“Türkiyənin İzmir şəhərində yas mərasimində yemək verilmə adətinin ləğvi barədə xəbəri eşitdik. Bu haqda həmişə düşünmüşəm, lakin çəkinmişəm ki, toylarda, yaslarda israfçılığın aradan qaldırılması barədə təkliflər versəm, bu, insan hüquqlarının pozulması kimi qiymətləndirilə bilər. Ona görə də bu haqda həmişə ehtiyatla söz demişəm. İndi isə dövlət orqanlarına deyil, şəxsən Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadəyə müraciət etmək istəyirəm ki, belə bir qərar qəbul etsinlər, yas mərasimlərində yemək vermək adəti yığışdırılsın. Bu, bahalıq şəraitində yaxını vəfat etmiş insanlara həddən artıq böyük yükdür. İnsanlara çox çətinliklər yaradır. Bilmirlər, dəfnlə məşğul olsunlar, yoxsa camaata yemək versinlər”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli deyib.
“Ümumiyyətlə, ehsana qarşı deyiləm. Kim ehsan vermək istəyirsə, müəyyən yerlərdə verə bilər. İmkanı olan şəxslər hansısa kəndə yol çəkilməsini həyata keçirə, yaxud qəbiristanlıq yolunu düzəldə, abadlıq işləri apara, kimsəsizlər evinə yardımlar edə bilərlər. Bəlkə, bu, vəfat edənin ruhu üçün daha xoş olar. Xahiş edirəm, bu təklifimə baxsınlar. Azərbaycanda yas mərasimlərində yemək vermək adətinin aradan qaldırılması barədə fətva versinlər”, – deputat bildirib.