ABŞ artıq Rusiyanın əsas maliyyə axınlarını hədəf seçib. Buna görə də, ABŞ Maliyyə Nazirliyi Moskva Birja Qrupuna və onun klirinq agentinə qarşı sanksiyalar elan edib. Bununla rəsmi Vaşinqton Rusiyanın Ukraynaya müdaxiləsini dəstəkləyən maliyyə axınlarına nəzarət etmək istəyir. Bu isə Moskva Birjasında dollar və avro ticarətinin dayandırılmasına səbəb olub.
"Ölkə.Az" xəbər verirki, bunu iqtisadçı ekspert Eldəniz Əmirov deyib. O bildirib ki, Rusiyada ajiotajın yaranmaması üçün Mərkəzi Bank şirkətləri və fiziki şəxsləri Rusiya bankları vasitəsilə dollar və avro alqı-satqısını davam etdirə biləcəklərini açıqlayıb:
"Görünən odur ki, Rusiya Mərkəzi Bankı sanksiyaların müxtəlif təsirlərini modelləşdirərək bu cür ssenarilərə hazırlaşıb. Lakin ABŞ-nin əlində alətlər yetəri qədər olduğu üçün şübhəsiz ki, qarşıdakı aylarda daha yeni sanksiya mexanizmləri təqbiq ediləcək".
"Lakin bir məsələni unutmaq olmaz ki, ayrı-ayrı ölkələr öz daxilində gizli iqtisadiyyatın çəkisini azaltmağa çalışsalar da, qlobal dünya çapında bu baş vermir. Əksinə, getdikcə gizli razılaşmalar, gizli müştəri və təhcizatçılarla xüsusi maliyyə əməliyyatları, mürəkkəb dolaşdırıcı konfiqurasiyalar artır. Bu isə hazırki məqamda Rusiyaya sanksiyalardan yayınaraq ixrac-idxal əməliyyatları həyata keçirməyə, ordu təhcizatını dayandırmamağa və müharibəni davam etməyə kömək edir", - deyə ekspert əlavə edib.
Könül
Ölkə.Az