• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Qısa zamanda obrazları ilə populyarlaşan gənc bloger Rəmzi: "Heç yerdə demirəm..." - VİDEOMÜSAHİBƏ



Ölkə.Az-ın budəfəki müsahibi videobloger, stəndapçı Rəmzi Ələkbərovdur.

Sözügedən müsahibəni təqdim edirik:

- Salam, Rəmzi bəy, müsahibəyə razılıq verdiyiniz üçün təşəkkür edirik. Əvvəlcə özünüz haqqında bir az məlumat verərdiniz.

- 1995-ci ildə Bakıda doğulmuşam. Özümüz ucarlıyıq. Təhsilim musiqi üzrə olub. Xalq çalğı alətlərindən tarda ifası üzrə oxumuşam. Amma aktyorluğa son illərdə daha çox maraq göstərirəm. Musiqi üzrə oxusam da, tələbəlik dönəmimdə aktyorluq sahəsində daha çox önə çıxmağa çalışırdım, çünki o vaxtdan içimdə bir qığılcım olduğunu hiss edirdim. 
2014-2015-ci illərdən videolar çəkməyə başlamışdım, sadəcə, o dönəmdə bu qədər önə çıxmırdı. 

- Necə oldu ki, videobloger olmağa qərar verdiniz?

- Qərar vermək deyəndə ki, sadəcə istədim ki, məndə əgər bacarıq varsa, bunu insanlara çatdırım, onların üzündə təbəssüm yaradım. Bunu düşünərək, öz üzərimdə işləməyə başladım. 

- Sosial şəbəkələrdə yazırlar ki, siz çox orijinal obrazlar yaradırsınız və çox istedadlısınız. Bunu nəyə borclusunuz?

- Deyirlər ki, xalqın gözü tərəzidir. Vallah, nə deyim?! İnsanların bu barədə danışması daha yaxşı olar. Sadəcə onların belə düşünməsi bizə daha çox motivasiya verir. Əsas mövzu yaxşı olmalı, insanlara daha yaxın olan, səmimi gələn mövzulara toxunmalıyıq. Düşünürəm ki, qıcıq yaradacaq mövzular olmalı deyil. 

- Bilirsiniz ki, videoblogerliklə məşğul olanlar çoxdur. Rəqabətli mühitdir. Siz də belə bir mühitdə özünməxsus şəkildə tanınmağı bacarmısınız. Bu necə baş verdi?

- Düşünürəm ki, insanlara yaxın mövzular seçməklə onlarda maraq yarada bilmişik. Məsələn, qara, mizahlı və səmimi olan yumorlar var. Biz də hər bir şəxsin, heç olmasa, bir dəfə də olsa, rastlaşdığı mövzulara toxunmağa çalışırıq. Buna da yumor, parodiya qatanda maraqlı alınır. 

 - Tiktokda da fəaliyyət göstərirsiniz. Bilirsiniz ki, bu gün Azərbaycanda tiktoka münasibət birmənalı deyil. Bu platformada olan da, olmayan da bağlanmasını istəyir. Aktiv bir istifadəçi kimi sizin buna münasibətiniz necədir?

- Təkcə tiktokda yox, yutub və instaqramda da fəaliyyət göstərirəm. Bu gün çoxu sosial şəbəkələrdən normal şəkildə istifadə edir. Onların içərisində Xalq artisti də var, sıravi insanlar da. Hər hansı bir platforma bağlansa belə, təəssüf hissi keçirmərik. Amma bağlanmasının tərəfdarı deyiləm. Sadəcə olaraq, düşünürəm ki, yaxşı məzmunlar paylaşılsa, münasibət də yaxşı olar. Mənfi məzmunlar hər yerdə var. Bunun üstündən keçib yaxşı olanlara baxmaq lazımdır. Çünki siz və ya mən deməklə nəyinsə qarşısını ala bilmərik. Yaxşı tərəfdən baxaq ki, yaxşı olsun.

- Bəzi məşhurlar efirdə tiktokdan danışarkən ayda bu platformadan 10-15 min manat qazandıqlarını deyirlər. Bu rəqəmlər nə dərəcədə realdır?

