Ukrayna Prezidenti Volodimir Zelenski Sinqapurda keçirilən “Şanqri-La Dialoq” beynəlxalq təhlükəsizlik forumu çərçivəsində ABŞ-ın müdafiə naziri Lloyd Ostin ilə görüşüb.
"Ölkə.az" xəbər verir ki, bu barədə Zelenski "Telegram" kanalında yazıb.
“ABŞ-ın müdafiə naziri Lloyd Ostin ilə görüşdə əsas müzakirə mövzusu Ukraynanın müdafiə ehtiyacları, hava hücumundan müdafiə sisteminin gücləndirilməsi, F-16 təyyarələrinin tədarükü, ikitərəfli təhlükəsizlik sazişinin hazırlanması olub”, - deyə dövlət başçısı bildirib.
O, danışıqların təfərrüatlarını açıqlamayıb.
Zelenski, həmçinin ABŞ Prezidenti Co Baydenə Rusiya ərazisinə Amerika silahları ilə müdafiə zərbələri endirmək qərarına görə təşəkkür edib.
Qeyd edək ki, mayın 30-da Pentaqon təsdiq edib ki, ABŞ administrasiyası əks batareya döyüşü zamanı Rusiya ərazisinə Amerika silahları ilə zərbələr endirməyə razılaşıb.