- 7
ENDİRİLİR
ENDİRİLİR
Şəhər və kəndlərdə yaşayış, iş və ticarət məqsədləri üçün istifadə edilən ünvanların müxtəlif formalarda qeyd edilməsi, köhnə və yeni adların birgə istifadəsi bir çox çətinliklərə gətirib çıxarır.
Əhali bu problemlə daha çox təcili yardım, yanğınsöndürmə, polis xidmətləri və taksi çağırışı zamanı üzləşir.
Həmçinin, ünvanların vahidləşdirilməməsi poçt xidmətlərinin səmərəliliyini azaldır: dəqiq və düzgün ünvan olmadan məktub və paketlərin çatdırılması çətinləşir, gecikmələr yaranır. Müəssisələr və ticarət mərkəzləri üçün düzgün olmayan ünvanlar müştəri itkisinə, rəsmi sənədlərdə və müqavilələrdə qeyri-dəqiq ünvanlar hüquqi problemlərə səbəb ola bilər.
Daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Oxu.Az-a açıqlamasında bildirib ki, son otuz ildə paytaxt Bakı və Abşeron ərazisində çıxarışı olmayan yüzminlərlə yaşayış evi və qeyri-yaşayış obyektləri tikilib. Bunlara da ünvanların verilməsində ciddi problemlər yaşanır:
"Köhnə yaşayış binalarının həyətində inşa olunmuş hansısa qeyri-yaşayış obyekti və yaxud yaşayış məntəqələri üçün verilmiş ünvanlar bəzən həmin binalarla eyniləşir. Bu zaman oradakı fərdi yaşayış evinə qeydiyyata düşməklə bağlı problemlər olur. Bəzən isə həmin əmlaklara ümumiyyətlə qeydiyyat ünvanı verilmir".
Ekspertin sözlərinə görə, bir əmlaka ünvanın verilməsi onun mülkiyyət hüququnun təsdiqedici sənədi deyil:
"Bundan əlavə, kommunikasiya xətlərinin çəkilişi ilə bağlı da müəyyən problemlər yaşanır. Qeydiyyatın olmaması səbəbindən müvafiq sayğaclarda düzgün ünvanlar göstərilmir.
İkili ünvan da ciddi problemlərdəndir. Yəni müəyyən ərazidə ünvan dəyişib, ancaq köhnə və yeni adreslər yanaşı işlənir.
Bütün ölkə üzrə ünvanların vahid bir sistemə uyğunlaşdırılması zəruridir. Bu sistemdə küçə adları, nömrələr və digər coğrafi göstəricilər standartlaşdırılmış qaydada qeyd edilməlidir. Mərkəzləşdirilmiş rəqəmsal ünvan bazası yaradılmalıdır. Bu baza vasitəsilə bütün ünvanlar rəqəmsal şəkildə qeyd edilir və müntəzəm olaraq yenilənir. Şəhər və kənd yerlərində infrastrukturun inkişaf etdirilməsi və yeni yaşayış yerlərinin planlaşdırılması zamanı vahid ünvan sisteminin tətbiqi təmin edilməlidir".
Bəs ölkədə buna məsul qurum nə deyir? Bu barədə hansı tədbirlər görülüb? Mövzu ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etdik. Qurumdan bildirildi ki, yeni ünvanvermə qaydalarına əsasən, "Giriş ünvanı konsepsiyası"ndan istifadə olunur.
"Bu konsepsiya beynəlxalq standarta cavab verməklə yanaşı, ünvan axtarışına sərf olunan vaxtı minimuma endirir. Belə ki, "Giriş ünvanı konsepsiyası"nda daşınmaz əmlak obyektlərinin hər bir girişinə fərdi qaydada ünvanlar təyin olunur, çoxmənzilli yaşayış binalarında nömrələmə hər bir mərtəbə üzrə fərdi qaydada aparıldığından ünvan axtarışı asanlaşmış olur, zirzəmi, kürsülü, antresol, texniki və mansard mərtəbələrində yerləşən daşınmaz əmlaklara giriş ünvanları, müvəqqəti tikililərdə isə müvəqqəti giriş ünvanları təyin edilir, naviqasiya sistemlərində ünvan məlumatlarından istifadə edilir.
İnsanların sosial-məişət həyatının rahatlığına hədəflənən yeni ünvanvermə qaydaları poçt, təcili tibbi yardım, fövqəladə hallar və digər xidmətlərin fəaliyyəti zamanı operativliyi təmin edir. Bəzən naviqasiya sistemlərində obyektlərin koordinatları fərqli şəkildə qeyd edilir və bir ünvanla bağlı fərqli məlumatlar ortaya çıxır. Qeyd olunan fərqli halların yaranmaması üçün naviqasiya sistemlərində koordinat sistemi və ünvan məlumatlarının Ünvan Portalına (unvanportali.az) istinad edilməsi məqsədəuyğundur".
Qurumdan ünvan dəyişikliyi olan ərazilərdə köhnə və yeni adların qalması ilə bağlı məsələyə də aydınlıq gətirilib:
"Qeyd edək ki, əvvəlki dövrlərdə köhnə ünvanvermə qaydalarına uyğun olaraq verilmiş ünvanlar hələ də hüquqi qüvvəyə malikdir. Hazırda isə daşınmaz əmlaklara təyin edilən ünvanlar yeni ünvanvermə qaydalarına uyğun olaraq müəyyən olunur. Bu səbəbdən, yeni elektron çıxarışlarda həm köhnə ünvan, həm də yeni verilən ünvan qeyd olunur".