- Səmimi deyim ki, bu haqda o qədər də məlumatım yoxdur. Sadəcə, instaqramdan nümunə çəkib deyə bilərəm ki, tiktokda da video paylaşanda baxış toplamaq mümkündür. 2-3 və ya 5 milyon sadəcə baxış sayıdır, gəlir gətirmir. Amma bildiyim qədərilə canlı yayımlar vasitəsilə pul qazanmaq olur. Düzdür, tiktokda canlı yayım açımışıq, izləyicilərlə söhbət etmişik, 1-2 oyun oynamışıq. Amma oradan hər hansı bir məbləğ qazanmamışıq.
Düşünürəm ki, ona sərf edəcəyim bir neçə saata ssenari yazsam, daha səmərəli vaxt keçirmiş olaram. 

- Komediyadan danışmışkən, yanvarda verdiyiniz konsert gözləntilərinizi doğrultdumu?

- Bəli, konsert çox yaxşı keçdi. Konsertə 1 həftə qalmış artıq biletlər bitmişdi. Düşünürəm ki, ilk dəfə üçün çox yaxşı göstərici idi. 2 saat səhnədə oldum. Qısa videoları səhnələşdirdik. İnşallah, istəyirik ki, nə vaxtsa yeni bir layihə ilə izləyicilərin qarşısına çıxaq. 

 - Konsertə gələnlərin təəssüratı necə oldu? Narazı qalanlar olubmu?

- Əslində, konsertlə bağlı yox, çəkdiyimiz videolarla bağlı tənqidi fikirlər yazanlar, "gülə bilmədim" deyənlər olur. Amma çoxluq bəyəndiyini deyir. İnsanların düşüncələri fərqlidir. Hər kəs eyni ola bilməz. Bu da bizim üçün normaldır. 

- Videolarınızı çox bəyənirlər. Şərhlərdə sizi aktyor kimi filmlərdə və s. görmək istədiklərini yazanlar var. Sizə hansısa filmdə rol almaq təklif edilibmi?

- Bəli, bir neçə təklif gəlib. Bəyənməmək söhbəti deyil, sadəcə ssenari, obraz mənə uyğun olmayıb deyə, hələlik gözləyirəm. İnşallah, gələn dəfə alınar. Çox sağ olsunlar ki, məni filmdə görmək istəyirlər. Qismət deyək. Maraqlı bir layihə olarsa, can-başla iştirak edərik. Maraqlı olmayan bir layihədə yer almaq istəmirəm. 

- Çəkdiyiniz videolarda Vahid müəllim, Nəzakət xanım obrazlarının adı çəkilir. Onlar sizə tanış olan şəxslərdir? Ümumiyyətlə, yaxınınızda belə adamlar varmı?

 - Məsələn, biz sizinlə burada oturmuşuq və kənardan səslər gəlir və beynimə dolur. Mən onları görməsəm belə, bilirəm ki, o insanın bədən quruluşu necədir, hansı formada hərəkət edir. Həmin obrazlar da bu cür formalaşır. Bəlkə də canlandırdığım obrazların içərisində mənə tanış olanlar var, amma adı elə deyil.
Hesab edirəm ki, adın da önəmi var. Elə adlar var ki, obraza tam uyğundur. 

- Yaratdığınız obrazlardan biri həmişə "rusların bir sözü var" deyir. Bəs siz rusca bilirsinizmi?

- Bu barədə heç yerdə demirəm.

 - Məlumdur ki, kamera qarşısında olduğunuza görə, ən azı sizə çəkilişdə kömək edən biri də var. Komandanız neçə nəfərdən ibarətdir?

- Biz 2 nəfərik. Eldar Quluzadə və mən. O həm çəkiliş edir, həm də arxa səsdir. Başlayanda da belə başlamışdıq, konsertimizdə də bu cür olub. O, səhnə arxasında səsləndirmə edirdi, mən də səhnədə oynayırdım. İnsanlara bu cür daha təbii gəlir. 

- İki nəfər olsanız da, siz kamera qarşısında olduğunuza görə tanınırsınız. Tanınmağın da müəyyən üstünlükləri var. Bu, Eldar bəylə aranızda rəqabət yaratmır ki?

