- 6
ENDİRİLİR
ENDİRİLİR
Son illər istər kirayə, istərsə də mənzil alqı-satqı bazarında xoşagəlməz hallarla tez-tez rastlaşırıq. Əsasən də tələbələr, kirayə ev axtaran şəxslər maklerlərin fırıldaqçılığından təngə gəliblər. Bununla bağlı şikayətlənən vətəndaşların sayı yetərincədir.
Dələduzlar makler adı ilə elan saytlarında kirayə ev elanları yerləşdirir və özlərinə məxsus olmayan evlərin şəkillərini paylaşırlar. Kirayə ev axtarışında olan insanlardan "beh" alaraq yoxa çıxırlar.
Bəs əmlak saytlarında bu dələduzların qarşısı niyə alınmır? Alınırsa, onlara qarşı hansı cəza tədbirləri görülür?
Mövzu ilə bağlı Sfera.az-a danışan əmlak məsələləri üzrə ekspert Elnur Azadov bildirib ki, bu tip dələduz maklerlər ümumiyyətlə satışda olmayan evləri insanlara təklif edir və onları tora salırlar.
“Onlar mənzili dəyərindən aşağı qiymətə təklif edir deyə alıcılar evi əllərindən çıxarmaq istəmirlər. Dələduz maklerlər pulu əldə etdikdən sonra onun nömrəsinə zəng çatmır və qeybə çəkilirlər. Mənzil almaq və yaxud kirayə götürmək istəyən şəxs evin sahibi ilə şəxsən tanış olmadan və evə baxmadan ödəniş etməməlidir. Mənzil kirayə götürən vətəndaşlar dəqiq araşdırma etməlidirlər”.
Ekspert qeyd edib ki, maklerlərin özlərinə də ciddi şəkildə nəzarət olunmalıdır.
“Bu fəaliyyət növü sertifikatlaşdırma üsulu ilə həyata keçirilməlidir. Çünki digər fəaliyyətlərdən olan istənilən insan rielterliklə məşğul ola bilir. Asan qazanc olduğunu düşünən insanlar bu sahəyə yönəlir”.
Hüquqşünas Ramil Süleymanov isə diqqətə çatdırıb ki, əksər alqı-satqı saytlarında daşınmaz əmlak bazarı elanları və reklamları yeləşdirərkən “Dələduzlara aldanmayın və öncədən beh verməyin” xəbərdarlığı ilə rastlaşırıq.
“Amma dələduzluq halları ilə üzləşən şəxs bununla bağlı şikayət etdikdə həmin elanın yerləşdirildiyi sayt da məsuliyyət daşıyır. Dələduzluğu edən şəxslər yetərincə professional olurlar. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178-ci maddəsinə görə dələduzluq faktı ilə üzləşmiş şəxsin itirdiği məbləğ 500 manatdan az olarsa, bu, cinayət məsulliyəti daşımır. Amma bununla bağlı hüquq-mühafizə orqanlarına kütləvi şəkildə müraciət daxil olarsa, həmin orqanlar tərəfindən əməliyyat qrupu yaradılır. Cinayəti törədən şəxslərin təqibinə başlanılır. Daxil olan müraciətlər əsasında onlara cinayət işi açıla bilir”.
Hüquqşünas qeyd edib ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1 maddəsinə görə vurulan zərər 500-5000 manata qədər olarsa, dələduzluq faktı törədən şəxs 1000 manatdan 2000 manata qədər cərimələnir.
"Həmin şəxsə 2 ilə qədər azadlıqdan məhruetmə cəzası da tətiq edilə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2-ci maddəsinə görə vurulan zərər 5000 manatdan 50000 manata qədər olarsa, dələduzluq törədən şəxs və yaxud şəxslər 2 ildən 5 ilə qədər azadlıqdan məhrum olunurlar".