Çin hakimiyyəti dənizdəki neft və qaz ehtiyatlarının və qaz hidratlarının hasilatı sahəsində Pakistana yardım göstərmək niyyətindədir.
"Ölkə.az" xəbər verir ki, bu barədə məlumat Pakistanın baş naziri Şahbaz Şərifin Çinə səfərinin yekunlarına dair birgə bəyanatda əksini tapıb.
Çin Xarici İşlər Nazirliyinin yaydığı sənəddə bildirilir ki, Çin Pakistanla dənizdə neft və qaz ehtiyatlarının və qaz hidratlarının istehsalı sahəsində əməkdaşlığı gücləndirməyə və Pakistanın dəniz neft və qaz yataqlarının işlənməsində milli müəssisələrin fəal iştirakını təşviq etməyə hazırdır.
Sənədə görə, Pekin və İslamabad enerji sahəsində əməkdaşlıqda əldə etdikləri irəliləyişdən məmnundurlar. Vurğulanır ki, Çin və Pakistan “bazar və kommersiya prinsipləri nəzərə alınmaqla” qarşılıqlı faydalı əsasda müvafiq proqramlar həyata keçirəcək.
Qeyd edək ki, Çinin çox ağır şərtlərlə Pakistana verdiyi borcu İslamabad artıq neçə illərdir qayata bilmir. Borcun faizləri müqabilində Çin Pakistanın çox mühüm əhəmiyyətli və gəlirli limanı olan Qvadaharı demək olar ki, özününküləşdirib.(Musavat.com)