- Əlbəttə, yox. Biz çox yaxın dostuq, qardaş kimiyik. Eldar tamam başqa bir sferada fəaliyyət göstərsə də, incəsənətə marağı var. O da belə olmasını istəyir. Yəni istəklərimiz üst-üstə düşür. Hələ bu vaxta qədər Eldar bir dəfə də olsa, deməyib ki, mən də kadrda düşüm. Hətta kadrda başqa insan olub, amma Eldar olmayıb. Sadəcə bizə bu tərzdə daha rahatdır. Həm də insanlar əvvəldən bu cür görüb. Arxa səs həmişə insanları daha çox intizarda qoyub ki, görəsən, bu kimdir? Amma konsertin sonunda Eldar da səhnədə göründü.

- Bu gün siz faktiki aktyorluqla məşğul olursunuz. Yəqin, bilirsiniz ki, Azərbaycanda komediya aktyorlarına münasibət birmənalı deyil. Bəzən üzr istəyirəm, "təlxək" adlandıranlar, xoşagəlməz fikir yazanlar olur. Necə düşünürsünüz, bu münasibət nədən qaynaqlanır?

- Başqalarının adından yox, ancaq öz adımdan danışa bilərəm ki, mənim ünvanıma bu cür sözlər deyənlər olmayıb. Aktyorluq bir sənətdir. Əgər istedad, bacarıq varsa, aktyor insanlara bunu çatdırır. 

- İndiyə kimi nə vaxtsa sizə ailənizdən və yaxınlarınızdan "ay bala, özünə iş tapmadın?" deyənlər olmayıb?

- Bu vaxta qədər hələ belə bir söz deyən olmayıb. Niyə də olmalıdır?! Ailəm məni dəstəkləyir. Musiqi üzrə təhsil alanda belə aktyorluğa çox böyük marağım olduğuna görə hər zaman ailəmdən də, yaxınlarımdan da dəstək görmüşəm. 

- Deyirlər ki, komediya janrına üz tutanlar əslində real həyatda ciddi olurlar. Bəs siz necəsiniz? Ciddi xarakteriniz var, yoxsa həyatda da daim zarafat edən birisiniz?

- Çox sakit xarakterim var. Yerinə görə dəyişə bilir. 

- Bəs ailə məclislərində qohumlarınız "bir zarafat elə, gülək" və s. deyirlərmi?

- Əlbəttə, deyənlər olur. Mən də deyirəm, videolara baxın, gülərsiniz. İşlə həyatı bir-birinə qatmaq istəmirəm.

- Çəkilişlər vaxtı yəqin ki, maraqlı məqamlar olur. Bizimlə bölüşə bilərsinizmi?

- Əslində, belə məqamlar çox olur, sadəcə indi çoxu yadıma düşmür. Birini deyə bilərəm. Hansısa videolarımızdan birinin çəkilişi zamanı idi. Ara məhəllələrin birində 2 qardaş gedirdi. Reaksiyalarından bildik ki, bizi tanıdılar. Çəkilişi saxladıq. Gəlib bizimlə şəkil çəkdirmək istədilər. Mən kənarda qaldım, Eldar bəylə çəkdirdilər. 2 nəfərdən biri o birinə dedi ki, Rəmzi o deyil, məni göstərərək dedi ki, budur. "Hə, hə" deyib gəldi mənimlə şəkil çəkdirdi. Biz həmin hadisəyə çox gülmüşdük. Çünki Eldar heç vaxt kamera qarşısında olmayıb.

- Dediniz ki, sizi küçədə görüb tanıyanlar olur. Bu sizə nə qazandırıb, sizdən nə aparıb?

- İnsanların sevgisini qazanmışıq, amma məndən heç nə aparmayıb. Nə olacaq, nə olmayacaq, deyə bilmərəm, amma bu gündən danışırıqsa, hər şey yaxşıdır. İnsanlara yumor vacibdir. Hər şey də öz dozasında olanda yaxşı olur. 

- Sosial şəbəkələr vasitəsilə qazanc əldə etmədiyinizi deyirsiniz. Yəqin ki, əlavə işlərlə də məşğul olursunuz. O işlər bu sahə ilə bağlıdır?

