• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Türkiyəyə qarşı məkrli plan: Ankara oyunu pozdu, təhlükə hələ sovuşmayıb



Dünyanın yenidən şəkillənməsində Türkiyənin qlobal aktora, qüdrətli hərbi gücə çevrilməsi, davamlı inkişafı bir çox güclərin yuxusunu ərşə çəkdiyindən Türkiyəyə qarşı ən müxtəlif məkrli planlara əl atırlar. Məqsəd də bəllidir. Çünki müasir beynəlxalq münasibətlər sistemində beynəlxalq hüquq kobud şəkildə pozulduğu bir zamanda  dünya ölkələrinin və xalqlarının gözü Türkiyəyə dikilib. Nəinki Yaxın Şərqdə, Şimali Afrikada və Avrasiyanın müxtəlif bölgələrində, hətta uzaq Amerika qitəsində, dünyanın digər bölgələrində Türkiyəyə nicatın ünvanı kimi baxılır.  

Digər mühüm məqam ondan ibarətdir ki,  dünyanın yenidən şəkillənməsində türk dünyası yeni bir güc mərkəzi kimi ortaya çıxır və bu proses artıq qarşısı alınmaz bir məsələyə çevrilib. Təbii ki, türk dünyasının güc mərkəzi kimi formalaşıb meydana çıxmasında isə Ankaranın rolu istisnasızdır.

Ankaranın artan bu rolu  təbii olaraq, müstəmləkəçilik, sümürgənlik siyasətini həyata keçirən ölkələri, o cümlədən bundan narahat olan ölkələri, gücləri narahat etməyə bilməz. Məhz ona görə də dünyanın imperialist, anti-Türkiyə və antitürk qüvvələri hətta Osmanlı dövründə reallaşdıra bilmədikləri ən çirkin və məkrli planları belə bu gün yenidən gündəmə gətirib həyata keçirmək istəyirlər. Bu planlar içərisində hətta Türkiyəni parçalamaq kimi planlar da mövcuddur.

Elə son günlərdə başda  ABŞ olmaqla bəzi Avropa ölkələri, İran, İsrail və digər qüvvələr bir araya gələrək Suriyanın şimal və şərqində  YPG/PYD-nin yerli özünüidarəetmə orqanlarına planlaşdırdığı seçkilər də Türkiyəyə qarşı məkrli planların tərkib hissəsidir.

"Seçki" oyununun Suriyanın şimal və şərqində kanton olaraq təyin olunan Cəzirə, Deyr əz-Zor, Rəqqa, Fərat, Münbic, Afrin-Şehba və Tabkada keçirilməsi planlaşdırılır. Bu "seçki" oyununda 30-a yaxın  siyasi partiya da iştirak edir. Lakin bir çox kürd partiyaları, xüsusən də İraq Kürdüstan Regional Rəhbərliyində olan və Məsud Bərzaninin rəhbərlik etdiyi Kürdüstan Demokrat Partiyasının (KDP) siyasi xətti ilə Suriyada fəaliyyət göstərən partiyalar seçkiləri boykot edir. Onlar bunu kürd xalqına qarşı təxribat hesab edirlər. 
Türkiyənin təhlükəsizliyinə ciddi təhdid yaradan bu "seçki" oyunu rəsmi Ankara tərəfindən  pozulsa da, təhlükə tam aradan qalxmayıb. Çünki həmin "seçki"lərin 2024-cü ilin  əvvəlində keçirilməsi planlaşdırılsa da, Ankarının yürütdüyü siyasət nəticəsində bu "seçki"lər təxirə salınıb.  Sonuncu olaraq "seçki" iyunun 11-nə təyin olsa da, Ankaranın yürütdüyü gərgin diplomatiya nəticəsində plan pozuldu.  Prezident Rəcəb Tayyib Ərdoğan  rəsmi şəkildə bəyan etdi ki, Ankara Türkiyənin milli təhlükəsizliyinə, suverenliyinə, ərazi bütövlüyünə təhdid yaradan hər hansı "terroristan dövləti"nin  yaradılmasına imkan verilməyəcək.
Ərdoğan onu da bəyan etdi ki, lazım gələrsə, güc yolundan istifadə etməklə bu planın reallaşmasına imkan verilməyəcək. Məhz Ankaranın bu qətiyyətli mövqeyindən sonra başda Ağ Ev olmaqla digər güclər bu planlarını təxirə salaraq geri çəkilməli oldular. Amma bununla belə planlarında tam imtina etmədiklərini də dolayı yolla dilə gətirdilər. 
ABŞ Dövlət Departamentinin sözçünün müavini Vedant Patel mayın 30-da verdiyi açıqlamada "seçki" üçün məqbul zaman olmadığını bəhanə edərək,  müəyyən şərtlər yerinə yetirildikdən sonra sağlam şəkildə keçirilə biləcəyini bildirib. Bu isə o deməkdir ki, təhlükə hələ tam aradan qalxmayıb və Türkiyənin əleyhinə olan bu güclər  məkrli planlarını reallaşdırmaq üçün məqam gözləyirlər.
Bu güclər "seçki" oyununun avqusta təxirə salınması barədə məlumatlar yaymaqdadırlar. 

Onu da qeyd etmək lazımdır ki, "seçki" oyunun arxasında həm də Ankaranın diqqətini Yaxın Şərqdəki proseslərdən, xüsusən də Qəzzadan yayındırmaq durur. 
Ankara da bunu yaxşı bilir və gözlənilən təhlükələri aradan qaldırmaq istiqamətində  adekvat siyasətini yürüdür. Lakin unutmaq lazım deyil ki, bu cür məkrli planlar təkcə Türkiyəni deyil, bütövlükdə İslam dünyası, Avrasiya, Şimali Afrika, hətta Avropa üçün yaxşı heç nə vəd etdmir. Bu yeni qlobal böhrana və münaqişəyə yol aça bilər.  Əgər təxribatı reallaşdırmaq istəyən güclər niyyətlərində israrlı olsalar, bu qaçılmaz bir proses olacaq. Bu da öz növbəsində bölgədə  yeni genişmiqyaslı hərbi münaqişə demək olacaq ki, bunun coğrafiyası çox geniş ərazini əhatə edə bilər.  Bu prosesə təkcə bölgə ölkələri deyil, digər bölgə ölkələrinin qoşulacağı qaçılmaz olacaq. Nəzərə alsaq ki, belə bir təxribat  İslam ölkələri coğrafiyasında  baş verir, o zaman bunun  bu gün heç olmasa sözdə  həmrəylik nümayiş etdirən İslam dünyasında ciddi fəsadlara, qarşıdurmalara yol açacaq. Ona görə də növbəti qlobal böhranın yaranmaması üçün ilk növbədə İslam dünyası, daha sonra Avropa və beynəlxalq aləm belə bir çirkin oyunun baş tutmasına imkan verməməlidirlər. Yoxsa hamı bunu acı nəticəsini yaşamalı olacaq. 

Mürtəza
Ölkə.Az

ƏN ÇOX OXUNANLAR

0.024609088897705