Yay mövsümünün yaxınlaşması ilə turizm sektorunda canlanma yaranıb. Havaların isinməsi ilə istirahət üçün bölgələrə də üz tutanların sayında artım müşahidə olunur. Bəs bu axın ölkədə fəaliyyət göstərən hotellərin qiymətinə necə təsir göstərəcək?
Turizm üzrə ekspert Rəhman Quliyev İqtisadiyyat.az-a açıqlamasında deyib ki, Azərbaycanın regionlarında fəaliyyət göstərən hotellər və turizm kompleksləri tam şəkildə yay mövsümünə hazırdır.
Onun sözlərinə görə, ölkəyə gələn turistlər regionlara səfər etməkdə maraqlıdırlar:
"Təbii ki, hər kəs səyahət planladığı zaman hava proqnozlarını da öncədən izləyir. İkinci məqam isə qiymət və yerləşmədir. Qiymətlər hotellərin yerləşməsinə, kateqoriyasına görə dəyişir. Hər il olduğu kimi bu il də müvafiq olaraq Azərbaycanın ən ucqar regionlarında belə fəaliyyət göstərən hotel kompleksləri həftəsonları doluluq səviyyəsini 80-100%-ə qədər yerinə yetirir. Həftəiçi isə bu göstəricilər 50-60% civarında dəyişir. Bu gün yerləşmədə heç bir çətinlik, problem yoxdur. Regionlarda yol infrastrukturunun da ən yüksək səviyyədə, beynəlxalq standartlara uyğun düzəlməsi turistlərin regionlara axın etməsinə, mütəmadi gedib-gəlməsinə şərait yaradır".
Hotellərdə mövcud qiymətlərdən söz açan ekspert bildirib ki, ötən illərə nisbətən bu sahə üzrə cüzi artım müşahidə olunur. O bu artımın birbaşa olaraq servis və göstərilən xidmətlərə uyğun olaraq formalaşdığını söyləyib:
"Ümumiyyətlə, artıq insanlar keyfiyyətə daha çox üstünlük verirlər. Əlbəttə ki, turistlər ucuza deyil, keyfiyyətə qaçırlarsa, bu, insanların güzəranının yaxşı olmasından xəbər verir. Təbii ki, hotellər də bu uyğunluğu qiymətləndirərək həmin ərəfədə düzgün rəqabət seçirlər. Yəni keyfiyyəti önə çəkib rəqabət aparırlar. Keyfiyyətin artırılması üçün hotelin əməkdaş sayının və qida çeşidlərinin çoxaldılması lazımdır".
Hazırda xidmət keyfiyyətinin hansı səviyyədə olması ilə bağlı sualı cavablandıran R.Quliyev vurğulayıb ki, ötən il əgər hotelin iaşə müəssisəsində bir neçə masaya bir ofisiant xidmət edirdisə, bu il hər masaya bir ofisiant cəlb edilib:
"Eyni zamanda, ötən illərdə hotelin bir neçə mərtəbəsinə bir xidmətçi qulluq edirdisə, indi hər mərtəbəyə bir xidmətçi təyin olunub. Bütün bunlar da yekunda hotelin qiymətlərinə əlavə olunur. Bu, təbii haldır. Biz sahibkarlardan keyfiyyəti qaldırıb, qiyməti endirməsini tələb edə bilmərik. Bu, mümkünsüz bir şeydir".
Ekspert söyləyib ki, bu gün Azərbaycanda qiymətlərin çox yüksək, xaricə getməyin isə bundan daha sərfəli olması ilə bağlı insanlarda yanlış fikir formalaşıb:
"Hotel kateqoriyasına fikir verməsək, qiymət baxımından Gürcüstanda üçulduzlu hotelə getmək, təbii ki, Azərbaycanda beşulduzlu hotelə getməkdən yaxşıdır. Amma Gürcüstan və yaxud da digər ölkələrdəki üçulduzlu hotellər o keyfiyyəti verə biləcəkmi? Təbii ki, yox. Həmçinin sosial şəbəkələrdə də hər hansı bir şəxsin paylaşımına inanan fikir bildirənlərə rast gəlinir. Məsələn, bir nəfər sosial şəbəkədə yazır ki, 700 manata Gürcüstana birhəftəlik səfər edərək geri dönüb, lakin hotelin bir gecəsi 350 manatdır. Bu, yanlış bir fikirdir. Gəlin belə müqayisə edək. Məsələn, Azərbaycanda bir gecəsi 250 manata olan hotellə Gürcüstanda eyni kateqoriyadan olan hoteli götürək. Belə olan halda şəxsin Gürcüstanda xərci 700 yox, 7 minə başa gələcək. Yəni Azərbaycanın ümumi iş sektoruna kölgə salan insanları qınayıram və hesab edirəm ki, biz özümüzü, öz fəaliyyətimizi qiymətləndirməliyik".