- Başqa işlərlə də məşğul oluram. Çəkdiyimiz videolardan maddiyyat ummuram. Ancaq gözümü buna dikməmişəm. Allah-taala ruzini verəndir. Şükür ki, hər şey yaxşıdır. 

- Bu gün müğənnilərlə yanaşı, məşhur aparıcılar, hətta sosial şəbəkələrdə tanınmış şəxsləri də toylara tamada kimi dəvət edirlər. Sizə belə bir təklif olubmu?

- İndiyə kimi belə bir təklif gəlməyib, amma olsa, fikirləşməyə dəyər. Baxır məclisin aurasına.

- Sizin obrazlarınız arasında xanımlar da var. Amma heç vaxt qadın paltarı geyinmirsiniz. Qadın paltarı geyinənlərə münasibətiniz necədir?

- Mən əsla buna pis baxmıram, obraza uyğunlaşırlar. Sadəcə izləyicimiz əvvəldən bizi belə görüb deyə, qəbul edib. Şərhlərdə də yazırlar ki, buna ehtiyac yoxdur.

- Dediniz ki, aktyorluqla bağlı sizə təkliflər gəlib. Ümumiyyətlə, bu sahədə təhsil almağı və ya kurslara getmək fikriniz varmı?

- Hansısa bir layihə ilə bağlı belə bir zərurət yaranarsa, niyə də olmasın?! Düşünürəm ki, indiyə qədər belə gedibsə, özüm də məşq edə bilərəm, amma öyrənməyə də açığam. 

- Bəs təhsil aldığınız sahə ilə məşğul olmağı düşünürsünüzmü?

- Yox, ara-sıra məşğul oluram. Açığı, illərdir, musiqini atmışam, tənbəllik etmişəm. 2016-cı ildə məzun olandan sonra demək olar ki, çox az ifa etmişəm. Düşünürəm ki, tarda 1-2 ay məşğul olsam, barmaqlarım yerinə gələr. Hərdən könlümə düşəndə tarda ifa edirəm, amma professional deyiləm. Amma musiqi duyumum çox yaxşıdır. Pianinoda ifa edə bilirəm.

- Bəs başqa layihə varmı?

- Bu dəqiqə maraqlı bir film barədə düşünürəm. Yaxşı ideyalarım var. Obrazları sintez edib ortaya maraqlı nəsə çıxartmaq olar. Sadəcə dəstək olmadığı təqdirdə film çətin olacaq. Dəstək olana qədər özüm nəsə etməyə çalışacağam. Nəsə bir təklif olarsa, mənə uyğundursa, gedərəm. İstəyirəm ki, çəkiliş zamanı gedib naqil tutanına da, kameramana kömək edim və s. Çünki həvəs, istək var. O demək deyil ki, sən gedib bəy balası kimi oturmalısan və "çəkin" deməlisən. 
Çəkdiyimiz videolara hələ də sanki ilk dəfə imiş kimi yanaşıram. Yəni o cür həvəslə işləyirəm. 

- Avtobusda çəkilişləriniz olur. Bunun üçün xüsusi icazə alırsınız?

- Çəkiliş üçün icazə alırıq. Sadəcə elə bir yerdə çəkirik ki, nəqliyyatın işinə mane olmayaq. Sağ olsunlar, bizə dəstək olurlar. Hətta avtobus çəkilişləri ilə bağlı təkliflər də gəlir. Yeni yaranmış QR kodlarla bağlı və s. 

- Gələcəklə bağlı planlarınız nələrdir?

- "Aktyor olacağam" fikrində deyiləm, aktyor olmaq istəyirəm. Qoyun, bunu mən deməyim. İnsanlar necə görmək istəyirlərsə, biz də elə olmağa hazırıq. Başımıza nə gələcəyini bilmirik. Deyə bilmərəm ki, 5 il sonra aktyor olacağam. 

- Müsahibə üçün çox sağ olun.

- Mən də təşəkkür edirəm, fəaliyyətinizdə uğurlar arzulayıram. Düşünürəm ki, söhbətimiz səmimi alındı. Əgər bir nöqsanımız olubsa, oxucular, izləyicilər, üzrlü saysınlar.

Billurə Yunus

 

ƏN ÇOX OXUNANLAR

  • 10
"Qarabağ"da ciddi itki
0.019841909408569