Türkiyədə ilkin proqnozlara görə, bu ilin sonuna inflyasiya 38 faizə çata bilər.
“Ölkə.az” xəbər verir ki, bu barədə Türkiyə Mərkəzi Bankının rəhbəri Fatih Karahan parlamentin planlaşdırma və büdcə komissiyasının iclasında çıxışı zamanı bildirib.
“May ayında aşağı baza effektinə görə inflyasiya pik həddə çatdı və biz indi bu keçid dövrünün sonuna çatmışıq. Dezinflyasiya dövrünə qədəm qoyacağıq və ilin sonuna kimi inflyasiya davamlı şəkildə azalacaq. İlin sonuna qədər inflyasiya 38 faizə düşəcək”, - “Sabah” qəzeti Karahandan sitat gətirib.
O əlavə edib ki, Mərkəzi Bank inflyasiya proqnozunda ciddi yaxşılaşma olana qədər sərt pul-kredit siyasətini davam etdirəcək.
Məlumata görə, Türkiyədə may ayında inflyasiya 75,4 faiz 5 faiz (illik hesablamada) təşkil edib. Milli Statistika İnstitutunun məlumatına əsasən, bu, 2022-ci ilin noyabrından (84,4%) bəri ən yüksək göstəricidir. ENAG müstəqil iqtisadçılar qrupunun qiymətləndirməsinə görə, Türkiyədə may ayında illik inflyasiya 120,66 faiz olub. Apreldə ölkədə inflyasiya 69,8 faiz (illik hesablamada) təşkil edib, hərçənd təxminlər 124,35 faiz həcmində idi.