, bu, ən azı 2 dəfə artıq olmalıdır. Dünya üzrə kasıb yox, Azərbaycanın da daxil olduğu inkişaf etməkdə olan ölkələrdə minimum saatlıq əməkhaqqı 2 dollar ətrafındadır. Bu da indiki məzənnə ilə 3,4 manat edir. Belə bir yanaşma daha məntiqli olar”.
“Təkliflər tam açıqlandıqdan sonra bu mövzuda fikir bildirmək daha asan olacaq”, - deyə ekspert əlavə edib.
Qeyd edək ki, Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “İşçi qüvvəsi” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsində Azərbaycanda aylıq minimum əməkhaqqının saatlıq minimum əməkhaqqı ilə əvəz edilə biləcəyi qeyd olunub.
Xatırladaq ki, əməkhaqqının artırılması ilə bağlı sənəd barədə məlumatı "Report" yayıb.
Könül
Ölkə.Az