Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli vəzifəsindən uzaqlaşdırılıb.
Bakupost.az-ın əldə etdiyi məlumata görə, o, bundan sonra fəaliyyətini Mədəniyyət Nazirliyində davam etdirəcək. Belə ki, M.Abbasbəyli Mədəniyyət Nazirliyi Aparatının rəhbəri təyin olunub.
Bununla bağlı nazir Adil Kərimlinin əmr imzaladığı bildirilir.
Qeyd edək ki, Abbasbəyli Mustafa Aslan oğlu 1980-ci ildə Gəncə şəhərində ziyalı ailəsində anadan olub. 1996 - 2000-ci illərdə Xəzər Universiteti, 2000-2001-ci illərdə Türkiyənin Ege Universiteti, 2001 - 2003-cü illərdə isə Ankara Universitetində təhsil alıb.
2009-cu ildə doktorluq dissertasiyasını müdafiə edib. Hüquq üzrə fəlsəfə doktorudur.
M.Abbasbəyli 2004 - 2014-cü illərdə Standard Insurance sığorta şirkətində bir sıra rəhbər vəzifələrdə çalışıb.
2014-2016-cı illərdə "ISR Auto/Toyota Baku” şirkətinin,
2016-2018-ci illərdə Beyli Group şirkətinin Baş direktoru vəzifəsində çalışıb.
2018-2019-cu illərdə Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri vəzifəsində çalışıb.
2019-2020-ci illərdə Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri vəzifəsində çalışıb.
2 iyul 2020-ci ildən etibarən isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri idi.