"İran İnternational" "Türkiyə yoxsa İran: Rəisi helikopterinin qalıqlarını kimin tapdığı ilə bağlı müzakirələr şiddətlənir" başlıqlı məqalə yayımlayıb.
Ölkə.Az "Milliyet" qəzetinə istinadla xəbər verir ki, məqalədə Türkiyənin nəqliyyat naziri Abdülkadir Uraloğlunun açıqlamalarına yer verilib.
Xəbərdə Ankaranın bir daha "AKINCI" pilotsuz uçuş aparatının helikopterin qalıqlarını tapdığı, İran Baş Qərargahının isə Türkiyənin rolunu azaltmağa çalışdığı qeyd edilib.
Sayt yazır ki, Tehranın helikopterin qəzaya uğramasına reaksiyası gecikib və təsirsiz olub, yaranmış vəziyyət rejim üçün rüsvayçılığa çevrilib.
"Iran International" xəbərində Türkiyə PUA-sından əldə edilən məlumatların İran mediası tərəfindən təsdiqləndiyini də yazıb.
Amerikanın “Forbes” nəşri isə “İran bilmədən türk pilotsuz təyyarələri və Amerika raketlərinin satışını artıra bilər” başlıqlı məqalə yayımlayıb.
İranla bağlı iki hadisənin bu artıma səbəb ola biləcəyini qeyd edən "Forbes" helikopter qəzasından sonra Türkiyə və İran mətbuatında çıxan fərqli xəbərlərdən bəhs edib.
"Forbes" qəzadan sonra AKINCI PUA-sının yardım üçün qonşu ölkənin hava məkanına daxil olduğunu, missiyanın başa çatmasından sonra Türkiyə və İran mediasında qızğın müzakirələrin getdiyini bildirib.
Jurnal yazır ki, İran mediası AKINCI PUA-sının Türkiyəyə qayıdarkən Van gölü üzərində ay və ulduz çəkməsini sərt şəkildə tənqid edib.
Nəşr milyonlarla insanın uçuş izləmə sistemindən AKINCI PUA-sını izlədiyini xatırladıb. İranın bir çox ölkəyə PUA satmağa çalışdığı, ancaq bunların Türkiyə dronları qədər populyar olmadığı da məqalədə vurğulanıb.
Məlumatda Türkiyənin məşhur "Bayraktar TB2" PUA-sını 30-dan çox ölkəyə ixrac etməsi, AKINCI-nın "Bayraktar"dan daha böyük, inkişaf etmiş və bahalı olması da yer alıb.
"Forbes" həmçinin indidən Azərbaycan və Pakistanın AKINCI aldığını xatırladıb. Qeyd olunub ki, Ankara böyük ehtimalla, AKINCI satışlarında Rəisinin helikopterinin tapılmasındakı roluna diqqət çəkəcək və bu da İranı üzəcək.
Nəşr AKINCI-nın inkişaf etmiş davamlılığı və güclü sensorları ilə yüksək texnologiyalı pilotsuz təyyarələr axtaran ölkələr üçün unikal bir satış nöqtəsi olacağına da diqqət çəkib.
Billurə Yunus